Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-16 12:11:59
“Vətəndaş telefon xəttində olarkən məlumat artıq lazımı yerə göndərilir” – Yeni “Qaynar xətt” xidməti

8 may 2019-cu il tarixində Təhsil Nazirliyində fövqəladə hallarla bağlı “Qaynar xətt” (146-2) istifadəyə verilib.

Yeni yaradılan xidmətinin əsas məqsədi baş vermə təhlükəsi olan və ya baş vermiş fövqəladə hallarla bağlı məlumatların vətəndaşlar tərəfindən birbaşa nazirliyə verilməsidir.

Bəs istifadəyə yeni verilən “Qaynar xətt”(146-2) xidməti necə fəaliyyət göstərir?

Telefon Məlumat Mərkəzinin rəhbəri Natəvan Əsgərova yeni xidmətlə bağlı suallarımızı cavablandırıb.

O, əvvəlcə ayın 8-dən etibarən “Qaynar xətt” (146-2) xidmətinə 10-dan çox müraciət daxil olduğunu vurğulayıb:

“Yeni xidmət daxil olan məlumatların daha operativ araşdırılması və qısa müddət ərzində reaksiya verilməsi üçün yaradılıb. Vətəndaş fövqəladə hallarla bağlı “Qaynar xətt”ə zəng edəndə müraciətlər dərhal bu məqsədlə təhkim olunmuş əməkdaşlara yönləndirilir və qeydə alınır. Baş vermiş fövqəladə hallarla bağlı məlumat nazirliyin aidiyyəti struktur bölmələri tərəfindən operativ şəkildə araşdırılaraq müvafiq qərar qəbul edilir”.

“... Hətta müraciət edən xəttə olduğu zaman məlumat artıq qeydə alınmış olur”

N.Əsgərova qeyd edib ki, vətəndaş “Qaynar xətt” (146-2) xidmətinə müraciət etdikdə, onunla ən gec günün sonunadək əks-əlaqə yaradılır və ətraflı məlumat verilir:

“Yəni günün sonuna qədər  araşdırmanın artıq ilkin nəticələri bəlli olur. Sözsüz ki, zəng edənin müraciəti ilə bağlı araşdırma, ola bilər ki,  2-3 gün və ya daha çox davam etsin, lakin ilkin olaraq əldə etdiyimiz məlumatı onlara çatdırırıq.

Ümumiyyətlə, nəzərdə tutulub ki, vətəndaşlar zəng edən zaman bu proses 2-3 dəqiqəni keçməsin. Məlumat hətta operatorla müraciət edən şəxs xəttə olduğu zaman artıq qeydə alınır. Operator danışa-danışa qeydiyyat formasını doldurur.

Bunu da qeyd edim ki, 146-2 “Qaynar xətt”in fəaliyyəti ilə bağlı məlumat lövhələrinin yeni tədris ilindən etibarən bütün təhsil müəssisələrində yerləşdirilməsi nəzərdə tutulur”.

“Qaynar xətt”in əməkdaşı Xədicə Bayramova qəbul etdiyi müraciətlər barədə məlumat verib. O bildirib ki, ayın 8-dən etibarən mərkəzə çox az sayda müraciət daxil olub.

“Ümumilikdə sual yaranır ki, fövqəladə hallar dedikdə konkret olaraq nə nəzərdə tutulur? Bunlara təhsil müəssisəsi və ya onun ərazisində baş vermə təhlükəsi olan və ya artıq baş vermiş yanğın, zəhərlənmə, şagirdlərin, tələbələrin və ya təhsil işçilərinin xəsarət almasına səbəb olan bədbəxt hadisələr, təhsilalanlara və ya müəssisə işçilərinə qarşı fiziki və ya psixi zorakılıq halları, təhsil müəssisəsinin normal fəaliyyətinin ciddi pozulmasına səbəb ola bilən digər hallar aiddir.

Məlumat üçün qeyd edim ki, “Qaynar xətt” (146-2) həftəiçi 5 gün, saat 09:00-dan 18:00-a qədər vətəndaşların xidmətindədir. Xidmət səviyyəsinin və keyfiyyətin yüksəldilməsi üçün müasir avadanlıqlar vasitəsilə video-audio nəzarət aparılır və hər bir əməkdaşın fəaliyyəti xüsusi meyarlar əsasında qiymətləndirilir”.

Qeyd edək ki, Təhsil Nazirliyinin yeni “Qaynar Xətt” xidməti “Xüsusi hallar barədə məlumatların verilməsi haqqında Azərbaycan Respublikası Təhsil nazirinin əmri”nə əsasən yaradılıb.