Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-16 09:58:46
Bütün təhsil müəssisələri mərkəzləşdirilmiş vahid sistemdə - “Bu, alqışalayiqdir, çünki...”  

Azərbaycanda təhsil müəssisələrinə nəzarətin güclənməsi üçün onlarla bağlı yeni bir tələbin qoyulması təklif edilir.

“Təhsil haqqında” qanuna ediləcək dəyişikliklərə əsasən, dövlət tərəfindən “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” yaradılacaq.

Bəs, yeni yaradılacaq sistemin faydaları nədən ibarət olacaq? Bu qanun məktəblərə nəzarəti nə dərəcədə gücləndirəcək?

AzEdu.az məsələnin şərhi üçün təhsil eksperti Anar Məmmədovla əlaqə saxlayıb. O bildirib ki, qanuna dəyişikliklərə əsasən yaradılacaq sistemdən möhtəşəm nəticələr gözləyir:

“Yəqin ki, informasiya sistemi müəyyən bir onlayn resurs üzərindən fəaliyyət göstərər. Bu işin ilkin mərhələsi çətin olacaq. Çünki belə bir informativ portalı bir araya toplamaq asan məsələ deyil. Amma vahid informasiya portalından çıxış etmək olduqca möhtəşəm addımdır. 

Vergilər Nazirliyi bütün vergi ödəyiciləriniidentifikasiya kodları ilə birgə eyni portalda toplayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də eyni addımı atıb. Təhsil Nazirliyi də beləedərsə, bunun nəyi pisdir? Hər şeyi bir sistemdə görə biləcəyiksə, bu, alqışalayiqdir. Düşünürəm ki, bu, kifayət qədər çətin layihə olsa da, xeyli səmərəli nəticələrini görəcəyik.

Artıq dünya elektronlaşıb. Hətta təhsil də onlayn aparılır. İnsanlar onlayn ali təhsil alırlar. Valideynlərin də onlayn portalda olması vacib amildir. Nəzərə alaq, ki internet əsridir. Təhsil Nazirliyinin bu addımını müasir və lazımlı iş kimiqiymətləndirirəm. Ciddi resurs və kadr tələb edən layihədir, amma möhtəşəmdir”.

Belə bir sistemin yaradılmasının nəzarət mexanizminə nə dərəcədə təsir göstərəcəyini isə ekspert belə izah edib:

“Ola bilər, sistem vasitəsilə müəyyən bir nəzarət mexanizmi yerinə yetirilsin. Amma burada yalnız nəzarəti görmək də düzgün deyil. Bəs, məlumatlandırma, müxtəlif səviyyələrdə qeydiyyat? Bu, bir qədər Dövlət İmtahan Mərkəzinin elektron qeydiyyatlarını xatırladır. Hər kəs öz məlumatlarını evində oturaraq əldə edir. Çox yaxşı təklifdir”.

Qeyd edək ki, qanuna edilən dəyişikliklərə əsasən, Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələri "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"nəqoşulmalıdırlar.

Bu, təhsil müəssisələrinin fəaliyyətinə nəzarətin güclənməsinə, təhsil alanlar və müəllimlər barədə daha dəqiq informasiya bazasının formalaşmasına xidmət edəcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları