Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-15 17:12:33
“Problemimiz təkcə maaş azlığı deyil” – Məktəb psixoloqundan etiraz  

Orta ümumtəhsil müəssisələrində çalışan psixoloqların maaşı vaxtaşırı müzakirə mövzusu olur.  Psixoloqlar mediaya  dəfələrləəməkhaqqılarınınazlığındanşikayətləniblər.

Təhsil nazirinin müavini Firudin Qurbanov da “Beynəlxalq Ailə günü”nə həsr edilmiş konfransda psixoloqların maaşının azlığını vurğulayıb. O, psixoloqların maaşlarının artırılması üçün plan hazırlandığını qeyd edib.

Ümumiyyətlə, bu maaş artımına nə dərəcədə lüzum var?  O psixoloqların işində nəyi dəyişəcək?

Mövzu ilə bağlı AzEdu.az-a danışan Neftçala rayon, Şirvanlı kənd tam orta məktəbinin psixoloqu Elmir Tağıyev bir müddət əvvəl məktəbin psixoloqlardan başqa bütün pedaqoji kollektivin maaş artımını xatırladıb. Bildirib ki, bu artım yalnız psixoloq və uşaq birliklərinə aid edilmədi:

“Nədənsə, bu 2 sektorun maaşı nəzərə alınmadı.  Halbuki maaş artımı onların işlərinə də müsbət təsir göstərəcəkdi. Hazırda psixoloqun maaşı 200 manat civarındadır. Bu maaşla o, ailəsini saxlasın, başqa ehtiyaclarını ödəsin, yoxsa, işinə yönəlsin? Şəxsi problemlər psixoloqun işinə motivasiya olmasına imkan vermir. Əməkhaqqı artımı kiçik problemləri həll edəcək. Bu isə təbii ki, psixoloji işə də təsir göstərəcək. Maaş azlığı işini vicdanla görənlərdən tutmuş, peşəsinə ötəri yanaşanlara  qədər hər psixoloqun işinə mənfi təsir edir”.

O, vicdanla işləyən, işini sevən psixoloqun işinin çətinliyini xüsusilə vurğulayıb. Bildirib ki, bu yaxınlarda şagirdin intiharı da məktəbdə psixoloq işinin vacibliyini sübut etdi:

“Psixoloqların maaşı ən azından indiki əməkhaqqının yarısı qədər artmalıdır ki, müsbət nəticə görə bilək.

Psixoloq hər şeydən əvvəl insandır, onun da motivasiyaya ehtiyacı var.  Motivasiya insanı məqsədə təhrik edən addımdır. Maaşı artan psixoloqun məqsədə çatma ehtimalı daha yüksəkdir. İnsan bir işə can yandırsa, nəticənin keyfiyyətli olma ehtimalı daha çox olar. Elə etməliyik ki, pedaqoji kollektivi başqa problemlər məşğul etməsin”.

Onun sözlərinə görə, hazırda psixoloqların problemi yalnız maaş azlığı deyil:

“Psixoloqların maaşdan başqa da xeyli problemləri var: məsələn, fərdi kabinetlərin yoxluğu. Düzdür, bizim məktəbdə fərdi kabinet var. Amma kabinetsizlikdən əziyyət çəkən psixoloqlar da az deyil. Kabinetin olması vacibdir. Çünki psixoloq  şagirdlərlə fərdi söhbət aparmalı olur. Fərdi kabinet olmadan bunun öhdəsindən gəlmək çox çətindir”.

Qeyd edək ki, nazir müavini Firudin Qurbanov çıxışında psixoloqların biganəliyi məsələsinə də toxunub. Bildirib ki, hər psixoloq və müəllim şagirdlərə məsuliyyətlə yanaşmalıdır”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları