Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-15 09:47:00
Dərsliklərə dini mövzular salarkən çox ehtiyatlı olmalıyıq - Ekspert rəyləri

Son zamanlar orta məktəblərdə dini fənnin tədris olunacağı fikri sosial şəbəkələr və mediada müzakirəyə çevrildi. Təhsil Nazirliyinin rəsmi mövqeyindən sonra məlum oldu ki, dini mövzuların ayrıca fənn kimi tədrisi nəzərdə tutulmayıb. Sadəcə 2019-2020-ci tədris ilindən IV-VIII sinif şagirdlərinin dini biliklərin daha geniş şəkildə yer aldığı təkmilləşdirilmiş «Həyat bilgisi» dərsliklərindən istifadə etməsi nəzərdə tutulur. Hazırda həmin dərsliklər Təhsil Nazirliyi tərəfindən ictimai müzakirəyə çıxarılıb.

Təhsil naziri Ceyhun Bayramov isə mediaya şagirdlərin yaş kateqoriyalarına uyğun olaraq müxtəlif fənlərdə bu sahədə məlumatların verilməsinin dini tədris olmadığını, sadəcə müxtəlif dinlərə bağlı məlumatlar verildiyini bildirib.

Bəs, dərsliklərdə dini mövzuların əhatə dairəsi genişləndirilərkən, nələrə diqqət edilməlidir?Ümumiyyətlə, mütəxəssislər dini məlumatların proqroqmını necə təsəvvür edirlər?

“Peyğəmbərlik, inam, mənəviyyat, vəhy haqqında məlumatlar verilməlidir”

Mövzu ilə bağlı AzEdu.az-a danışan filosof Müşfiq Şükürov düşünür ki, indiki zamanda Sovetin vaxtındakı kimi dinləri görməzdən gəlmək, onları keçmişin qalığı hesab etmək və cəmiyyətin, fərdlərin həyatlarına etdiyi həlledici təsiri nəzərə almamaq ağılsızlıq olardı:

“Təbii ki, uşaqlara da din barədə məlumat vermək lazımdır. Qısa məlumatlar verərkən çox ehtiyatlı olmalıyıq. Bu məlumat ən mahiyyətli tərəfləri əks etdirən ştrixlərlə yazılmalıdır”.

O, dərsliklərə dini mövzular salınarkən bu məqamları diqqətdə saxlamağı təklif edir:

“Fikrimcə, din, “inanc nədir?” və “dünyada hansı məşhur dinlər var?” və s. mövzulara yer verilməlidir. Şagirdlər sxematik də olsa dünya dinləri, onların simvolları və məbədlərinin memarlığı ilə tanış olmalıdırlar. Sonra isə peyğəmbərlik, inam, mənəviyyat, vəhy haqqında məlumatlar verilməlidir.

Bundan əlavə, dünya dinlərinin mənəvi potensialını məktəblilərə çatdırmaq üçün onları hər dindən bir kiçik pritça-hekayətlə tanış etmək olar. Təbii ki, bu zaman İslam barədə bir qədər daha geniş danışılmalıdır. Qurandan şagirdlərin anlaya biləcəkləri ayələr barədə də məlumat vermək olar..

Yəni, verilən bilgilər məktəbliləri tolerant ruhda tərbiyə etməli, eyni zamanda onlarda  xalqın dini-mənəvi dəyərlərinə sayğı hissi oyatmalıdır”.

“Namazın necə qılınması, orucun necə tutulmasına toxunulmamalıdır”

Dini mövzularda yazan jurnalist Kənan Rövşənoğlu da dərsliklərdə belə mövzuların tərəfdarı olduğunu bildirib. Onun fikrincə, ümumiyyətlə, proqram dini məlumatlandırma şəklində qurulmalıdır:

“Şagirdlərə yer üzündə hansı dinlərin olması, onların müqəddəs saydığı dəyər və kitablar, inanc əsasları kimi ümumi məlumatlar verilməlidir. Yuxarı siniflərdə dinlərin insan həyatına təsiri, onların necə və harada yaranması, müqəddəsliyi kimi ümumi məlumatlar da öyrədilə bilər.

Aşağı siniflərdə tədricən dinlər, insan həyatı barədə ümumi məlumatlar verilməlidir. Burada namazın necə qılınması, orucun necə tutulması məsələsinə toxunulmamalıdır. Onsuz da din yolunu seçən insan bunu özü öyrənə bilər. Amma məktəbliyə vaxtında dinin tarixi, onun sosial-ictimai, məişət, mədəniyyət və tarixi təsirləri barədə ümumi məlumatverilsə, o, heç vaxt mənfi təsirlərə məruz qalmaz. Buna görə də məktəblərdə dini mövzulara tozunulması lazımdır.

İnsan 12-15 yaşlarından tədricən dinlə maraqlanmağa başlayırlar. Elə etməliyik ki, yeniyetmə dinlə rastlaşanda hazırlıqsız olmasın. Dində də bu, həddi-büluğ yaşı adlanır. İnsan dini bu yaşda seçə bilər. O, hazırlıqsız olsa, bu dönəmdə zərərli təriqətlərin təsirinə düşə bilər. Dini anlayışı şagirdi sağlam düşüncəyə səsləməlidir. Məlumatlandırma yolu ilə şagirddə dinlə rastlaşacağı vaxt üçün zərərli təriqətlərə qarşı immunitet yaratmalıyıq”.

“Proqram tolerant tərtib edilməlidir”

O düşünür ki, şagirdə yalnız İslam deyil, bütün dinlər barədə məlumat verilməlidir:

“Coğrafi tariximizlə əlaqədar olan dinlər barədə məlumatlandırmada da fayda var. Düşünürəm ki, bu, insan yetişdirmənin əsas hissəsidir.

Ümumi məlumatlar şagirdlərin həyat tərzinə təsir etməməli, onları yönləndirməməlidir. Çoxmillətli ölkəyik, İslama çox yer verib onun daha üstün olmasını təbliğ edə bilmərik. Xristian vətəndaşlar bundan narazı qala bilərlər. Bu, çoxmədəiyyətliyə ziddir. Qısası, proqram tolerant tərtib edilməlidir”.

Qeyd edək ki, hazırda istifadə olunan «Həyat bilgisi» dərsliyində dini biliklərlə bağlı məlumatlar olsa da, təkmilləşdirilmiş variantda bu məlumatlar daha da genişləndirilib. Təkmilləşdirilmiş yeni dərsliklərin sentyabrdan şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları