Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-20 11:52:39
“Buradakı bəzi restoran və evlərdə Azərbaycan bayrağı asılıb” - Xaricdə oxuyan  azərbaycanlı

AzEDU.az-ın “Univermayak” rubrikasının növbəti müsahibi Türkiyənin Ege Universitetində təhsil alan Aydın Bəkirlidir.

O, 1996 – cı ildə Şəkidə anadan olub. Bakı Slavyan Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin Regionşünaslıq (Türkiyə üzrə) ixtisasında bakalavr təhsili alıb. Türkiyəyə gedişi isə ani bir qərarla, magistratura pilləsi üzrə  təhsili almaq istəməsi ilə bağlıdır:

- Aydın bəy, Türkiyədə hansı sahə üzrə təhsil alırsınız? 

- Hazırda Türkiyənin İzmir şəhərində yerləşən Ege Universitetinin magistratura pilləsinin I kurs tələbəsiyəm. Beynəlxalq münasibətlər üzrə təhsil alıram. Ödənişli əsaslarla oxuyuram, illik 750 tl (311.4 manat) ödəyirəm. Təqaüd üçün bursa baş vurmuşam, cavab gözləyirəm.

- Harada yaşayırsız: kirayə evdə, yoxsa, yataqxanada?

- Kirayə evdə qalıram. Qiyməti 650 tl (269.88 azn)-dir. Kommunal xərclər yüksək olur.

- Xaricdə təhsil almaq üçün hansı prosedurlardan keçdiniz? 

- Əvvəlcə, Türkiyədə təhsil almaq üçün hər bir namizədin verməli olduğu TÖMER, daha sonra ALES imtahanı verdim. Amma təkcə  ALES imtahanı da kifayət edirdi. Universitetdən lazım olan sənədlər,  niyyət məktubu, transkript, bakalavr diplomunun türkcə tərcüməsi, CV, 2 ədəd 3x4 fotoşəkil hazırladım. Sonra Türkiyədəki universitetlərin bir neçəsinə sənəd göndərdim. Sonda Zonquldağ , Sakarya, Muğla və Ege Universitetlərindən qəbul cavabı gəldi və mən Ege-ni seçdim.

- ALES-ə nə qədər müddətə hazırlaşmısınız?

-  İki ay yarım özüm hazırlaşdım. Heç bir kursa getmədim. Nəticə də yaxşı oldu. Qəbul olundum.

- Bu universiteti seçməyinizə səbəb nə oldu, hansı özəllikləri diqqətinizi çəkdi?

- Ege Universitetinin xarici ölkələrlə əlaqəsi çoxdur. Həmçinin, diplomu  Avropa və digər ölkələrinin əksəriyyətində tanınır.

 - Tələbə və müəllimlərinizin Azərbaycan haqqında düşüncələri necədir?

- İstər İzmir şəhərində, istərsə də Ege Universitetində Azərbaycana qardaş ölkə kimi yanaşırlar və hər zaman da yanımızda olduqlarını bildirirlər. Hamısı Azərbaycanı çox sevdiklərini və ilk çağırışda köməyə gələcəklərini deyirlər. Hətta bəzi restoranlarda, evlərdə Türkiyə bayrağı ilə yanaşı Azərbaycan bayrağı da asılır. Bu çox qürurverici bir hissdir. İzmirdə hər kəs çox mehriban, səmimi, yardımsevərdilər.

- Türkiyədəki təhsil sistemini necə qiymətləndirirsiniz?

- Doğrusunu söyləsək, burada oxumaq daha çətindir. Amma dərslərin daha çox praktik, yəni, hər hansısa bir mövzu üzrə ətraflı və araşdırma aparılaraq getməsi məncə, ən müsbət tərəfidir. Fikrimcə, bu sistemi ölkəmizdə də tətbiq etsək, təhsil sistemimiz daha da inkişaf edər. Bu üsul bizim savadlı və təcrübəli kadr kimi formalaşmağımıza çox böyük təsir edir.

- Bir tələbənin aylıq xərcləri orta hesabla nə qədər olur? Tələbələr üçün güzəştlər varmı? Dərsdən sonrakı fəaliyyətləriniz nədir?

- Ege Universitetinin illik təhsil haqqı, kirayə pulu və gündəlik həyatda olan xərclər və s. Bəli, universitetdə tələbə endirim kartları var.  Gündəlik 3 Tl (1.24 azn)-ə  3 fərqli yemək  verilir.  Universitetin xəstəxanasında tələbələr pulsuz müayinə  oluna bilir. Gediş haqları da tələbələrə endirimlidir, avtobus və metro, hətta gəmi bura daxildir. Dərsdən sonra İzmirin ən məşhur yerlərindən biri olan Alsancağa gedib gitar ifa edirik, müxtəlif oyunlar oynayırıq.

Sonda xaricdə təhsil almaq istəyən tələbələrə demək istəyirəm ki, əgər bir məqsədiniz varsa, ona çatmaq üçün əlinizdən gələni edin.

Leyla Qulami