XƏBƏRLƏR

14.05.2019 17:29
Almaniyadakı tələbəmiz: “Həkimlərimizin maaşını deyəndə soruşdular ki, bu, gündəlik puldur?”

Nadir Nadirov: “Almanlar bizi futbolda onlara vurduğumuz qola görə tanıyırlar”

AzEdu.az “Univermayak” layihəsini davam etdirir.

Layihə çərçivəsində növbəti qonağımız Almaniyanın  Auqsburq  Universitetinin bakalavr dərəcəsində təhsil alan həmyerlimiz Nadir Nadirovdur.

Öz dilindən DOSYE: Mən, Nadir Nadirov 1999-cu ildə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində anadan olmuşam. Daha sonra Bakıya köçüb, ibtidai  sinfi 207 saylı orta məktəbdə oxumuşam.İbtidai sinfi bitirdikdən sonra Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində təhsil almışam.

Daha sonra DİM qəbul imtahanından  627 bal toplayaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə daxil olmuşam. Hazırda isə Almaniyanın Auqsburq Universitetində təhsil alıram.

-Nadir, necə oldu ki, Almaniyada təhsil almağa qərar verdin? Bu, şans məsələsidir, yoxsa,əvvəlcədən planlamışdın?

-Bu qərarda ailəmin də böyük rolu olub. Onu da bildirim ki, əvvəl Türkiyədə təhsil almaq istəyirdim.  Türkiyənin Bilkent Universitetinə təqaüdlə qəbul olmuşdum. Amma daha sonra ailəmlə düşündük ki, mühəndis  olmaq üçün Almaniyada təhsil almaq daha yaxşıdır. Əslində, Almaniyada təhsil almağım şans məsələsi oldu.  Çünki XI sinifdə oxuduğum dönəmlərdə hər kəs planladığı universitetə daxil olmağı düşünürdü. Amma mən  isə sıfırdan alman dilini öyrənməyə başlayırdım.

-Bəzi Avropa ölkələrinə nisbətən, Almaniya universitetlərinə qəbulun daha çətin olduğunu deyirlər. Bu, doğrudan da belədir?

-Bəli… Ümumiyyətlə, Almaniya universitetlərində qəbul prosesi ildən-ilə daha da çətinləşir. Amma onu da bildirim ki, qəbul prosesi  Almaniya universitetlərində təhsil almaqdan daha asandır.

-Almaniyada təhsil almaq üçün əsas şərtlər hansılardır? Hansı prosedurlardan keçmək lazımdır?

-Almaniyada təhsil almaq üçün ən əsas şərt dil bilikləridir. Almaniya universitetlərində həm almanca,  həm də az da olsa ingilis dilində təhsil almaq mümkündür. Burada uğurlu təhsil almağın şərti isə tələbələrin məsuliyyətli olmağıdır. Azərbaycandan fərqli olaraq Almaniya universitetlərində “qaib”, “gündəlik qiymət” və s. kimi nüanslar olmur. Məhz ona görə də hər şey tələbənin  məsuliyyətindən asılıdır.

Müəllimim Fərhad Babayevin dərsləri sayəsində TestDaf sertifikatı əldə edərək Auqsburq Universitetində qəbul olmuşam.

-Almaniyada tələbənin biraylıq yaşam xərcləri nə qədərdir?

-Almaniyada tələbənin yaşam xərcləri qaldıqları evin qiymətinə görə  dəyişir. Burada normal yaşayış üçün aylıq təxminən, 720 avro  tələb olunur. Hazırda Almaniyanın Bavariya vilayətində yaşayıram. Onu da bildirim ki,  Bavariya Almaniyanın ən böyük və bahalı ərazilərindən biridir. Buna baxmayaraq,aylıq yaşayış xərcim 500 avro civarında olur.

-Nadir, almanlara xas olan ciddi nizam-intizam faktoru dünyada  çox məlumdur. Maraqlıdır, “alman dəqiqliyi” təhsildə nə dərəcədə özünü göstərir?

-Almanlara xas olan ciddi nizam-intizamı burada hər yerdə keçərlidir. Hətta Almaniya universitetlərində dərsə başlamaq  üçün zəng  çalınmır. Çünki hər kəs dərsin nə zaman başlayacağını  dəqiqliklə bilir. Ümumiyyətlə, Almaniyada nizam-intizama çox dəyər verilir. Həmçinin, burada nizam-intizamlı insanlara çox hörmət edirlər.

-Mexanika mühəndisliyi ixtisası üzrə təhsil alırsan. Səncə, təhsil aldığın ixtisas Almaniyada nə dərəcədə perspektivlidir?

-Dünyada ən çox tələb olunan ixtisaslardan biri də mexanika mühəndisliyidir. Onu da bildirim ki, mexanika mühəndisliyi Almaniyada  ən çətin ixtisaslardan biridir. Ölkədə bu ixtisas üzrə iş imkanları çoxdur. Həmçinin,  burada mexanika sahəsində işləyənlər yüksək maaş da alırlar.  

Dünyanın bir universitetlərində mexanika mühəndisliyi ixtisası yüksək səviyyədə tədris olunur. Sadəcə digər ölkələrlə müqayisədə Almaniyanın yaşayış səviyyəsi daha ucuzdur. Həmçinin, Almaniyada Mexanika ixtisası üzrə iş imkanları da  digər ölkələrlə müqayisədə çox yüksək  səviyyədədir. 

“Almanlar Azərbaycanı  futbol oyunundan tanıyırlar”

-Almanların  haqqımızda düşüncələri necədir? Ümumiyyətlə, onlar Azərbaycanı tanıyırlarmı?

-Açıq etiraf  edim ki, almanlar Azərbaycanı çox yaxşı tanımırlar. Həmçinin, almanlar azərbaycanlıların nə dildə danışdığını da bilmirlər. Amma idmanla maraqlanan insanlar Bakını tanıyır. Onu da bildirim ki, nə qədər qəribə olsa da almanlar Azərbaycanı futbol oyunundan tanıyırlar (gülür)2018-ci ilə qədər futbol üzrə  Almaniya millisi  uzun müddət idi ki,  heç bir komandadan qol buraxmırdı. Səhv etmirəmsə, uzun fasilədən sonra onlara  ilk qolu Azərbaycan yığması vurdu. Buna görə də almanlar Bakını tanıyası oldular (gülür)

-Gənclərimiz ilk dəfə qərib ölkəyə getdikləri zaman bəzən “mədəniyyət şok”unu yaşadığını  bildirirlər. Bəs Almaniyaya ilk dəfə gedəndə hansı “mədəniyyət şok”unu yaşadın?

-Almaniyaya gəldiyim ilk zamanlarda almanca səlis danışa bilmədiyimə görə, çətinliklər yaşamışdım. Məhz ona görə də elə bilirdim ki, sanki dünyada təkəm, hər kəs isə dostdur. Bavariya vilayətində əsasən “Schwab” dialekti mövcuddur. Məhz ona görə də dil baxımından çox çətinlik yaşamışdım. Amma başqa “mədəniyyət şoku” yaşadığımı xatırlamıram.

-Son illərdə xaricdə təhsil alan gənclərimizin sayında artım hiss olunur. Səncə, onları xaricdə təhsil almağa  həvəsləndirən  amillər nələrdir?

-Azərbaycan universitetlərində verilən biliklər əsasən sovet texnologiyalarına əsaslanır. Məhz buna görə də köhnə kitablardan maariflənən tələbələr iş tapmaqda çətinlik çəkirlər. Azərbaycan neft ölkəsi olduğu üçün istər-istəməz oxuduğum ixtisasa tələbat azdır. Həmçinin, oxuduğum ixtisas üzrə təhsil kifayət qədər də yaxşı səviyyədə deyil.  Elə buna görə də Azərbaycanda bu sahə üzrə çalışan mütəxəssislər əsasən əcnəbi vətəndaşlardır.Əcnəbi mütəxəssisin ölkəmizdə çalışması da xoşagəlməz haldır.

 -Gənclər Almaniyada daha çox tibb sahəsi üzrə təhsil almaq istəyirlər. Azərbaycanda tibb sahəsi üzrə təhsil alan bəzi gənclər də Almaniyada oxumağı hədəf qoyurlar. Səncə, bu nə ilə əlaqəlidir?

-Azərbaycanda həm tibb təhsili kifayət qədər güclü deyil, həm də həkimlərə verilən maaş çox aşağıdır. Azərbaycanda həkimlərin aldıqları maaşı almanlara deyəndə soruşurlar ki, bu, gündəlik maaşdır?(gülür)

-Almaniyada insanların, xüsusən də tələbələrin sosial durumu necədir? Orada insanların orta aylıq maaşı və ya tələbə təqaüdləri nə qədərdir?

-Almaniyanın əsasən Bavariya vilayətində kasıb alman yoxdur. Burada insanlar bazar günləri işləmirlər. Həmçinin, buradakı iş saatları da çox qısadır. Almaniyada bazar günlərindəaptek və marketlər bağlı olur.  Orta aylıq maaş haqqında dəqiq məbləğ deyə bilmərəm. Amma oxuduğum ixtisas üzrə aylıq maaş 6000 avrodan başlayır.Almaniyada çox müəssisələrin iş saatı 08:00.-12:30 arasındadır.  Burada fəaliyyət göstərən banklar isə 15:00-da bağlanır.

Ümumiyyətlə, Almaniyada küçədə əsəbi insanlar yoxdur, hər kəs gülümsəyir.

-İndi isə Almaniyada təhsil almağın çətinliklərindən danışaq... Ümumiyyətlə, almanlar əcnəbilərə qarşı necədirlər? Çox zaman almanlar millətsevərliyi ilə  seçilirlər…

-Almanlarla ünsiyyət qurduqda hansı ölkədən gəlməyimi soruşmurlar. Çox zaman almanlar əcnəbilərə yaxınlaşıb, xoş münasibət göstərirlər. Ölkədə əcnəbilərdən daha çox almanlarla  vaxtımı keçirirəm. Onu da bildirim ki, buraya  gəlmədən öncə  almanların  yalnız öz dillərində danışdıqlarını bildirirdilər. Amma Almaniyaya gəldikdən sonra  tam əksini müşahidə etdim. Almanlar əcnəbilərlə əsasən ingilis dilində danışırlar.

Alman mətbəxi “kartof”dur”

-Bəs alman mətbəxinə necə öyrəşə bilmisən?

-Alman mətbəxi mənə görə ancaq “kartof”dur.(gülür)  Hazırda tək yaşadığım üçün  əsasən milli mətbəximizdən yeməklər bişirirəm. Onu da bildirim ki, Azərbaycan və Almaniya mətbəxi çox da fərqlənmir. Almaniyada içkiləri çox dadlıdır. Hətta Almaniya universitetlərinin bufetində belə pivə mövcuddur. Almanlar pivəni istənilən halda içirlər. 

-Almanlara bağlılığın çox hiss olunur. Maraqlıdır nə vaxtsa alman qadınla evliliyi düşünmüsən? Ümumiyyətlə, müxtəlif millətlərin evliliyinə necə baxırsan?

-Əslində alman qadınla evlilik haqqında düşünmüşəm. Düşünürəm ki, alman qadınla evlilik  vətəndaşlıq almaq baxımından da yaxşı olar.(gülür) Ümumiyyətlə,  hər kəs xoşbəxt ola biləcəyi şəxslə evlənməlidir. İnsanlar "başqaları nə deyər?" kimi düşüncələrə görə özlərini məhv etməməlidirlər.

-Almaniyada təhsil almağın  üçün nə vaxtsa peşmanlıq hissi yaşamısan?

-Almaniyaya ilk gəldiyim vaxtlarda alman dilini yaxşı öyrənməməyimə görə peşmanlıq hissi yaşayırdım.

 -Nadir, hər il dünya üzrə universitetlərin reytinqi açıqlanır. Səncə nə üçün Azərbaycan universitetləri həmin siyahıya düşə bilmirlər?

-Təhsil aldığım  Auqsburq Universitetində mənə dərs deyən 6 müəllimdən 5-i professor, biri isə dosentdir. Amma Azərbaycanda təhsil aldığım müddətdə dərs deyən müəllimlərdən yalnız biri professor idi.  Düşünürəm ki, əsas səbəb bu kimi proseslər ola bilər. Həmçinin, ali məktəbdə təhsil alan əcnəbi tələbələrin faizi, məzun olduqdan sonra işlə təmin olunma faktoru da təsir göstərir.

 -Yəni Azərbaycan universitetlərində kifayət qədər professor,dosent heyəti çalışmır?

-Bəli… Azərbaycan universitetlərində kifayət qədər professor, dosent heyəti çatışmır.

-Son olaraq əlavə etmək istədiklərin...

-Heç kim xarici ölkədə təhsil almaq üçün asan yol axtarmasın. Çünki, çətin yolda rəqib az, xoşbəxtliyə çatmaq isə asan olur. 

Günel Yaşarqızı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu