Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-14 13:38:37
Prorektordan orta məktəblərlə bağlı orijinal təkliflər: “Təhsil üçmərhələli olsun”  

Son vaxtlar orta təhsil müəssisələri sosial şəbəkələrin müzakirə mövzusudur. Bunu vətəndaş jurnalistikasının inkişafı ilə əlaqələndirənlər də var, ümumtəhsil müəssisələrindəki problemlərin artması ilə də... Amma müzakirənin əsas aspektini nəticəyə yönəldənlər də az deyil.

Bakı Mühəndislik Universitetinin prorektoru Elçin Süleymanov da belələrindəndir. AzEdu.az xəbər verir ki, o, feysbuk hesabında uğurlu nəticəyə yönələn üsullarla bağlı yazdığı statusla diqqət çəkib.

“Orta təhsil müəssisələri üçmərhələli olsun”

Prorektor paylaşımında tövsiyə edib ki, Təhsil Nazirliyi ilə yanaşı təhsil ictimaiyyəti və ekspertlər də müxtəlif təklif və təcrübələri müzakirəyə çıxarmalı, müsbət olanlarının həyata keçirilməsinə kömək etməlidirlər. Yeni nəslin xüsusiyyətləri və texnoloji inkişafa isə tədris prosesi formalaşdırılarkən mütləq diqqət yetirilməlidir. Paylaşımında orta məktəb sisteminin yeni strukturunu təklif edən prorektor bu istiqamətdə inkişaf etmiş ölkələrdə müşahidə etdiyi nüansları sadalayıb:

“Təklif edirəm ki, orta təhsil müəssisələri üçmərhələli olsun, hər mərhələ isə ayrı-ayrı məktəblərdə təşkil edilsin. Bir çox inkişaf etmiş ölkədə orta təhsil 12 illikdir. Onlar 3 mərhələyə və 3 fərqli məktəbdə keçirilən formaya ayrılır:

-İbtidai məktəb - elementaryschool (I-VI siniflər)

-Əsas məktəb -secondaryschool (VII-IX siniflər)

-Orta məktəb -Highschool (X-XII siniflər)

Fikrimcə, şagirdin orta təhsilini ən azı 3 fərqli məktəbdə almasının müsbət tərəfləri çoxdur. Əvvəla, ayrıca ibtidai məktəb (elementaryschool) fəaliyyət göstərsə, X –XI siniflərlə I-II sinif şagirdləri üz-üzə gəlməz. XI sinif şagirdi pilləkəndə I sinifdə oxuyan birini tapdalamaz. Şiddət və digər neqativ hallar minimuma enər.

Bundan əlavə, məktəb pedaqoqları və təhsil şəraiti I-V siniflərə görə formalaşar. Üstəlik, Bakıda təklif etdiyim kimi müxtəlif siniflər üçün nəzərdə tutulan üç yanaşı məktəbin fəaliyyəti büdcəyə əlavə yük gətirməz. Bu məktəblərin biri I-VI, digəri VII-IX, başqa biri isə X-XII siniflər üçün nəzərdə tutulmalıdır. Bu cür formalaşma tədris keyfiyyətini artırmaqla yanaşı, nəzarəti də asanlaşdırar”.

“I sinifdə neqativ imic formalaşdıran məktəbli bu imiclə 11 il eyni sinifdə  oxumalı olur”

Prorektor şagirdin növbəti məktəbə keçid edərkən nəticələrinin nəzərə alınmasını da qeyd edib:

“Hər mərhələ bitincə şagirdin göstəricilərinə əsasən növbəti məktəbə qeydiyyatı da müsbət haldır. Həm də bu, Amerikadakı kimi rəqabətin formalaşmaşına müsbət təsir göstərər.

Hazırda I sinifdə neqativ imic formalaşdıran məktəbli bu imiclə 11 il eyni sinifdə  oxumalı olur. Düşünürəm ki, hər mərhələdə yeni məktəbdə və başqa sinif yoldaşlarının əhatəsində olmasının şagirdə müsbət təsiri az olmaz.

Digər təklifim isə məktəblərin maliyyələşməsinin adambaşına və məktəb göstəricilərininformalaşdırdığı göstəricilərəəsasən aparılmasıdır. Bu, məktəblər arasında rəqabət və inkişafa gətirib çıxarar”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları