Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-13 17:59:18
Minlərlə abituriyentin tale məsələsi, yeni şanslar  və qərarlar – Həftənin təhsil icmalı  

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

Geridə buraxdığımız həftədə təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib

Mayın 13-dən etibarən DİM-də imtahan protokollarının, cavab vərəqləri və kartlarının emalı aparılacaq. Yazılı cavab vermək tələb olunan tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən imtahan nəticələrinin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

Məktəblərdə süni intellekt dərsləri keçiriləcək

“Ümumi təhsildə STEP yanaşmasının tətbiqi prioritet məsələlərdən biridir”.

Bunu təhsil naziri Ceyhun Bayramov ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin təltifolunma mərasimində deyib.

Onun sözlərinə görə, bu yanaşma təbiət, texnologiya, mühəndislik və riyaziyyat fənlərinin tədrisinin ayrı-ayrılıqda deyil, əlaqəli şəkildə öyrədilməsi və şagirdlərdə XXI əsr bacarıqlarının formalaşmasını nəzərdə tutur.

C.Bayramov qeyd edib ki, növbəti tədris ilində məktəblərdə robototexnika, nanotexnologiya, süni intellekt, mexanika kimi sahələri əhatə edən məzmunun tətbiqi planlaşdırılır.

Təhsil naziri Çili Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili ilə görüşüb 

Təhsil naziri Ceyhun Bayramov Çili Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş müvəqqəti işlər vəkili Qabriel Xara Maldonado ilə görüşüb.

Görüş zamanı Azərbaycan Respublikası ilə Çili Respublikası arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.

Təhsil Nazirliyi pop-korn satan gəncə peşə məktəbində təhsil almağı təklif etdi

Təhsil Nazirliyi rəhbərliyinin tapşırığı ilə Azneft Meydanı yaxınlığındakı keçiddə pop-korn satan gənc tapılıb.

Bu barədə Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

O qeyd edib ki, Seyfullayev İsrafil Vüqar oğlu 2002-ci ilin noyabrında Biləsuvar rayonunun Günəşli kəndində anadan olub:

"Onun 17 yaşı var. 2017-ci ildə IX  sinfi, icbari təhsil mərhələsini bitirib. Hazırda təhsil almır, Binəqədidə yaşayır. Əmək Məcəlləsi 15 yaşından sonra işləmək hüququ verir. İsrafilin arzusuna uyğun olaraq peşə məktəbinə qəbul olunması üçün ona təklif ediləcək".

Qeyd edək ki, Milli Məclisin deputatı Rasim Musabəyov Azneft meydanı yaxınlığında yeraltı keçiddə popkorn satan uşaqla bağlı status yazaraq, onu şəhər sakinlərini zəhərləməkdə, elektrik enerjisindən pulsuz istifadə etməkdə, vergidən yayınmaqda ittiham etmişdi. Daha sonra deputat həmin şəxsin keçiddə olmaması ilə bağlı məlumat paylaşmışdı.

Prezident məktəb tikintisinə 2 milyon pul ayırdı 

Prezident İlham Əliyev Qobustan rayonunun Sündü kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Qobustan rayonunun Sündü kəndində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.

Təhsil Nazirliyi Apellyasiya Şurasının Katibliyinin yeni tərkibi təsdiqlədi

Təhsil Nazirliyi Apellyasiya Şurasının Katibliyinin yeni tərkibi təsdiqlənib.

Bununla bağlı Təhsil naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb.

Əmrin icrasına nəzarət Apellyasiya Şurasının sədri, nazir müavini Firudin Qurbanova həvalə edilib.

I və IV ixtisas qrupları üzrə qəbul imtahanında xüsusi texnikadan istifadə edilib

Mayın 12-də keçirilən qəbul imtahanlarında (I və IV qruplar) namizədlərin şəxsiyyətini dəqiqləşdirmək məqsədi ilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunub.

Qəbul imtahanlarının düzgün cavabları  daha “Space”də bu səbəbdən yayımlanmayacaq

 Dövlət İmtahan Mərkəzindən  verilən məlumata görə, hər il qəbul imtahanlardan sonra televiziya vasitəsilə abituriyentləri maraqlandıran suallar cavablandırılırdı. Lakin bu ildən etibarən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul yeni qaydalar əsasında keçirilir və buna uyğun olaraq imtahanın məzmunu da dəyişib. İmtahan materiallarının izahının təqdimetmə üsulu televiziya formatına tam uyğun olmadığı üçün sualların yazılı və şifahi izahatı artıq DİM-in sosial şəbəkə kanalları vasitəsilə veriləcək.

Tələbələr arasında İnformatika üzrə Ümumrespublika Olimpiadasının final mərhələsi keçirildi

Mayın 4-də AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) “Ali məktəb tələbələri arasında informatika üzrə XIII Ümumrespublika Olimpiadası”nın final mərhələsi keçirilib.

Tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

DİM “2” alanlar üçün təkrar imtahan keçirəcək

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən, lakin mayın 5-də keçirilən Azərbaycan dili imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlər mayın 8-dən 14-dək qeydiyyatdan keçməklə (ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyənlər üçün qeydiyyat linki, 9 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyənlər üçün qeydiyyat linki) mayın 26-da keçiriləcək ikinci “Azərbaycan dili” imtahanında iştirak etməlidirlər.

Nazir əlilliyə görə təhsil haqqından azad olunan tələbələrin sayını açıqladı

"I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi haqqında sərəncam 2019/2020-ci tədris ilindən qüvvəyə minəcək".

Bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, sentyabr ayından başlayaraq bu kateqoriyaya aid tələbələr dövlət vəsaiti hesabına təhsil alacaqlar.

Təhsil Nazirliyində fövqəladə hallarla bağlı “Qaynar xətt” yaradıldı

Təhsil Nazirliyində təhsil müəssisələrində baş vermə təhlükəsi olan və ya baş vermiş fövqəladə hallarla bağlı “Qaynar xətt” (146-2) istifadəyə verilib.

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Arif Məlikov vəfat edib

Mayın 9-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında görkəmli bəstəkar, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ və Azərbaycan Respublikasının xalq artisti, Dövlət və Heydər Əliyev mükafatları laureatı Arif Məlikov ilə vida mərasimi keçirilib.

Xalq artisti, bəstəkar Arif Məlikov dəfn edilib.

AMEA-da kadr dəyişikliyi… 

AMEA Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri Elnur Eltürkə yeni vəzifə verilib.

Elnur Eltürk AMEA Mərkəzi Elmi Kitabxanasının direktor müavini təyin olunub.

Məktəblərdə psixoloji xidmət təkmilləşdiriləcək

"Müasir dövrdə şagirdlərin zərərli informasiyalara çıxışının asanlaşması təhsil sistemi qarşısında əsaslı çağırışlar yaradır".

Bunu təhsil naziri Ceyhun Bayramov ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin təltifolunma mərasimində deyib.

C.Bayramov bildirib ki, məktəblərdə psixoloji xidmətin təkmilləşdirilməsi, məktəblərdə psixoloji öyrənmə mühitinin ölçülməsi və yaxşılaşdırılması ilə bağlı tədbirlərin görülməsi qarşıda duran hədəflərdəndir.

 "Gələn il 20 məktəbdə peşə yönümlü təmayül sinifləri açılacaq" - Ceyhun Bayramov

"Ümumi təhsildə təmayülləşmə istiqamətinin aparılması, bu yöndə növbəti tədris ilində 20 məktəbin tam orta təhsil səviyyəsində peşə yönümlü təmayül siniflərinin açılması hədəf kimi müəyyən edilib".

Bunu Təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, bu yenilik şagirdlərin təhsilə cəlbini artırmaqla yanaşı gələcəkdə onların peşə seçiminə və əmək bazarına daha asan inteqrasiyasına kömək edəcək.

MİQ-ə hazırlaşan müəllimlər üçün sınaq imtahanına qeydiyyat başladı

 Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı nəzərdə tutulan sınaq imtahanı üçün elektron müraciətlərin qəbuluna start verildi. Elektron qeydiyyatdan keçmək üçün son tarix isə 11 may 2019-cu ildir.

 Həftənin təhsil informasiyaları

Leyla Əliyeva beynəlxalq olimpiada qalibləri ilə görüşdü

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində beynəlxalq olimpiadalarda yüksək nailiyyətlər əldə etmiş və medallar qazanmış şagirdlərlə görüşüb.

Təhsil naziri Ceyhun Bayramov Leyla Əliyevaya liseyin fəaliyyəti, görüşdə Bakıdan və digər bölgələrdən iştirak edən şagirdlər barədə məlumat verib.

 İmişli Təhsil şöbəsinə yeni müdir təyin edildi

Müfaviq əmrlə bu vəzifəyə Ələmdar Abbas oğlu Quliyev təyin edilib.

Ə.Quliyev bu təyinatadək şöbədə aparıcı məsləhətçi vəzifəsində çalışıb.

Tələbələrarası intellekt olimpiadasına start verildi

LEAD Education Təhsil və İnnovasiya Mərkəzi, YAP Gənclər Birliyi, Azərbaycan Tələbələr Gənclər Təşkilatı İttifaqının təşkilati dəstəyi və “Bank of Baku”nun baş sponsorluğu ilə "Tələbələrarası İntellekt Olimpiadası" layihəsinin I turuna start verilib.

Günel Yaşarqızı
Müəllifin digər yazıları