Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-12 16:11:00
Abituriyentlərin cavab vərəqləri 4 möhürlü xüsusi arxivdə saxlanılır - Özəl reportaj

Bu gün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.

Yeni modelə uyğun olaraq, hər blokda 3 imtahan fənni mövcuddur. Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.

Yazılı cavab vermək tələb olunan tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən imtahan nəticələrinin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur. 

Mayın 13-dən etibarən DİM-də imtahan protokollarının, cavab vərəqləri və kartlarının emalı aparılacaq. 

AzEdu.az-ın əməkdaşı 10 fevralda yeni qəbul modelinə uyğun keçirilən sınaq imtahanının yoxlanılması prosesində yaxından iştirak edərək silsilə reportajlar hazırlayıb.

Sınaq imtahanlarının yoxlanılma formatı qəbul imtahanı ilə oxşarlıq təşkil etdiyindən abituriyentləri proseslə tanış etmək üçün həmin reportajları ümumiləşdirilmiş formada təqdim edirik:

On minlərlə abituriyentin taleyinin həll olunduğu mərtəbəyə doğru…

Direktorlar Şurasının rəhbərliyi ilə sınaq imtahanlarında cavab kartlarının gətirildiyi və nəticələrin emal olunduğu şöbəyə yaxınlaşdıq. Diqqətimizi çəkən əsas məqam, şöbənin qapısının bağlı olması və buraya bir mərtəbə aşağıda çalışan DİM işçisinin belə daxil ola bilməməsi idi. Otaqlara, yalnız xüsusi buraxılış kartına malik işçilər daxil ola bilərlər.

XATIRLATMA: Şöbə ali məktəblərə qəbul imtahanlarında materialların emalı prosesinin aparıldığı yerlərdən biridir.

Otaqların təsviri..

Otağa daxil olduqda, çox sayda bağlı qutularla qarşılaşdıq; hansı ki, bu qutularda sınaq imtahanına qeydiyyatdan keçən 28337 nəfərin “cavab vərəq”ləri (açıq tipli tapşırıqlarının cavabları əks olunan) və cavab kartları var idi.

Qutuların hər birinin üzərində hansı rayon ərazisindən və binadan göndərildiyi qeyd olunmuşdu.

Məleykə Abbaszadənin tapşırığı ilə  xüsusi möhürlə bağlanmış qutular açıldı və imtahan materiallarının emalı İctimai Şuranın üzvlərinin nəzarəti altında start götürdü.

Qutular açıldıqdan sonra dəyirmi masa ətrafında əyləşən çoxsaylı xanım işçi 28 mindən çox “cavab vərəqi”ndən hər dəfə ən azı 1000 ədəd seçərək, onları “scan” olunması üçün hazır vəziyyətə gətirdi.

“Yoxlama otağı...”

Bütün“cavab vərəqi” və cavab kartları bu otaqda “scan olunaraq nəticələr açıqlandıqdan sonra abituriyentlərin “imtahan nəticələrinə dair şəxsi səhifə”lərində əks olunur.

Sözügedən otaqda, eyni zamanda qapalı tipli test tapşırıqları xüsusi skanerlər vasitəsilə oxunaraq yoxlanılır. Bu o deməkdir ki, Azərbaycanda əksər insanın iştirak etdiyi imtahan nəticələri, məhz bu otaqda qiymətləndirilib.

Nəzərinizə çatdıraq ki, qapalı tipli tapşırıqların oxunma prosesi daha sürətlə həyata keçirilir. Cavab kartında hər hansı dəyişiklik və ya zədələnmə baş verərsə, qurğu həmin kartı qəbul etməyərək xüsusi sahəyə ötürür.

Video-müşahidə

Otaqda ümumilikdə bütün görünüş rejimlərini təmin edən 4 kamera quraşdırılıb və burada baş verən ən xırda proses belə fasiləsiz olaraq daim nəzarətdə saxlanılır.

12 fevraldan etibarən materialların “scan” olunub şifrələnməsinə və sözügedən yazı işlərinin proqram vasitəsilə hər bir tapşırıq üzrə ayrılmasına (elektron kəsilməsinə) start verildi.

Şifrələnmə…

Materialların emalına başlanılan ilk gündə cavab vərəqlərinin və cavab kartlarının “scan”olunması üçün necə hazır vəziyyətə gətirildiyi barədə məlumat vermişdik.

İndi tanış olduğumuz məqam isə “scan” olunmuş materialların şifrələnməsi prosesi idi.

Daxil olduğumuz otaqda sınaq imtahanında iştirak edən 23.337 abituriyentin cavab vərəqləri (açıq tipli tapşırıqlarının cavabları əks olunan)ilə qarşılaşdıq.

Bu mərhələdə imtahan verən bütün abituriyentlərin yazı işləri “scan” edilir. Daha sonra elektron təsvirlərdən şagirdi identifikasiya edə biləcək bütün məlumatlar silinir və hər bir şagirdə aid yazı işinə şərti kod verilir.

Yazı işlərinin kimə aid olması yalnız nəticələr elan olunan zaman abituriyentlərin real iş nömrələri ilə uyğunlaşdırılır.

Bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə şəxsən məlumat verərək bizi proseslə əyani tanış etdi.

Möhürlənmiş ARXİV

Sınaq imtahanı materiallarının emalı barədə danışan Məleykə Abbaszadə bu prosesin qəbul imtahanlarında bir qədər fərqli aparıldığını diqqətə çatdırdı:

Cavab vərəqləri və kartları yalnız sınaq imtahanı olduğuna görə gördüyünüz otaqda cəmləşdirilib. Ali məktəblərə qəbul imtahanları zamanı bütün kartlar arxivə yerləşdirilir və 4 möhür vurulur. Buraya, 4 nəfərin, mənim və Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) 3 generalının yalnız birlikdə daxil olmaq hüququmuz var”.

HAŞİYƏ: Qəbul imtahanlarında sənədlərin daşınma prosesi də fərqlidir. Belə ki, materialların imtahan binalarınapaylanılmasından tutmuş, cavab kartlarının DİM-ə təhvil verilməsinə qədər aparılan bütün proseslər XDMX-nınəməkdaşlarının müşayiəti ilə həyata keçirilir.

Protokolların emalı

Bütün imtahanların, eləcə də 10 fevralda keçirilən sınağın təşkil olunmasındahər otaq üzrə bir-iki nəzarətçi, hər 3-7 zal üzrə bir imtahan rəhbəri və bina üzrə bir ümumi imtahan rəhbəri təyin edilir. Hər nəzarətçi, imtahan rəhbəri və ümumi imtahan rəhbəri imtahan müddətində baş verən ən xırda hadisəni beləöz protokoluna qeyd etməyə borcludur.

Məleykə Abbaszadə bizi sözügedən protokollarla da tanış etdi.

Bu sənədlərə baxış keçirən zaman şahidi olduq ki, protokollara nəzarətçilər tərəfindən daha çox abituriyentlərin imtahanda iştirak edib-etməməsi, onların cavab kartlarını dolduran zaman yol verdiyi səhvlər barədə məlumatlar qeyd olunub.

Sənədlərdə, eyni zamanda şagirdin səhhətində yaranan hər hansı problem səbəbindənimtahan otağını tərk etməsi halları və qaydaların pozulmasına görəzaldan kənarlaşdırılan abituriyentlər haqqında bilgilər əks olunmuşdu.

Məleykə Abbaszadə bildirdi ki, abituriyent imtahan zamanı baş verən hadisəni nəzarətçiyə bildirməli və nəzarətçi bu hadisəni protokola mütləq qeyd etməlidir. Əgər abituriyent etdiyi səhvi vaxtında bildirərsə və bu, protokolda əksini taparsa, şagirdin imtahandan sonrakı müraciəti Apelyasiya Komissiyasında diqqətə alına bilər.

Bütün protokollar emal olunandan sonra ümumi arayış hazırlanaraq, DİM sədrinə təqdim olundu. Burada sınaq imtahanında bütün binalar üzrə baş verən hadisələr ümumiləşdirilmiş formada əksini tapmışdı.

İmtahan materiallarının şifrələnmə prosesi başa çatdıqdan sonra şifrələnmiş “cavab vərəqi” faylları xarici yaddaş qurğusuna köçürülərək xüsusi proqram vasitəsilə kəsilmək üçün Şura üzvlərinin də müşayiəti ilə DİM-in digər korpusuna göndərildi.

Yazı işlərinin elektron kəsilməsi

Yazı işlərinin elektron təsvirlərindən şagirdi identifikasiya edə biləcək bütün məlumatların silindiyini və  hər şagirdə aid yazı işinə şərti kod verildiyini öncəki reportajda qeyd etmişdik. Şərti kod verilən yazı işləri xüsusi proqram vasitəsilə ixtisas qrupları üzrə ayrıldıqdan sonra hər fənn üzrə eyni nömrəli suallar kəsilərək qruplaşdırılır.

Qruplaşdırılan suallar markerə təqdim olunmamışdan öncə operatorlar tərəfindən nəzərdən keçirilir. Markerlərə təqdim olunacaq yazı işlərinin “scan” olunaraq kəsilən variantında (yazıların oxunmaması və s.) hər hansı problem yaranarsa, operatorlar əsas yoxlama başlamamışdan öncə problemi aradan qaldırmaq istiqamətində müəyyən işlər görürlər.

Onlar, eyni zamanda abituriyentlərin cavablandırmadıqları yazı işlərini (tapşırıqları) digər yazı işlərindən ayıraraq yoxlamaya gedəcək materialların siyahısından çıxarırlar.

Qiymətləndirmə meyarlarının təkmilləşdirilməsi

Bu mərhələdə hər tapşırığa aid etalon işlər seçilir. Yazı işləri ilkin qiymətləndirmə meyarları əsasında yoxlanılır. Bu zaman qarşıya çıxan yeni hallar qiymətləndirmə meyarlarında nəzərə alınır. Belə ki, Bakıda nəticələri ən yüksək olan məktəblərdə təhsil alan şagirdlərin cavabları araşdırılır və ən çox rast gəlinən cavablar əsasında meyarlar bir daha dəqiqləşdirilir.

Sektor müdiri Aydın Qasımov meyarların təkmilləşdirilməsi barədə məlumat verərkən bildirib ki, DİM sözügedən mövzuyla bağlı bir sıra hadisələrlə qarşılaşıb:

“İmtahanların birində müəllimlər Həndəsədən bir tapşırığın həlli üçün 3 üsul müəyyənləşdirmişdilər. Yoxlama prosesində məlum oldu ki, sualın  həll yolları daha çoxdur. Bu cür halları sıfıra endirmək üçün meyarların təkmilləşdirilməsi mərhələsinə xüsusi önəm veririk. Mübahisəli hallar (qiymətləndirmə üçün çətinlik yaradan hallar, misal üçün, məsələnin qeyri-standart həlli metodları) müəyyənləşdirilir və bu haqda markerlər üçün izahlar verilir”.

Etalon işlərin seçilməsi və kalibrləmə üçün materialların hazırlanması

Bu mərhələdə kalibrləmə mərhələsi üçün nümunəvi işlər seçilir. Bu işlər zəif, yaxşı və orta səviyyədə cavablandırılan, həmçinin qiymətləndirilməsi çətin olan işlərdən ayrılır. Daha sonra ekspert qrupu tərəfindən etalon qiymətlər müəyyən edilir. Bu etalon qiymətlər əsasında kalibrləmə mərhələsi hazırlanır.

Markerlərin kalibrləmə mərhələsindən keçirilməsi

Kalibrləmə mərhələsində müəyyən olunan meyarlar əsasında dəqiq qiymətləndirmə aparan markerlər aşkar edilir. Mərhələdən keçə bilməyən markerlərə qiymətləndirmə zamanı buraxdıqları səhvlər göstərilir və meyarlar əsasında qiymətləndirmə aparmaları üçün istiqamətləndirilir. Daha sonra bu markerlər yeni nümunələr (etalonlar) əsasında təkrar kalibrləmə prosesində iştirak edirlər.

Marker hər hansı tapşırıqla bağlı kalibrəmə prosesini keçdikdən sonra, yalnız həmin tapşırığa aid yazı işlərini yoxladıqda artıq bu bacarıq onda vərdişə çevrilir. Bu isə həm onun çevikliyinə, həm də keyfiyyətli qiymətləndirmə aparmasına müsbət təsir edir.

Qeyd edək ki, sonda bu mərhələni keçə bilməyən markerlər əsas yoxlamaya buraxılmırlar.

Aydın Qasımov DİM-də marker bazasının formalaşması barədə məlumat verərək qeyd edib ki, müəllimlərin meyarlarla işləmək bacarıqları müxtəlifdir:

“Elə müəllimlər var ki, hazırda onlarla yolumuza davam etmirik. Marker 30 ilin müəllimi, savadlı pedaqoq olsa da, çox sərt və meyarlarla işləməyə meyilli olmayanda onunla işləmək mümkün olmur.  Elə müəllimlər də olur ki, qiyməti daha yüksək yazır. Bu kimi səbəblərdən marker seçərkən, əsasən onların meyarlarla işləmə bacarıqlarına xüsusi önəm veririk”.

Yoxlama prosesi

Yazı işlərinin tapşırıqlar üzrə ayrılması, etalonların seçilməsi və kalibrləmə üçün materialların hazırlanma mərhələsi barədə öncəki reportajda ətraflı məlumat vermişdik. Bu dəfə müşahidə etdiyimiz məqam tapşırıqların markerlər tərəfindən yoxlanılması prosesi oldu.

Yoxlama prosesinə başlamazdan əvvəl bütün yazı işləri və təkmilləşmiş qiymətləndirmə meyarları bazaya daxil edilir.

Marker müəllimə təqdim olunan yazı işlərində şagirdi tanıdacaq bütün məlumatlar proqram təminatı vasitəsilə silinmiş olur. Heç bir marker yoxladığı yazı işinin hansı şagirdə aid olduğunu bilə bilməz.

Yoxlamada hər tapşırıq üzrə yazı işi proqram tərəfindən təsadüfi şəkildə iki markerə göndərilir. Markerlərin verdikləri qiymətlər üst-üstə düşdükdə həmin qiymət bazaya daxil edilir, üst-üstə düşmədiyi halda isə iş yenə proqram tərəfindən avtomatik olaraq üçüncü markerə göndərilir. Üçüncü markerin verdiyi qiymət əvvəlki 2 markerdən hansısa birinin verdiyi qiymətlə üst-üstə düşməsə, həmin markerin bu tapşırıq üzrə verdiyi qiymət istisna edilir, üst-üstə düşən 2 markerin verdiyi qiymət isə bazaya daxil edilir.

İstənilən şagirdin HƏR TAPŞIRIQ ÜZRƏ yazı işinin iki marker tərəfindən qiymətləndirilməsi onun hər hansı işarələmə vasitəsilə yazı işini tanıtması cəhdlərinin nəticə verməsi ehtimalını sıfra yaxınlaşdırır. Çünki bu qayda ilə hər şagirdin ümumi işi (9 tapşırıq) ən azı 18 marker tərəfindən yoxlanılmış olur.

Qiymətləndirmə meyarlarının hazırlanması

Yuxarıda da qeyd etdiyimiz kimi, kalibrləmə materiallarının hazırlanması zamanı ilkin qiymətləndirmə meyarları üzərində təkmilləşmə işləri aparılır. Hər bir tapşırıq maksimal 1 balla qiymətləndirilir, amma tapşırığın struktur və çətinliyindən asılı olaraq, bəzi tapşırıqlar 0 (sıfır) və ya 1 (bir), bəziləri isə 0 (sıfır),  (ikidə bir) və ya 1 (bir) ballıq şkalalarda qiymətləndirilir. Qiymətləndirmə meyarında bu şkalaların hər birinə uyğun gələn hallar dəqiq yazılır. Meyar hər tapşırıq üçün həmin tapşırığın xüsusiyyətləri nəzərə alınmaqla ayrıca hazırlanır və məhz həmin tapşırığı qiymətləndirmək üçün təlimatdır. Hər bir marker hər hansı tapşırığa aid yazı işini qiymətləndirərkən həmin tapşırığın qiymətləndirmə meyarından kənara çıxmamalıdır.

Prosesi izləyən zaman bir neçə markerin təəssüratlarını öyrəndik. Onların sözlərinə görə, meyarlar təkmilləşdirilmiş formada olur və onlardan əksər hallarda kənara çıxılmır. Lakin bəzən şagird elə cavablar yazır ki, nəticə doğru olsa da, bunlar meyarlarda öz əksini tapmır. Bu zaman marker kompüterdə ayrılan “markerin öz qeydi” bölməsinə fikirlərini yazdıqdan sonra həmin tapşırıq üzərində araşdırma aparılır.

Yoxlamada subyektiv yanaşmaların aradan qaldırılması

Qiymətləndirilməsi prosesini həyata keçirmək üçün Dövlət İmtahan Mərkəzində işlənib hazırlanmış sistemdə markerlərin hazırlığı məsələləri çox mühüm istiqamətlərdən biridir. Çünki, yazı işlərinin qiymətləndirilməsi zamanı qiymətin dəqiq olması qiymətləndirməni həyata keçirən markerin pedaqoji hazırlığından, ixtisas biliklərindən, kompüterdən istifadə bacarığından, fiziki və psixoloji iradəsindən, dəqiqliyindən, diqqətli olmasından, çevikliyindən, meyarla düzgün işləmə səriştəsindən, qiymətləndirməyə bilərəkdən və ya bilməyərəkdən subyektiv yanaşmalarından (yazı işini yoxlayan markerin yazı işinin müəllifini tanıyaraq ona bilərəkdən müsbət və ya mənfi yanaşması və yazı işini yoxlayan markerin özünün pedaqoji keyfiyyətlərindən irəli gələn fərdi yanaşmaları) və bir sıra digər amillərdən asılıdır. Sistemin hazırlanmasında belə subyektiv təsirlərin sıfıra yaxınlaşdırılması üçün ciddi tədbirlər görülüb.

Bilərəkdən subyektiv yanaşmanın (yazı işini yoxlayan markerin yazı işinin müəllifini tanıyaraq ona bilərəkdən müsbət və ya mənfi yanaşması) qarşısı proqram təminatı ilə tam alınır. Belə ki, hər bir yazı işi 2 marker tərəfindən qiymətləndirilməklə yanaşı, yoxlama zamanı markerin monitorunda yazı işinin müəllifi haqqında heç bir məlumat olmur, monitorda yalnız yazı işi, yazı işini qiymətləndirmək üçün meyar və qiyməti daxil etmək üçün müvafiq sahə verilir. Həmçinin, proqram bir şagirdin yazı işini həmin şagirdin yaşadığı zonadan olmayan markerlərin monitoruna ötürür. Marker yoxlamanı bitirdikdən sonra onun gün ərzində yoxladığı işlərin şərti kodlarının və həmin işlərə verdiyi qiymətlərin proqram tərəfindən hazırlanmış siyahısı (protokolu) çap edilir və marker tərəfindən imzalanır. Belə subyektiv yanaşmaların qarşısının alınması üçün proqram təminatında sadalananlardan başqa digər tədbirlər də var.

Bilməyərəkdən subyektiv yanaşmaların (yazı işini yoxlayan markerin özünün pedaqoji keyfiyyətlərindən irəli gələn fərdi yanaşmaların) minimuma endirilməsi məqsədilə imtahanda şagirdlərə təqdim olunan hər bir tapşırıq üçün ayrı qiymətləndirmə meyarı hazırlanır və markerlər hər hansı bir tapşırığa aid yazı işini yoxladıqda məhz həmin tapşırığın qiymətləndirmə meyarına əsaslanırlar. Bu qiymətləndirmə meyarlarında aid olduğu tapşırığın mümkün həll üsulları və ehtimal olunan (gözlənilən) cavablar nəzərə alınır. Qiymətləndirmə meyarı tapşırığın qiymətləndirilməsi üçün dolğun təlimatdır və marker yazı işini qiymətləndirərkən həmin tapşırığın qiymətləndirmə meyarından kənara çıxmamalıdır.

Bununla belə, markerlər yazı işlərinin yoxlanılması prosesinə monitorinq imtahanlarının real yazı işləri üzərində hazırlanmış praktik treninqlərdə iştirak edib uğurlu nəticə əldə etdikdən (yəni öz fərdi yanaşmalarına üstün gələ bildikdən) sonra cəlb olunurlar. Bu praktik treninqlərdə onların kompüterdən istifadə bacarıqları, dəqiq, diqqətli və çevik olmaları, meyarla düzgün işləmə səriştələri də yoxlanılır. Treninqlərə Bakı şəhərindən və regionlardan ümumtəhsil müəssisələrinin müəllimləri, ali təhsil müəssisələrinin uyğun ixtisaslar üzrə mütəxəssisləri və magistrləri dəvət olunurlar.

2017-ci ildən başlayaraq həm Azərbaycan dili, riyaziyyat və rus dili fənləri üzrə markerlər bazasının genişləndirilməsi istiqamətində, həm də digər fənlər (xarici dil, fizika, kimya, biologiya, tarix, coğrafiya) üzrə markerlərin treninqlərdə iştirakı, seçilməsi və yazı işlərinin yoxlanılmasına hazırlanmaları istiqamətində işlər aparılır. Markerlik fəaliyyəti ilə məşğul olmaq istəyənlər DİM-in təşkil etdiyi kurslarda iştirak etməklə də bu prosesə qoşula bilərlər.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları