Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-10 14:58:45
İki körpə ilə imtahana hazırlaşan müəllim: “Olimpiadada yüksək nəticə göstərəcəklərinə inandığım şagirdlər var”

AzEdu.az bölgələrdə işləyən gənc müəllimləri davamlı olaraq oxuculara təqdim edir.

Budəfəki müsahibimiz Oğuz rayonunun Yaqublu kənd tam orta məktəbinin tarix müəllimi Şəbnəm Məmmədlidir.

Şəbnəm Məmmədlinin 30 yaşı var. O, müəllimlərin işə qəbulu müsabiqəsində 57 bal toplayıb. Artıq iki ildir ki, müəllim işləyir. Müsabiqədə yüksək bal toplamasına baxmayaraq kənd məktəbini seçib və bunun ən doğru seçim olduğu qənaətindədir.

O, cari ilin fevral ayında Təhsil Nazirliyinin təşkil etdiyi gənc müəllimlərin təhsil naziri cənab Ceyhun Bayramovla görüşündə iştirak edib. Həmçinin 2015-ci ildə Bakı Dövlət Universitetində (BDU) dərc olunan elmi topluda Şəbnəm xanımın da bir məqaləsi çap olunub.

Bütün qeyd olunanlar bir yana... Əsas odur ki, Şəbnəm Məmmədli özünü şagirdlərinə həsr edən, onların hərtərəfli inkişafına çalışan fədakar müəllimdir. 

Gənc müəllimin öz dilindən təqdimata əlavə:

 -Mən Məmmədli Şəbnəm Mirvaleh qızı... 1989-cu ildə Oğuz rayonunun Kərimli kəndində anadan olmuşam. Məktəbdə dərslərimi əla qiymətlərlə oxuduğum üçün bir neçə dəfə “İlin şagirdi” seçilmişəm. 2007-ci ildə orta məktəbi bitirib Bakı Dövlət Universitetinin Tarix fakültəsinə 562 balla qəbul olunmuşam. 2012-ci ildə bakalavriatura təhsilini başa vurmuşam. Universiteti bitirdikdən 5 il sonra isə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək Oğuz rayonu Yaqublu kənd tam orta məktəbində işə qəbul olunmuşam.

Şəbnəm xanım tarix müəllimi olduğu üçün hesab edir ki, bu fənnin tədrisində çoxlu metodlardan istifadə etmək olar. Misal üçün, o, dərs zamanı şagirdlər arasında müxtəlif yarışlar keçirir. Bunun şagirdlərdə rəqabət hissini artırdığını qeyd edən gənc müəllim söhbətinə elə ilk olaraq ürəkdən bağlı olduğu “tarix”dən başlayır:

“...Rəqibinə qalib gəlmək üçün onda daha çox şey öyrənməyə maraq yaranır. Əlavə olaraq, məktəbin imkanları çərçivəsində İKT vasitələrindən də istifadə edirəm. Dərslərdə internet resurslarından, o cümlədən özüm hazırladığım müxtəlif resurslardan yararlanıram. Yeni fənn kurikulumlarının tələblərində olduğu kimi şagirdlərin əzbərçiliyə yol verməmələrinə çalışıram.

Oğuz rayonu tarixi abidələrlə zəngindir. Şagirdlərdə araşdırmaçılıq bacarıqlarını formalaşdırmaq üçün müəyyən vaxtlarda həmin tarixi abidələrə ekskursiyalar təşkil edirik.

Tarixçi olduğum üçün, eyni zamanda dərslərimdə öz araşdırmalarımdan da istifadə edirəm. Xalqımızın gerçək tarixini şagirdlərə öyrətməyə çalışıram”.

Gənc müəllimin dilindən: “məktəb təkcə təhsil verən yox, həm də tərbiyə verən müəssisədir”.

Şəbnəm müəllim qeyd edir ki, ümumtəhsil məktəblərində çalışan müəllimlərin üzərinə böyük vəzifə düşür. Uşaq həyatının nə az, nə çox – düz on bir ilini məktəbdə keçirir.

“Məktəb təkcə təhsil verən yox, həm də tərbiyə verən müəssisədir. Bu baxımdan orta məktəblərin şəxsiyyət yetişdirdiyini əminliklə deyə bilərik. Müəllim öyrədən, yol göstərən olmaqla yanaşı, həm də öz şagirdlərinə örnək, nümunə olmalıdır. Belə olduqda məktəb də öz vəzifəsini yerinə yetirər və əsl şəxsiyyət yetişdirə bilər.

Artıq 11-ci ildir ki, ümumtəhsil məktəblərində fənn kurikulumları tətbiq olunur. Dərsin yeni metodlarla keçirilməsi, yəni əsas işin şagirdə həvalə olunması şagirdlərdə fəallığı artırır, onlarda əməkdaşlığı formalaşdırır və kollektivlə rəftarı öyrədir”, - deyən gənc müəllim bizimlə söhbətinə davam edir.

Şəbnəm xanım həmçinin müəllimlərin işə qəbulu müsabiqəsi barədə fikirlərini də bölüşür. O bildirir ki, müsabiqəyə qədər ucqar kənd məktəblərində ixtisaslı kadrların azlığı ucbatından təhsilalanların müxtəlif fənlər üzrə biliklərə dərindən yiyələnmələrində müəyyən çətinliklər yaranırdı:

“Ümumiyyətlə müəllimlərin işə qəbulunun bu şəkildə keçirilməsinin üstünlükləri çoxdur. Bu müsabiqədə işə götürülənin təkcə biliyi yox, həm də onun müxtəlif bacarıqları, müəllim üçün vacib olan keyfiyyətlərə malik olub-olmaması da yoxlanılır. Əks halda, yüksək nəticə göstərən namizədlər belə müsahibə mərhələsindən keçməyə bilirlər. Bundan başqa, müəllimlərin işə qəbulunun müsabiqə yolu ilə keçirilməsi işə qəbul olunmaq istəyən şəxslərdə bir növ məsuliyyət yaradır”.

Səhər gününə qızınmayan, axşam gününə də qızınmaz. Şəbnəm xanım da bunu özünün bir növ devizinə çevirir. Gecəsini də gündüzünə qatıb beş ildən sonra müəllimlərin işə qəbulu müsabiqəsi üçün qeydiyyatdan keçir. Beləcə, 2017-ci ildə iki körpə uşaqla imtahana hazırlaşır. Universiteti bitirdikdən sonra işə qəbul üçün beş il fasilə verməsinin səbəbi isə məhz ailə qurması olur. Həm də o, kənd məktəbində işləməyi hədəf seçsə də, imtahana elə-belə yox, yüksək nəticə toplamağı qarşısına məqsəd qoyaraq yollanır:

“Universiteti başa vurmağımdan beş il keçdiyi üçün imtahana hazırlaşmadan yüksək nəticə əldə etməyim çətin olardı, əlbəttə. İnsanın uğur əldə etməsi üçün məqsədinin olması vacibdir. Qarşıma məqsəd qoymuşdum - imtahana yüksək səviyyədə hazırlaşacaq, yüksək nəticə əldə edəcəkdim. Heç bir əziyyət nəticəsiz qalmır. Zəhmət çəkirsənsə, bəhrəsini mütləq görəcəksən. Yeri gəlmişkən, bu misalı şagirdlərimə də tez-tez çəkirəm.

Zəhmətimin bəhrəsini gördüm: imtahan nəticəsinin qeyd olunduğu monitorda yüksək bal topladığımı görəndə sevincimin həddi-hüdudu yox idi. Ən böyük sevinci isə müsahibə mərhələsinin nəticələri elan olunanda yaşadım. Artıq müəllim adını qazanmışdım...

Əslində, elə ən başından müəllim peşəsini seçməyim səbəbsiz deyildi. Müəllim ailəsində böyüyüb boya-başa çatmışam: atam Azərbaycan dili və ədəbiyyatı müəllimi, anam isə ümumi texniki fənlər üzrə müəllimdir. Təbii ki, ilk öncə onları özümə nümunə götürmüşəm. Eləcə də uşaq vaxtı kitablardan oxuduğum təyinatla gedib kənd məktəblərində işləyən müəllim obrazları da məndə bu peşəyə maraq oyatmışdı”, - deyərək gənc müəllim dəyərli fikirlərini əlavə edir.

“Uşaqlarla keçirdiyim hər gün mənim üçün yaddaqalandır”.

Şəbnəm Məmmədli şagirdləri dərsə həvəsləndirmək üçün müxtəlif müsabiqələr keçirir:

“Məsələn, bu il V sinifdə "El bilir ki, sən mənimsən" devizi ilə xəritə müsabiqəsi təşkil etdim. Şagirdlər müsabiqədə Azərbaycan xəritəsini çəkməli idilər. Beləcə, yarışma maraqlı keçdi. Nəticədə, ilk 3 yerin qalibini “Fəxri fərman”la mükafatlandırdım.

Ümumiyyətlə kənd məktəblərində istedadlı şagirdlər bəlkə düşündüyünüzdən daha çoxdur. Kənd məktəblərinin olimpiadaya qatılan, hətta respublika birincisi, ikincisi olan şagirdləri var. Təsadüfi deyil ki, keçən il Oğuz rayonunun kənd məktəbliləri fənn olimpiadalarının respublika mərhələsində yüksək nəticə göstərmiş, qızıl və gümüş medallara layiq görülmüşlər. Bu il də həmçinin yüksək nəticələrini gözlədiyimiz şagirdlər var. İnanıram ki, növbəti illərdə elə mənim şagirdlərimin arasında da olimpiadada qalib gələnlər olacaq”.

Sonluq üçün...

Gənc müəllimin MONOLOQU

-Sözsüz ki, ucqar bir kənddə işləməklə şəhərdə işləməyin fərqi çoxdur: kənddə daha çox çətinliklərlə qarşılaşmalı olursan. Amma əsas olan insanın işinə olan münasibətidir, peşəsinə olan sevgisidir. Şagirdlərin gözündə sənə olan sevgini, fənninə olan marağı görəndə artıq bütün çətinliklər yaddan çıxır, unudulur.

Müəllim ilk növbədə vicdanlı, qərəzsiz və obyektiv olmağı bacarmalıdır. Müəllim şagirdə fərd kimi yanaşa bilməli, yeri gələndə tələbkar, eyni zamanda qayğıkeş olmalıdır. Ən əsası müəllimin səbrli, təmkinli olması şərtdir. Çünki o, təkcə öyrədən yox, eyni zamanda şagirdlərinə nümunədir.

Məqsədim, gələcəkdə də kənd ya da şəhər məktəbində işləməyimdən asılı olmayaraq gələcəyimiz olan şagirdlərimizi vətənə məhəbbət ruhunda yetişdirməkdir. Deyirlər, keçmişini bilməyəni, gələcək topa tutar. Məhz bu səbəbdən, tariximizi dərindən öyrənməli və öyrətməliyik ki, ondan nəticə çıxara bilək, tarix boyu xalqımızın başına gətirilən müsibətlərin təkrarlanmasına yol verməyək.