Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-10 13:00:00
Növbəti illərdəki imtahanlarda xarici dildən danışıq bacarıqları da qiymətləndirilə bilər - ANONS

“Buraxılış və magistratura imtahanlarına dinləmə mətnlərinin əlavə edilməsi başlanğıc üçün kifayət qədər normal qiymətləndirmə meyarıdır.

Çünki şagirddən birdən-birə çox şey tələb etmək olmaz. CEFR-in ( Ümumavropa Çərçivə Sənədi - Avropada xarici dil öyrənənlərin nailiyyətlərini göstərən təlimat sənədidir-red.) bütün tələblərini maksimal şəkildə həyata keçirməsək də, hazırda 3 komponentin yoxlanılması üzərində  iş gedir. İmtahanlarda növbəti illərdən “speaking” (danışma) bacarıqlarının qiymətləndirilməsi gözlənilir”

Bu sözləri Dövlət İmtahan Mərkəzinin  magistratura üzrə Yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin aparıcı məsləhətçisi Aynur Bayramlı AzEdu.az-a müsahibəsində deyib.

O, müsahibə zamanı dil bacarıqlarının dünya standartları əsasında qiymətləndirilməsi və yeniliklərin Azərbaycanda tətbiqi məsələsinə toxunub:

“Dil öyrənmək üçün 4 əsas  istiqamətdən ( “dinləyib-anama”, “danışma”, “oxu”, və  “yazı”) biri qiymətləndirilmirsə, bu, namizədin dili tam bildiyi anlamına gəlmir. DİM 4 bacarığın yoxlanılması istiqamətində işlər görür.  Hazırda isə dinləmə, oxuma və qrammatikanı yoxlayırıq.

Dil bilgilərinin qiymətləndirilməsi zamanı xarici təcrübədə namizəddən irihəcmli akademik esselər yazılması tələb olunur. Hazırda mövcud şəraiti nəzərə alıb iştirakçılardan bu cür esse yazmağı tələb edə bilmərik. Ancaq bütün bunların həyata keçirilməsi üçün ilkin addımlar DİM tərəfindən atılıb, buraxılış və magistratura imtahanlarına dinləmə mətnləri əlavə olunub. Bu, başlanğıc üçün kifayət qədər normal qiymətləndirmə meyarıdır. Çünki şagirddən birdən-birə çox şey tələb etmək olmaz.

CEFR-in ( Ümumavropa Çərçivə Sənədi - Avropada xarici dil öyrənənlərin naliyyətlərini göstərən təlimat sənədidir) bütün tələblərini maksimal şəkildə həyata keçirməsək də, 3 komponentin üzərində hazırda iş gedir. İmtahanlarda növbəti illərdən speaking (danışma) bacarıqlarının qiymətləndirilməsi gözlənilir.Gələcəkdə digər bacarıqların yoxlanıb qiymətləndirilməsi iştirakçıların yüksək dil biliklərinə yiyələnməsində böyük rol oynayacaq”.

Xatırladaq ki, 2019-cu ilin yanvarında Dövlət İmtahan Mərkəzi Avropa Dil Qiymətləndirmə Assosiasiyasının (ALTE) institusional tərəfdaşı seçilib. DİM Azərbaycandan Assosiasiyaya seçilən ilk qurumdur.

Qurumun nümayəndələri Könül Həsənova, Aynur Bayramlı, Nəzrin Əhmədova 2019-cu il 24-26 aprel tarixlərində Belçikanın Gent şəhərində Avropa Dil Qiymətləndirmə Assosiasiyasının (ALTE) “Təhsilə çoxdilli keçid” mövzusunda 53-cü illik konfransında iştirak ediblər.

Konfransda test etibarlılığı və qiymətləndirmə, testlərin keyfiyyətinin təminatı üzrə müqayisəli perspektivlər, təhsildə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün şəraitin yaradılması, aşağı göstəricələrə malik olan namizədlərə xarici dilin öyrədilməsi və biliklərin qiymətləndirilməsi kimi mövzular geniş müzakirə olunub.

Aynur Bayramlı və Nəzrin Əhmədova ilə dil bacarıqlarının dünya standartları əsasında qiymətləndirilməsi və bu standartların Azərbaycanda tətbiqi ilə bağlı apardığımız geniş müsahibə tezliklə AzEdu.az-da yayımlanacaq.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları