Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-08 14:38:31
“Bu, təkcə UNEC-də deyil bütün universitetlərdə təşkil olunmalıdır” –TEDx təəssüratları  

Xəbər verdiyimiz kimi Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümummilli lider Heydər Əliyevə həsr edilən TEDx UNEC konfransı keçirilib

Konfransın mövzusu “Azərbaycan. Lider. Tərəqqi” olub.

Xatırladaq ki, Azərbaycanda Ulu Öndərə həsr olunan ilk TEDx tədbirində dövlət qurumlarının rəhbər şəxsləri, millət vəkilləri, ziyalılar iştirak ediblər.

QEYD:TED (Technology, Entertainment, Design) intellektual konfransının məqsədi unikal ideyaları paylaşmaqdır. TEDx proqramı “Bölüşməyə dəyər fikirlər” devizi ilə 2009-cu ildən etibarən bütün dünyada təbliğ olunur. İndiyədək yüzlərlə şəhər və universitetlərdə müstəqil TEDx tədbirləri keçirilib və bu təşəbbüslər getdikcə  artır.

“TEDx konfransı təkcə UNEC-də deyil bütün universitetlərdə təşkil olunmalıdır”.  

Bu sözləri AzEdu.az-a təhsil üzrə  ekspert , UNEC İctimai Nəzarət Şurasının üzvü Məlahət Mürşüdlü deyib. Onun sözlərinə görə, tələbələrin dünyagörüşünün artırılmasındaTEDx konfransının əhəmiyyəti böyükdür:

“TEDx UNEC  konfransında artıq  3 ildir ki, davamlı olaraq iştirak edirəm. Ümumiyyətlə, tələbələrin sosial mühitə asanlıqla adaptasiya olmasında TEDx konfransının əhəmiyyəti böyükdür. TEDx konfransında görkəmli şəxslərin həyatından bəhs edən təqdimatlar olur. Eyni zamanda konfransda tələbə və elm adamlarının karyeralarını necə qurduqları barəsində də özlərinin təqdimatlarını edirlər. Bu təqdimatlar o qədər gözəl şəkildə təşkil olunur ki, iştirakçılar az zaman müddətində müəyyən məlumatları mənimsəyə bilirlər.  Düşünürəm ki, TEDx konfransı təkcə UNEC-də deyil bütün universitetlərdə təşkil olunmalıdır.   Çünki, TEDx konfransında yaşından asılı olmayaraq hər bir insan üçün müəyyən ismarıclar olur. Çox istərdim ki, TEDx konfranslarında İslam dəyərləri və Cümhuriyyət tarixindən bəhs edən mövzular təşkil edilsin.

TEDx konfranslarında İslam dəyərləri haqqında mövzular təşkil edilsə, bunun özü də əxlaq,mənəviyyat dərsi olardı. Bəzən, İslam dininə qarşı fərqli düşüncələr olur. Çünki bəziləri  İslamın “molla” və“saqqal”dan ibarət olduğunu düşünür. Amma İslama xas olan dəyərlərə elm, ədalət, ağıl da daxildir. Düşünürəm ki, TEDx konfranslarında  əxlaqi-tarixi mövzularda da təqdimatlar keçirilsə tələbələrin dünyagörüşünün formalaşmasında mühüm rol oynacaq”.

Təhsil üzrə ekspert, UNEC İctimai Nəzarət Şurasının üzvü Şahlar Əsgərovun sözlərinə görə, TEDx layihəsi dünyada çox geniş yayılıb:

“TEDx layihəsinin əsas məqsədi yaxşı ideyaları bölüşməkdir. TEDx konfransında məruzəçilərə mühazirə oxumaqları üçün 20 dəqiqə vaxt verilir.  Konfransda iştirak edən məruzəçilərə isə dinləyicilərin sual verməsinə icazə yoxdur. TEDx mühazirəsi Türkiyədə çox geniş yayılıb. Türkiyədəki TEDx mühazirələrinin bəlkə də 50-ni dinləmişəm. Onu da bildirim ki, UNEC-də ilk TEDx konfransı 2016-cı ildə  keçirilib. TEDx konfransında  bir ideya irəli sürərək onu iştirakçılara açmalısan.  TEDx UNEC konfransı tələbələrdən daha çox cəmiyyət üçündür. Ümumiyyətlə, TEDx UNEC konfransının tələbələr üçün əhəmiyyəti böyükdür”. 

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları