Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-07 13:48:00
Kənd müəllimi: “Müəllimlərin işə qəbulu müsabiqəsi ilə kadr çatışmazlığı aradan qaldırılıb”

“Müəllimlərin işə qəbulu müsabiqəsinin əsas üstünlüyü müəllimlərin ədalətli şəkildə işlə təmin olunmalarıdır. Məhz bu müsabiqə nəticəsində böyük şəhərlərdən kənarlarda, hətta ucqar kəndlərdə belə kadr çatışmazlığı aradan qaldırılıb”- Ucqar kənd müəllimi

Aristotelin məşhur bir aforizmi var: atam məni bu dünyaya gətirib, müəllimim isə mənə həqiqi səadət yolunu tapmaqda yol göstərib. Bu aforizm uşaqları şəxsiyyət kimi formalaşdırmaq istiqamətində ailə ilə yanaşı, məktəbin də prioritet olduğunu bir daha sübut edir. Şübhəsizdir ki, kənd müəllimlərinin işi digərlərindən daha çətindir. Çünki onlar maarif işığı yandırmaqdan ötəri ta uzaq kəndlərimizə gedib, belə demək olarsa, sözün əsl mənasında mübarizə aparırlar.

AzEdu.az davamlı olaraq respublikanın ucqar rayonlarının kəndlərində işləyən gənc müəllimləri elə onların öz dili sizə təqdim edir.

Budəfəki müsahibimiz Tovuz rayonunun Böyük Qışlaq kənd tam orta məktəbinin kimya müəllimi Hüseynova Ayseldir.

Gənc müəllimin öz dilindən  DOSYE:

-Mən Hüseynova Aysel Sucəddin qızı 2011-ci ildə Bakı şəhəri Sabunçu rayon 170 nömrəli tam orta məktəbi bitirmişəm. Məzun olduqdan sonra Bakı Dövlət Universitetinin kimya müəllimliyi ixtisasına qəbul olunmuşam. 2015-ci ildə ali təhsilimi başa vurub, 2018-ci ildə müəllimlərin işə qəbulu müsabiqəsində (MİQ) iştirak etmişəm. Nəticədə, 53 bal toplayaraq Tovuz rayon Böyük Qışlaq kənd tam orta məktəbinə qəbul olunmuşam.

“Hər birimizin şəxsiyyət kimi formalaşmasında ümumi təhsil məktəblərinin rolu danılmazdır”.

- Bu gün məktəblər gələcəyin şəxsiyyətlərini yetişdirir. Bu baxımdan kənd məktəblərini şəhər məktəblərindən ayırmaq lazım deyil. Çünki  ucqar kəndlərdə də kifayət qədər xüsusi istedadlı uşaqlar var və müəllimlər tərəfindən onların bacarığı kəşf edilir. Kənddə oxuyan belə şagirdlər arasında güclü olimpiadaçılarımız da var. Hesab edirəm ki, biz müəllimlər bu cür istedadlı uşaqlarla xüsusi məşğul olmalıyıq.

Olimpiadalarda təqdim edilən suallar orta məktəb proqramının verdiyindən daha çox bilik tələb edir. Buna görə də olimpiadalara hazırlıq üçün məktəblərdə dərs saatından əlavə dərnək və məşğələlər təşkil olunur. Bu dərslərdə proqramla keçirilən mövzular barədə daha dərindən məlumat verilir. Təşkil olunan bu cür hazırlıq olimpiadaların rayon turunda iştirak etmək üçün kifayətdir, yəni şagirdləri hazır vəziyyətə gətirmək mümkündür.

Bu arada, orta məktəbdə oxuduğum vaxtlarda mən də respublika fənn olimpiadalarının rayon mərhələsində iştirak edib, riyaziyyat üzrə ikinci yeri qazanmışdım. Amma təəssüf ki, yüksək nəticə əldə etmək üçün xüsusi hazırlıq keçmədim”.

Məktəb təhsilin başlanğıcıdır” (Lord Broham)

“Hər dəfə yeni mövzu keçdikdə şagirdlərə bu bilikləri harada tətbiq edə biləcəklərini izah edirəm”.

- İşimi icra edərkən bir sıra xüsusi, özünəməxsus üsullardan istifadə edirəm. Kimya təbiət elmi olduğu üçün onu daha çox gündəlik həyatla əlaqələndirməyə çalışıram. Hər dəfə yeni mövzu keçdikdə şagirdlərə bu bilikləri harada tətbiq edə biləcəklərini izah edirəm. Kimya dəqiq fənlərlə, xüsusilə riyaziyyatla sıx bağlıdır. Bu baxımdan öz fənnimi yaxşı mənimsətmək üçün riyaziyyatdan zəif olan uşaqlarla da vaxt olduqca məşğul olur, bu fəndən bildiklərimi də onlarla bölüşürəm. Çünki riyaziyyatı yaxşı qavrayan uşaq kimyada da uğurlu ola bilər”.

“Məktəbləri olan bir millətin gələcəyi əmniyyətli və təhlükəsizdir”. (Otto fon Bismark)

“MİQ müsabiqəsinin əsas üstünlüyü müəllimlərin ədalətli şəkildə işlə təmin olunmalarıdır”.

Bunun nəticəsində böyük şəhərlərdən kənarlarda, hətta ucqar kəndlərdə belə kadr çatışmazlığı aradan qaldırılıb. Mən bu müsabiqəyə qatılmaq üçün heç xüsusi də hazırlaşmadım. Çünki universitetdə kurikulum metodikası barədə kifayət qədər bilgi əldə etmişdim. Əlavə olaraq, kimya dəqiq elmlərlə sıx bağlı olduğundan məntiqdən də xüsusi hazırlıq keçməyi ehtiyac bilmədim. ixtisasımla bağlı isə heç bir çətinliyim yox idi. Beləcə müsabiqəyə qatıldım və nəticədə, 53 bal topladım.

Rəna Nəbi