Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-07 12:51:55
Peşə liseyində oxuyan ali təhsilli xanım: “İlk dərs günündə hər kəs məni valideyn bilmişdi” - MÜSAHİBƏ

Bu gün ölkəmizdə peşə təhsilinə maraq əvvəlki illərlə müqayisədə daha çoxdur. 

Hətta müxtəlif ixtisaslar üzrə ali təhsil alsalar da, sonradan hər hansı sənətə yiyələnmək üçün peşətəhsilinə yönələnlər də az deyil.

AzEdu.az-ın bugünkü müsahibi Gülər Ağayeva da onlardan biridir.

O, Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasını bitirib. Lakin karyerası ilə bağlı fərqli qərar verib. Müəllimlik təbii ki, müqəddəs məsləkdir, amma Gülər xanım potensialını daha çox tam fərqli bir peşədə görüb. Elə bu səbəbdən də ixtisasla bağlı təhsil almaq qərarına gəlib və 5 saylı Bakı Peşə Liseyinə qəbul olunub. Gülər xanımla daha yaxından tanış olaq:

“İlk dərs günündəhər kəs məni valideyn bilmişdi”.

Gülər xanımın uşaqlıqdan incə peşələrə həvəsi olub.Amma müəyyən səbəbdən, ilk təsilini bu istiqamətdə almayıb:

“Azərbaycan Müəllimlər İnstitutunda Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə ali təhsil almışam. Lakin sonradan gözəllik profilli sənətlərə -  salon işinə həvəsim çox olduğu üçün bunun təhsilini almaq qərarına gəldim. “Asan Peşə” vasitəsilə qeydiyyatdan keçib, 5 saylı Bakı Peşə Liseyində bərbər, vizajist və manikür ixtisası üzrə oxumağa başladım. Hazırda təhsilimi davam etdirir və diplom üçün dövlət imtahanına hazırlaşıram. 

Məndə uşaqlıqdan salon işinə həvəs olub. Lakin ali təhsilli, ziyalı ailədə böyümüşdüm. Bir növ, ailəmin təsiri ilə ali təhsilə yiyələndim. Lakin sonradan yenə də öz istəyimin arxasınca getdim.

İlk dərs günündə hər kəs məni valideyn bilmişdi. Əvvəllər özüm də bir az sıxılırdım. Get-gedə bir-birimizə öyrəşdik. Uşaqlar məni qrup yoldaşından əlavə böyük bacı hesab edirlər. Bir çox sahədə xüsusilə də, gələcəklə bağlı planlarında məndən məsləhət alırlar. Bir müddət sonra  ali təhsilli olmanın avantajını da yaşadım. Təhsilli olduğum üçün müəllimlərlə münasibətim digər tələbələrdən daha yaxşı idi”.

“9 ayım demək olar ki,  boşa getdi”.

Gülər xanımı peşəsinə olan sevgisi ilk dəfə bura – peşə liseyinə gətirməyib. O, Bakı şəhər 5 saylı Peşə Liseyinə gəlməzdən əvvəl 9 ay şəxsi salonlarda hazırlığa gedib:

“Salon işini öyrənmək üçün 9 ay gözəllik salonlarının birində hazırlığa getsəm də, heç nə öyrənə bilmədim. Adicə qayçı tutub, saç kəsə bilmirdim. 9 ayım demək olar ki,  boşa getdi.  Burda isə Mərziyə müəllimin sayəsində peşəmlə bağlı hər şeyi dərinliyi ilə öyrəndim.Bu gün sırf saç kəsimi üçün növbəyə yazılan müştərilər var”.

Biz burda işimizin praktikası ilə yanaşı, texnikasını da öyrənirik. Hər birimizin xüsusi dəftəri var. Həftədə 2 gün praktik dərslər olur ki, bu zaman dərsləri hər kəs özünə təyin olunmuş guşədə öyrənir. Praktik dərslərdə gün boya - bir gün kəsim, bir gün buruq və s. öyrənirik. Artıq indi təcrübədəyik”.

Gülər xanım əsas sənəti olan müəllimlik barəsində də danışır. Hiss olunur ki, bu sahəyə də böyük sayğısı və hörməti var. Amma necə deyərlər, niyyətin hara, mənzilin də ora...

"Məktəblərdə tədris aparan müəllimlərin işinə baxıram, bir də salon işinə... Tam fərqlidir. Hər bir peşənin özünəməxsus çətinliyi var.  İstər vizajist olsun, istər müəllimlik... Hər işin  məsuliyyəti fərqlidir".

Rəna NƏBİ