Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-03 16:40:00
Sağlamlıq imkanları məhdud şəxslərin təhsili rəqəmlərin diliylə - 3 faizi magistrantdır

“Ali və orta ixtisas təhsili müəssisələrində I və II dərəcə əlilliyi olanlar, habelə sağlamlıq imkanları məhdud 4500-ə yaxın tələbə təhsil alır.

Onların 47%-i sağlamlıq imkanları məhdud,  24%-i II qrup əlilliyi olan şəxslərdir. I qrup əlilliyi olan şəxslər isə 4500 nəfərin təxminən, 2.3 %-ni təşkil edir”.

Bu sözləri “Təhsil” televiziyasının “Təməl” verilişində Təhsil nazirinin müavini İdris İsayev deyib.

Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncam barədə danışan nazir müavini əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqından azad olunması barədə ətraflı məlumat verib.

İdris İsayev qeyd edib ki, I və II dərəcəli əlilliyi olanlar, habelə sağlamlıq imkanları məhdud şəxslər orta ixtisas təhsili müəssisələrinə nisbətən, ali təhsil ocaqlarında daha çoxdur:

“Ali təhsil müəssisələrində təhsil alan təxminən 171 min nəfərin 1.5 faizi sağlamlıq imkanları məhdud və əlilliyi olan şəxslərdir. Sevindirici haldır ki, belə şəxslər arasında ali təhsilə cəlb edilənlərin sayı hər il daha da artır.

Belə ki, 2015-ci ildə ali təhsil müəssisələrinə 660-a yaxın sağlamlıq imkanları məhdud şəxslər daxil olubsa, 2018-ci il üçün bu göstərici 1500 nəfərədək yüksəlib. Bu artım təhsilin əlçatan olmasını bir daha sübut edir. Yəni, sağlamlıq imkanları məhdud olan şəxslərin də təhsil almaq imkanları mövcuddur”.

Nazir müavininin sözlərinə görə, ali və orta ixtisas təhsili müəssisələrində I və II dərəcə əlilliyi olanlar, habelə sağlamlıq imkanları məhdud 4500-ə yaxın tələbə təhsil alır:

“Onların 47%-i sağlamlıq imkanları məhdud,  24%-i II qrup əlilliyi olan şəxslərdir. I qrup əlilliyi olan şəxslər isə 4500 nəfərin təxminən 2.3 %-ni təşkil edir. Ümumilikdə isə ali təhsil səviyyəsinin bakalavriatura pilləsində təhsil alanlar digərlərinə nisbətən daha çoxdur. Təxminən, təhsil alan bütün əlilliyi olan və sağlamlıq imkanları məhdud şəxslərin 56%-i bakalavriatura, 3%-i  magistratura, 41 %-i isə orta məktəblərdə təhsil alırlar”.

Qeyd edək ki, Prezident İlham Əliyev I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təhsil haqqı xərcləri 2019/2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.