Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-03 12:31:00
Tələbələr BDU-nun 100 illik yubileyi şərəfinə yarışacaqlar- Futzal üzrə respublika birinciliyi

Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr edilmiş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən futzal üzrə respublika birinciliyi bu idman növünün tələbələr arasında təbliğ edilməsinə xüsusi rol oynayır.

Birinciliyin keçirilməsinin əhəmiyyəti barədə fikirlərini bildirən təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti Firudin Qurbanov ölkə Prezidenti cənab İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsinə dair müvafiq sərəncamını xatırladaraq bu təhsil ocağının indiyədək nailiyyətlərlə zəngin şərəfli bir yol keçdiyini vurğulayıb.

Nazir müavini bildirib ki, dövlət başçısı cənab İlham Əliyevin idmana diqqət və qayğısı sayəsində respublikamız  artıq idman ölkəsi kimi dünyada layiqli yer tutur.

Firudin Qurbanovun sözlərinə görə,  bu yarışın əsas məqsədi ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futbolun təbliği və kütləviliyinə, perspektivli idmançıların aşkar edilməsinə və onların ustalardan ibarət komandalara cəlb edilməsinə, tələbələr arasında dostluq əlaqələrinin yaradılmasında nail olmaqdır. Nazir müavini qeyd edib ki, BDU-nun 100 illik yubileyinə həsr olunmuş futzal üzrə respublika birinciliyi genişmiqyaslılığı, mütəşəkkilliyi, eyni zamanda ictimaiyyət tərəfindən maraqla qarşılanması baxımından idman tariximizə yaddaqalan hadisələrdən biri kimi daxil olacaq.

Respublika birinciliyində ümumilikdə 32 ali və orta ixtisas təhsili müəssisələrinin komandaları iştirak edib. Komandalardan 21-i Bakı şəhərini, 11-i isə regionları təmsil edib.

Birincilik yarımqrup oyunları, pleyy-off, yarımfinal və final mərhələləri üzrə təşkil edilib.

Püşkatma yolu ilə müəyyən edilmiş  6 yarımqrup üzrə keçirilən oyunlar Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Şirvan Dövlət İqtisad və Humanitar Kollecinin, Göygöl rayon Olimpiya İdman Kompleksinin idman zallarında təşkil edilib.Yarımqrup oyunları 05-20 aprel 2019-cu il tarixlərini əhatə edib.

Hər qrup üzrə birinci və ikinci yerləri tutan komandalar: Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Tibb Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Lənkəran Dövlət Universiteti və Şamaxı Dövlət Regional Kollecin komandaları  pley-off mərhələsində mübarizə aparıb.     

Yarışların pley-off mərhələsində ümumilikdə 11 ali və 1 orta ixtisas təhsili müəssisəsinin komandaları olmaqla 12 komanda iştirak edib.

29 aprel-1 may 2019-cu il tarixlərində Azərbaycan Texniki Universitetinin idman kompleksində keçirilən pley-off mərhələsinin oyunlarının nəticəsinə əsasən, Azərbaycan Tibb Universitetinin və Gəncə Dövlət Aqrar Universiteti komandaları III yer, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və Azərbaycan Dövlət İqtisad Universitetinin komandaları isə I yer uğrunda mübarızə aparacaqlar.

Yarımfinal və final oyunları  13 mayda Bakı İdman Sarayında keçiriləcək.

Yarışda  I, II və III yeri tutan komandalar diplom, kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Bundan başqa təsis edilmiş  nominasiyalar üzrə seçiləcək tələbə futzalçılar da xüsusi  mükafatlarla təltif olunacaq.

Respublika birinciliyi AFFA, Azərbaycan Tələbə Futbol Federasiyasının təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirlikləri, Futzal Futbol Federasiyasının dəstəyi ilə keçirilir.