Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-02 09:00:00
"Xürafatı din deyil, dinsizlik yaradır" - QMİ-nin sədr müavini

“Cəhalət, xurafat, mövhumatı din deyil, dinsizlik yaradır. Onları dəf etmək üçün bilik sahibi olmaq lazımdır”

Bu sözləri AzEdu.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi sədrinin ictimaiyyətlə əlaqələr və ailə məsələləri üzrə müavini Qəmər Cavadlı deyib. O bildirib ki, orta və ali təhsil müəssisələrində dini biliklərin tədris edilməsi cəmiyyətimizdə aktual problemin mövcudluğunun göstəricisidir:

“Din milli ideologiyanın tərkib hissəsidir. Dini siyasət hər dövlətin ideoloji konsepsiyasinda yer alır. Hazırda Azərbaycan dünyada multikulturalizmin məkanı, müxtəlif dinlərin və məzhəblərin birgəyaşayış yeri kimi tanınır və təbliğ olunur. Ölkəmizdə dini etiqad azadlığı tam təmin olunub, dinlərarası və məzhəblərarası qarşılıqlı ehtiram münasibətləri var. Hətta İslamın iki məzhəbinin birgə namaz qılması faktı bütün dünyaya örnək kimi göstərilir. Belə bir nadir  modelin daha ətraflı öyrənilməsi və öyrədilməsi ilk növbədə təhsil müəssisələrinin prioritetidir”.

Onun fikrincə, dini biliklərin tədrisini zəruri edən xeyli səbəb var:

“Hər şeydən əvvəl, din əxlaq məktəbidir, imanın əxlaqa təsirini zamanında Spinozadan Freydə, Nizamidən Qəzaliyə qədər dahi saydığımız bütün korifeylər təsdiq etmişlər. Cəmiyyətlərin əxlaq deqradasiyası yaşadığı bir zamanda gənclərimizə milli-mənəvi dəyərlərə qayıdış prosesini yaşatmaq üçün dindən qüvvətli vasitə yoxdur. Din bir çox sosial problemlərin - intihar, yadlaşma, ekstremizm, psixoloji aqressivlik kimi ictimai bəlaların qarşısının alınmasında ən təsirli vasitədir. Din cəmiyyətləri formalaşdıran və inteqrasiyaya yardım edən bir fenomendir. Bu mənada, dinin düzgün və elmi mənbələrdən öyrənilməsi əslində qüvvətli bir biliyə sahib olmaq deməkdir. Bilikli bir cəmiyyət isə faktiki olaraq güclü dövlətin əsasıdır.

Dini biliklərin tədris edilməsi haqqında dövlətimizin verdiyi qərarı müsbət bir irəliləyiş kimi dəyərləndirir, düşünürük ki,  bu zəruri addımın səmərəli nəticələri cəmiyyətimizin mənafelərinə və mənəvi yüksəlişinə xidmət edəcək”.

Qəmər xanım sonda qeyd edib ki, cəhalət, xurafat və mövhumatı din deyil, dinsizlik yaradır. Onları dəf etmək üçün isə bilik sahibi olmaq lazımdır.

Qeyd edək ki, hazırda istifadə olunan “Həyat bilgisi” dərsliyində dini biliklərlə bağlı məlumatlar olsa da, təkmilləşdirilmiş variantda bu məlumatlar daha da genişləndirilib.

Təkmilləşdirilmiş yeni dərsliklərin sentyabrdan şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur.