Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-30 11:27:48
“Güllə yanağından girib, beynindən çıxdı” - “ADNA terroru” qurbanının kədərli həyatı  

Terrorun apardığı Yusif, dərdə dözməyən anası və məhv olan ailə

Bütün Azərbaycanı sarsıdan “ADNA terroru”nun 10 illiyidir. Həmin dəhşətli hadisədən hamıya bir kədər payı düşüb, təəssüf və qəzəb bəxş edib. Terror zamanı həyatını itirənlərin ailələri, yaxınları isə bu “paydan” yıxılıblar, çöküblər, hətta dərdə dözməyib, rəhmətə gedənlər də olub.

AzEdu.az bu qurbanlardan biri, gənc yaşında məlum hadisə səbəbindən dünyasını dəyişən  Yusif Bəndəliyev haqqında yazını təqdim edir: 

“Zülmün üzünə haqq deyilən şilləni  çəksən,
Şilləndə möhürlənmiş o qeyrətdədir Allah...”

Reportaja bu bəndlə başlamağım əbəs yerə deyil. Bəxtiyar Vahabzadənin “Fəryad” pyesindən olan bu hissə reportaj qəhrəmanın tez-tez dinlədiyi şeir olub…

O, şilləsini namərdin üzünə çəkmək üçün dostlardan ayrılıb ölümə doğru irəlilədi və həyatını itirib “dünyadan vaxtsız köçən Bəndəliyev” adını qazandı.

Qısaömürlü Bəndəliyevlər…

Bəndəliyev soyadı bir vaxtlar Cəlilabadın tibb ictimaiyyətində sayılıb-seçilən, insanların böyük sevgisini qazanan həkimlərə görə tanışdır. Aslan, Möhübbət, Əflatun və Qələndər Bəndəliyev qardaşları həyatdan vaxtsız köçsələr də, adları daim rayon əhalisinin yaddaşında qalıb.

Təəssüf ki, sonrakı- yeni nəsil arasında həyatla vaxtsız vidalaşma halı bir silsiləyə çevrilib…

Əvvəlcə, İsveçdə məktəblilər arasında keçirilən beynəlxalq rəsm sərgisinin qalibi Hüseyn Bəndəliyev 2006-cı ildə Tərtərdə ermənilərlə qeyri-bərabər döyüşdə şəhid olur. Üstündən bir müddət keçəndən sonra Hüseynin bacısı Zeynəb Bəndəliyeva ehtiyatsızlıq üzündən bənddən aşan rəfiqəsini xilas etmək üçün özünü suya atır. Və…. Qardaşına doğru tələsir.  Sonra isə Yusif Bəndəliyev terror qurbanı olur. Beləliklə, vaxtilə həkim soyadı kimi tanınan “Bəndəliyev”, artıq rayonda cəsarət və qorxmazlığın da simvoluna çevrilir.

Yusif Bəndəliyev ADıNA

Bəndəliyev Yusif Telman oğlu 1989-cu il iyulun 21-də Cəlilabad rayonunda dünyaya gəlib. 1996-cı ildə Cəlilabad şəhər 2 saylı orta məktəbin birinci sinfinə gedən Yusif, 2007-ci ildə məzun olur. Yusif elə həmin il  506 balla ADNSU-nun gömrük ekspertizası ixtisasına qəbul olsa da, universiteti bitirə bilmir. Tələskənlik növbəsi bu dəfə ona çatır;  2009-cu ildə ikinci kursu bitirməsinə bircə ay qalmış 30 apreldə törədilən ADNA terrorunun qurbanı olur.

YADDAŞ ÜÇÜN: 2009-cı il 30 aprel tarixində səhər saatlarında bir nəfər silahlı şəxs Azərbaycan Dövlət Neft Akademiyasının 2-ci binasına daxil olaraq, ətrafdakılara atəş açmağa başlayır. Hadisə nəticəsində 13 nəfər həyatını itirir, 10 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alır. İstintaq materiallarına əsasən, qətl  törədən şəxs Gürcüstan vətəndaşı 29 yaşlı Fərda Əsəd oğlu Qədirov idi.
Terror qurbanlarından 7-si tələbə olub...

Səkkiz + Bir

Hadisə şahidlərinin sözlərinə görə, Yusifgil terror baş verən gün altıncı mərtəbədə yerləşən auditoriyaların birində dərsdə olur. Tələbələr atışma səsləri eşidib, pəncərədən boylanır və universitetin həyətində qarışıqlıq yarandığını görürlər. Çölə çıxan bir neçə tələbənin arasında Yusif də olur. Onlar terrorçu ilə qarşılaşanda aralarında təxminən, 20 metr məsafə var imiş. Tələbə yoldaşları bildirir ki, Yusif “bunun nəyindən qorxursuz?” deyib yumruqlarını düyünləyir.

Terrorçunun üstünə şığıyan zaman  təxminən 3 metr məsafədən ona atəş açılır. Güllə Yusifin yanağından girərək beyninin sol hissəsindən çıxır…

Hadisədən bir neçə gün öncə rayona gələn Yusif evdəkilər, dost və  müəllimləri ilə də vidalaşır. Elə həmin gün Yusif əmisi oğlu Hüseynin şəkli önündə durub uzun – uzun fikrə dalır. Deyilənlərə görə, Yusifin ən böyük arzusu da elə əmisi oğlunun xidmət etdiyi hərbi hissədə qulluq etmək idi. O, bu istəyi barədə hətta hərbi hissəyə məktub da yazmışdı.

Qeyd edək ki, Bəndəliyev Hüseyn cəbhə bölgəsində 8 güllə yarası alaraq həyatını itirib. Yusifə dəyən bir güllə isə Bəndəliyevlərə dəyən güllələrin sayını-hesabını itirir…

“Anam son nəfəsinə kimi “Yusif” dedi”.

Yusifin qardaşı Yaqub onu son mənzilə yola saldığı il qəbul imtahanı verərək yüksək balla Azərbaycan Neft Akademiyasına qəbul olunub. Yusif istəyirmiş ki, Yaqub ali məktəbə daxil olduqdan sonra həyətdə özünün saldığı bağçada ona məclis qursun… Yaqub deyir ki, Yusifin ölümündən sonra ailəmizdə çox şey dəyişdi:“Hadisə baş verən gün mən Cəlilabad rayon Mədəniyyət Evində keçirilən bilik yarışmasında idim. Uşaqlarla xəbər tutduq ki, Neft Akademiyasında atışma olub. Evə gələndə evdə kənar adamlar və qohumlar var idi. Əvvəlcə, bizə dedilər ki, Yusifgilin qrupundan bir tələbə yaralanıb və o da qardaşımdır.

Yusifin ölümündən sonra ailəmizdə nələr dəyişmədi ki?! Ailə sözün həqiqi mənasında dağıldı. Qardaşım rəhmətə gedəndə anam təzə müalicədən qayıtmışdı. Bu hadisə ona xəstəliyini təkrar geri qaytardı. 2009-cu  ildə universitetə qəbul olub şəhərə köçdük. Bir müddət sonra anamda həmin xəstəlik təkrarlandı. Təəssüf ki, 2013-cü ildə anam vəfat etdi”.

Yusifin anası Səlminaz xanım rayonda dərzi işləyib.Yusifin hazırlıq dövründə hər gün onu oyadar, oğlu dərslərini oxuyar, anası isə paltar tikərmiş. Yaqub deyir ki, anası Yusifə çox bağlı olub.

Yaqub qardaşının bir çox xarakterlərinə bələd olduğunu deyir. O əlavə edir ki, Yusifin sevdiyi qız var idi, amma indi ondan xəbər yoxdur…

“Yusif uşaq vaxtı səhhəti ilə bağlı müalicə alıb, çoxlu dərmanlar qəbul edib. Bu dərmanlar onda öz təsirini göstərirdi, olduqca çox əsəbi idi. Bununla yanaşı o, həddən ziyadə deyib – gülən idi.

Biz ailədə 2 bacı, 2 qardaş idik. Yusif getdi… İndi isə mənə onu ən çox xatırladan böyük bacımın oğludur. Nədənsə qardaşımın hərəkətlərini onda çox görürəm.

...Universitetlərdə alt - üst həftə anlayışı, səhv etmirəmsə, həmin illərdə tətbiq olunub. Deyəsən, Yusifin 2 həftədə yalnız 1 dəfə həmin korpusda dərsi olurmuş. Və, görünür, terror baş verən gün Yusif də orada olmalı imiş”.

“Biz məktəbdə Yusifi qısa olaraq Yuska, ya da öz istəyi ilə Jozef deyə çağırırdıq”

Sinif yoldaşı Gülnar Amanova deyir ki, o, son siniflərdə Yusiflə eyni parta arxasında əyləşib. Gülnar Yusifi bu gün də zarafatcıl olduğu qədər,  kövrək insan kimi xatırlayır:“O,  bütün sinif yoldaşlarının, müəllimlərinin sevimlisiydi. Ən əsası mənim ən çox sevdiyim sinif yoldaşlarımdan biri, bəlkə də ən birincisi olub. Sakit, mehriban, istedadlı və savadlı oğlan idi.Bəndəliyevlər ailəsi rayonda ən çox həkimləri ilə tanınırdı. Evdəkilər elə ona görə, “Yuska”nın da həkim olmasını istəyirdilər, lakin o, I qrupa imtahan verib, Neft Akademiyasına daxil oldu.

Yusif ayrılıq anlarını qəti sevmirdi. O vaxtlar hər kəs dərs ilinin sonunda xatirə dəftəri tuturdu. Yadımdadır, xatirə dəftərimi yazmaq istəmirdi. Deyirdi ki, xatirə dəftəri yazıb, son zəngə az qaldığını düşünəndə, yaman çox darıxıram. Xatirə dəftərinə elə sözlər yazıb ki… Sanki öləcəyini qabaqcadan bilirmiş… Bəlkə də hiss edirdi, çünki Bəndəliyevlər az ömürlü olurlar”.

“Yusifin həyatı boşdur”

Gülnar deyir ki, may ayının 10-da görüşüb gəzəcəkmişlər. Sən saydığını say, gör fələk nə sayır…

“Bir dəfə 11-ci sinifdə oxuyanda Yusiflə söhbət edirdik. Söhbətləşəndə mənim dəftərimə nəsə yazırdı. Sonra dəftərimi açdım, baxdım gördüm ki, ingiliscə "Yusifin həyatı boşdur" yazıb. Mən o sözü heç vaxt unutmaram. Sonra qəbul imtahanı verdik. Çoxumuz tələbə adını qazandıq. “Yuska” da yüksək bal toplayan şagirdlərimizdən oldu. O vaxtlar 500-dən yuxarı bal toplamaq, elə demək olar ki, 700 bala bərabər idi. Tələbəlik illərində də uşaqlarla mütəmadi olaraq görüşürdük. Yadımdadır, 2008-də gül bayramına gedib bütün günü gəzmişdik. Planlamışdıq ki, 2009-da da gül bayramında görüşüb əylənərik.

Mən texnikuma daxil olmuşdum deyə, həmin il artıq təhsilimi başa çatdırırdım. Kurs işi yazmalıydım, amma çətinlik çəkirdim. Həm də o vaxtlar hamının evində kompüter yox idi. Yusif mənə deyirdi, qardaşın ölməyib ki, kömək edəcəm sənə, bir yerdə yazacağıq. Elə kurs işinin əksər hissəsini də Yusif yazdı. Onu mənə təhvil vermək üçün sonuncu dəfə aprelin 23-də “Neftçilər” metro stansiyasının yanında görüşdük. Yusifi sonuncu dəfə onda gördüm”.

Sinif yoldaşının sözlərinə görə, ADNA-da oxuyan iki dostu olmasına baxmayaraq, terroru eşidən kimi ağlına ilk gələn Yusif olub. Dua edib, Allaha yalvarsa da, onu ilk dəfə bu qədər sarsıdan xəbər alıb:“Yusif axırıncı dəfə rayona gedib, müəllimləri, ailəsi ilə görüşərək ayın 29-u Bakıya qayıdıb.  Elə bil, son görüşü olduğunu hiss edib. Terror günü xalam qızı gəlib dedi ki, bəs ADNA-da terror hadisəsi baş verib. Mənim ADNA-da 2 sinif yoldaşım oxuyurdu, biri Aqil, digəri isə “Yuska”. Tələsik TV-ni açdım. İnanmazsınız, amma TV-ni açan kimi ekrana ilk “Yuska”nın adı gəldi. Sanki dünya başıma yıxıldı. O, öləsi oğul deyildi, sadəcə, Yusif orada  var idisə, ölməli idi.  Çünki o cür  şərəfsiz terroristdən kimsə qaçsa da, Yusif qaçmazdı. O, qətiyyən qorxaq  insan deyildi.

Səlminaz xala onsuz da xəstə idi. Yusifin ölümündən sonra daha pis oldu. Babası da bu dərdə dözməyib rəhmətə getdi. Bizim sinif uşaqları Səlminaz xalaya baş çəkməyə gedəndə onlara deyirmiş ki, tezliklə Yusiflə görüşəcəm deyə elə sevinirəm ki. Nə bilim, bu da “Yuska”nınqismətiymiş. İlk dəfə yaxın birini itirməyin nə demək olduğunu onun yoxluğunda bilmişəm”.

Yusifin universitetdə ilk və son həmsöhbəti…

Yusifin qrup yoldaşı Ağanur deyir ki, Yusif onun universitetdə söhbətləşdiyi ilk tələbə imiş. Sonuncu dəfə də bir neçə tələbə auditoriyadan çıxıb dəhlizin əks istiqamətində gedərkən elə Yusiflə birgə olublar.

“Bəlkə də ilk həmsöhbətim Yusif olduğu üçün onun mənim ürəyimdə xüsusi yeri var olub. Yusif nəinki mənim, eləcə də bütün 761-7 qrupu üçün xüsusilə seçilirdi. Ailə tərbiyəsi, mehribanlığı, mərdliyi, diqqətcilliyi, bir dost kimi insanı dinləmə qabiliyyəti çox yüksək idi. Bu xüsusiyyətləri daşıyan insan haqda keçmişdə danışmaq, doğurdan da, çətindir. O hadisələrdən sonra anasının ağır xəstəlikdən vəfat etməsi, atasının səhhətindəki ciddi problemlər adama daha da pis təsir edir.

Hadisə dünənki kimi yadımdadır. Səhər saatları… 18-19 yaşlı gənclər üçün sıradan dərs günü... Eşidilən güllə səsləri, polis maşınları, təcili yardım siqnalları bizi hələ də hadisənin reallığına inandırmamışdı.

Ən çox isə Yusif… “Bu kimdir?!” “Bunun nəyindən qorxursuz?!” Yusifin bu sözləri hələ də beynimdə səslənir. Heç nə olmamış kimi aramızdan ayrılıb getdi. Və o, namərdlə üz – üzə gəldi...”

Ölənlərin göndərildiyi “Respublikanski”

Qrup yoldaşı deyir ki, onlar hər il Yusifin məzarını ziyarət edirlər.Məzar daşındakı uca boylu, yaraşıqlı Yusifi görəndə göz yaşlarını saxlaya bilməyən Ağanur, onun əlindən tutub getməsinə əngəl olmadığı üçün özünü qınayır:Semaşko”da qrup yoldaşlarmızla onu gözləməyimiz gözümün önündən getmir. Onun yaralı olduğunu düşünürdük. Daha sonra dedilər ki, Yusif “Respublikanski”-ya göndərilib. Bunu eşidəndə, sanki, əl-qolumuz qırıldı… Dünya başımıza uçuldu! Axı, ora yaralıları deyil, ölüləri aparırdılar... Çox ağrılı günlər yaşadıq. Uzun zaman hadisənin təsirindən çıxmadıq, onun yoxluğunu qəbul edə bilmədik.

Necə əlindən tutmadım, niyə saxlamadım Yusifi? Bu suallar məni həmişə narahat edir, qismət belə imiş. Allahın hökmü qarşısında mən də, qrup yoldaşlarım da aciz qaldıq. Onun xoş niyyəti, dostluğu, mehribanlığı haqda çox danışmaq olar. Nə deyim, Allah bütün şəhid tələbələrə rəhmət etsin! Əziz xatirələri bizim ürəyimizdə daim yaşayacaq...

“Yusif Bəndəliyev adına 2 saylı orta məktəb”

Yusifin təhsil aldığı Cəlilabad şəhər 2 saylı tam orta məktəbin adı Yusif Bəndəliyev adına rəsmi olaraq qeydə alınmasa da, həmin illərdə hər kəs dəftərlərinə öz adını “Yusif Bəndəliyev adına orta məktəbin şagirdi” kimi qeyd edirdi,çünki Yusif onu tanıyan və tanımayan hər kəsin əzizinə çevrilmişdi.

Yusif müəllimi Vaqifin isə elə birinci sinifdən doğması idi. Vaqif müəllim deyir ki, onun məktəb illərindəki uğurlarına ən çox sevinən ibtidai sinif müəllimi, ömür-gün yoldaşım Şəmsiyyə xanım və mən olurdum.

“Müəllim ömrünün mənası bağban ömrü ilə eynidir. Əkdiyi ağacların barına sevinən bağban kimi təhsil verdiyi şagirdlərin uğuruna fərəhlənən müəllim eyni qürur hissi keçirir. Yusif öz səmimiliyi, biliyi, çalışqanlığı ilə diqqəti cəlb edirdi. Yalanı sevməzdi, dərhal sözün və işin düzünə çalışardı. Beləcə, illər keçdi və gənc Yusif formalaşdı. İllər bir-birini sürətlə qovaraq, Yusifə tələbəlik həyatı bəxş etdi. 2009-cu ilin çərşənbə bayramında axşam bizə gəlib, papağını içəri tulladı. Bayram payı alıb yeyəndən sonra içəri girdi. Biz o zaman başa düşmüşdük ki, papaq Yusifinkidir.

Aprelin 30-da ölkəyə yayılan xəbər bizi sarsıtdı. Hadisə zamanı Yusifin ölümü isə hər ikimizin-həyat yoldaşımın və mənim- belini qırdı. Onu oğlumuz kimi sevirdik. O ağrını çox çətin yaşadıq. Yusifi daim düşünür, qürur hissi keçirirəm. Yusif müasir Azərbaycan gəncinin qəhrəmanlıq simvoluna çevrilib. Onun arzu və istəkləri yaşıdları tərəfindən davam etdirilməlidir”.

Yusifin atası Telman Bəndəliyev rayon qəzetinə müsahibəsində deyib ki, Yusif həyatda sakit və ehtiyatlı olmasına baxmayaraq, 3 dəfə ölümdən qayıdıb:

“Elə bil bir kabus onu qarabaqara izləyirdi. O, ayrı-ayrı vaxtlarda 3 dəfə ağır zədə alıb, uzun müddət müalicə olunub və bu hadisələrin yaratmış olduğu fəsad onun səhhətində izsiz ötüşməmişdi. Bir dəfə yaşadığımız evin ikinci mərtəbəsindən həyətin beton döşəməsinə yıxılaraq, ağır yaralanmışdı. Başqa bir vaxt çardaqdan iri bir metal parçası düşüb başına dəymişdi. Daha sonra hündür daş hasarın üstündə gəzərkən ayağının altından qopan daş yerə yıxılan Yusifin sifətini al-qana boyamışdı. Bütün bunlara baxmayaraq, o həyatda çox nikbin idi.

Ramiz Rövşən demişkən, bəzən…

Təkcə gücsüzlüyündən
yıxılmır, atam balası,
Arabir gücündən yıxılır adam…

…Bu dünyanın ən dəlisov
atından
yıxılmır,
Amma bir kəpənəyin
qanadından,
bir otun ucundan yıxılır adam.

Vaqif müəllimin də dediyi kimi, Yusif, lüğətimizdəki "cəsarət" sözünü öz həyatı bahasına bizlərə yenidən xatırlatdı.

Məzarlığa açılan darvaza…

Yusifgilin darvazasının düz məzarlığa açılması bəlkə də təsadüfi deyil. Dəmir qapının ardında isə Yusif  öz əlləri ilə bağça salıb. Nə bilərdi ki, o bağça nə özünə, nə də ailəsindən heç kimə qismət olmayacaq. Üstündən artıq 10 il keçməsinə baxmayaraq, həmin solğun yaşıl rəngli darvazanın önündən keçərkən hələ də həmin günün dəhşəti gözlər önündən getmir… O gün Yusif hamının qardaşı, hamının öz oğlu idi. Doğmalaşan bütün yadların  üzündə sanki bir ifadə sezilirdi: “Qısaömürlü Bəndəliyevlər… Onsuz da gözlənilən idi…”