Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-28 14:19:00
Tibbin mürəkkəb sahəsində ilklərə imza atıb, kitablar yazan akademik - VİDEO

Məşhur oftalmoloq alim,  sədaqətli ömür yoldaşı və qayğıkeş ana...

 Bu gün böyük oftalmoloq alim, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı akademik Zərifə xanım Əliyevanın doğum günüdür.

 O, 1923-cü il 28 apreldə Naxçıvanın Şahtaxtı kəndində görkəmli dövlət xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin ailəsində dünyaya göz açıb. Atasının ömür yolu onun üçün əsl həyat məktəbinə çevrilib.

 Zərifə Əliyeva oftalmologiyanın inkişafına verdiyi böyük töhfələrlə anılır. Azərbaycan SSR əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə Əliyevanın bu titulları illər boyu apardığı müşahidələrinin, təcrübələrinin nəticələridir.

Zərifə Əliyeva vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, oftalmologiyanın müasir problemlərinə dair bir çox tədqiqatlar aparıb.

1977-ci ildə tibb elmləri doktoru alimlik dərəcəsi alan Zərifə Əliyeva Oftalmologiyanın inkişafına verdiyi böyük töhfələrə görə, 1981-ci ildə o zamanlar bu sahədə ən yüksək mükafata - M.İ. Averbax adına mükafata layiq görülən ilk qadın olub.

Çoxillik elmi-tədqiqat fəaliyyətindəki böyük xidmətlərinə görə 1983-cü ildə Zərifə Əliyeva Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilib.

 O, "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin, 12 monoqrafiya, bir çox dərs vəsaiti, 150-yə yaxın elmi işin müəllifidir.

 "İridodiaqnostika" adı ilə 1988-ci ildə Moskvada nəşr etdirdiyi elmi əsərini isə xüsusi qeyd etmək lazımdır. Çünki dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə xanım Əliyeva yazıb.