Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-26 13:12:43
“Elə mülayim qarşıladılar ki, həyəcanımdan əsər-əlamət qalmadı” – Müəllimlərin müsahibə təəssüratları

Aprelin 24-də İnsan Resursları Mərkəzi tərəfindən keçirilən respublika üzrə ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərin daimiləşməsi müsabiqəsinə yekun vurulub.

Müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olmaq istəyən müəllimlərin qatıldığı müsahibələr Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (TİPİİ) inzibati binasında keçirilib.

Müsahibə həyəcanını adlayıb, indi də nəticələrin açıqlanmasını səbirsizliklə gözləyən müəllimlər komissiyalardan razılıqlarını bildiriblər.

AzEdu.az müsahibədə iştirak edən müəllimlərin müsabiqə təəssüratlarını diqqətinizə çatdırır:

Elza İbrahimova: “Məni elə mülayim qarşıladılar ki, çox həyəcanlı olsam da, bundan əsər-əlamət qalmadı”.

-Mən də müəllimlərin daimiləşməsi müsabiqəsində iştirak etdim. TİPİİ-də çox gözəl ab-hava var idi; Bütün işçilər müəllimləri mədəni şəkildə, gülərüzlə qarşıladılar. Sonra da  uğur diləyib, müsahibə komissiyalarına yönləndirirdilər.

5 nömrəli komissiyada idim...

Məni burada da elə mülayim qarşıladılar ki, çox həyəcanlı olsam da, bundan əsər-əlamət qalmadı.

Komissiya üzvlərindən heç bir aqressivlik görmədim. Proses tam şəffaf keçdi; Mehribancasına müsahibə götürüb, lazımı istiqamət verdilər və yol göstərdilər. Buna görə də, komissiya üzvlərinə və  TİPİİ-nin işçi komandasına təşəkkür edirəm.

Nurlan Kərimov: “Nəticələrin açıqlanmasını  səbirsizliklə gözləyirəm”

-Bu cür yaxşı təşkilatçılığa, səmimi komissiya üzvlərinə və çəkdiyi əziyyətə görə İnsan Resursları Mərkəzinə təşəkkür edir, işlərində uğurlar arzulayıram. İnşallah, biz müəllimlərin də müsahibə nəticəsi məqbul sayılar. Cavabların açıqlanmasını səbirsizliklə gözləyirəm.

Elman Əbilzadə: “Bu müsabiqə müəllimlər üçün ədalətli imkanlar yaradır”.

-Müddətli əmək müqaviləsi əsasında işlədiyimçün müsabiqəyə qatıldım, müsahibə mərhələsində iştirak etdim. Məni 8 nömrəli müsahibə komissiyası qəbul etdi. Şəffaf və ədalətli təşkilatçılıq üçün İnsan Resursları Mərkəzinə minnətdarlığımı bildirirəm. Çox razı qaldım. İnanıram ki, müsahibədən uğurla keçəcəm. Səbirsizliklə cavabların açıqlanmağını gözləyirik. Ümumiyyətlə, bu müsabiqə müəllimlər üçün ədalətli imkanlar yaradır.

Vüsal Məmmədov: “Müsahibələr çox gözəl təşkil olunmuşdu”.

-Müsabiqəyə qatıldım, inşallah daimiləşə bilərəm. Çünki bir il Lerikdə çalışandan  sonra Bakıya gəlib, müddətli əmək müqaviləsi ilə işlədim. Məqsədim Bakıda müddətsiz əsaslarla müəllim işləməkdir, həm, özüm də lap əvvəldən Bakıda yaşayıram. Bütün iştirakçılara uğurlar arzulayıram. Bir şeyi də qeyd edim ki, müsahibələr çox gözəl təşkil olunmuşdu.

Aysel İsmayılova: “Belə müsabiqələrin necə gözəl nəticə verdiyinə hər kəs şahiddir”

-Başda rəhbərlik olmaqla, İnsan Resursları Mərkəzinin bütün komandasına uğurlar arzulayıram. Görün, neçə müəllimə öz savadı ilə işləmək şansı qazandırırlar! Elə mən də daxil olmaqla... Nə qədər ki gözəl təhsil işçilərimiz var, haqqı olanı tələb edən müəllimləri məğlub etmək olmaz. Belə müsabiqələrin necə gözəl nəticə verdiyinə də hər kəs şahiddir.

Ülviyyə Mikayılova: “Komissiya üzvləri çox mehriban davranırdılar”.

-İnsan Resursları Mərkəzinə təşəkkür edirəm. Komissiya üzvləri mehriban davranırdılar. Təəssüf ki, mən çox həyəcanlı idim. Deyəsən, elə  bu səbəbdən bildiklərimi də unutdum. Çünki belə müsahibədə ilk dəfə idi ki, iştirak edirdim. Ümumiyyətlə, cəmi bir ildir, müddətli əsaslarla işləyirəm.

Qeyd edək ki, müsahibənin nəticələri ilə bağlı məlumat tezliklə hər bir namizədin şəxsi səhifəsinə göndəriləcək.

Müsahibələrdə 2017-2018 və 2018-2019-cu tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsinə qatılaraq zəruri keçid balını toplayan və vakant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edib. 22-24 aprel 2019-cu il tarixlərində keçirilən müsahibələrə ümumilikdə 1170 müəllim qatılıb.