Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-26 10:49:00
DİM bu abituriyentlərin nəticələrini araşdıracaq  

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları 1 iyul-2 avqust tarixlərində keçiriləcək.

Bəs, abituriyent imtahanlarla bağlı Apelyasiya Komissiyasına nə zaman müraciət edə biləcək?

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, abituriyentlər DİM tərəfindən yaradılan Apelyasiya Komissiyalarına həmin nəticələr elan olunduğu gün ərizə ilə müraciət edə bilərlər.

Qabiliyyət imtahanının təkrar keçirilməsi ilə bağlı müraciətlərə isə baxılmır.

Oxşar imtahanları olan müxtəlif komissiyalar üzrə qabiliyyət imtahanında iştirak edib, fərqli qiymətlər alan abituriyentlərin nəticələri DİM tərəfindən araşdırılacaq.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər üçün ilk dəfə "Xüsusi qabiliyyət imtahanları" jurnalının 1-ci nömrəsini nəşr edib.

"Abituriyent" jurnalının xüsusi buraxılışı olan bu jurnalda ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının yığcam xarakteristikası, ixtisaslar üzrə kadr hazırlığı aparan təhsil müəssisələri haqqında məlumatlar, bu ixtisaslar üzrə müsabiqə şərtləri, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məs­lə­hətlər, tapşırıq nümunələri, çalışmalar, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, cədvəllər, norma­tivlər, bir sözlə, burada xüsusi qabiliyyət tələb edən ixtisasları seçənlərin marağına uyğun olan, sorğularına aydınlıq gətirən, imta­hana hazırlaşmalarına fayda verə bilən ən zəruri ma­teriallar əksini tapıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları