Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-24 12:58:31
Ucqar kənd müəllimi: “Müəllim şagirdlərini tanımalı, onların istedadını kəşf etməlidir”

“Müəllim-şagird  münasibətlərində avtoritarlıqdan  imtina edilərək, demokratik rejimə keçirilməsi kurikulumun ən üstün cəhətlərindən biridir”Kənd müəllimi

Mir  Cəlal Paşayevin əsərdə öz qəhrəmanının dilindən dediyi kimi, doğrudan da kənd müəllimlərinin işi digərlərindən daha çətindir. Çünki onlar maarif işığı yandırmaqdan ötəri ta uzaq kəndlərimizə gedib, belə demək olarsa, sözün əsl mənasında mübarizə aparırlar.

“Gərək unutmasınlar ki, zəhmətkeş kəndlinin hörmətini qazanmaq birinci vəzifədir. Kəndli sizə inanmasa, nə sözünüzə məna verər, nə də ixtiyarınıza uşaq verər. Gərək onun qəlbinə girəsiniz, özünüzü sevdirəsiniz. O da nə ilə olar? Xoş rəftar ilə. Kəndlinin uşağına öz uşağın kimi bax! Təmiz, mərifətli, dərrakəli, təvazökar dolan! Müəllim kəndlinin əli qələmli dostudur. Kəndli ona həm uşaq tapşıracaq, həm məsləhət eləyəcək, həm də çoxlarına demədiyi dərdini deyəcək”. (red: “Nazik Mətləb”, səh:149)

İndi isə böyük yazıçımızın “Nazik Mətləb”indən, birbaşa öz mətləbimizə keçək:

AzEdu.az davamlı olaraq respublikanın ucqar rayonlarının kəndlərində işləyən gənc müəllimləri elə onların öz dili sizə təqdim edir.

Budəfəki müsahibimiz İsmayıllı rayonunun Quşəncə kənd tam orta məktəbinin coğrafiya müəllimi Quliyev Ruslandır.

Gənc müəllimin öz dilindən  DOSYE:

-Mən, Quliyev Ruslan Qəhrəman oğlu, 1995-ci ildə İsmayıllı rayonunda dünyaya gəlmişəm. 2012-ci ildə İsmayıllı şəhər  6 saylı tam orta məktəbi bitirib,  Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinə qəbul olunmuşam. 2016-ci ildə isə bakalavriaturanı başa vurub, Sumqayıt  Dövlət  Universitetində coğrafiyanın tədrisi, metodikası və metodologiyası ixtisaslaşması üzrə magistratura təhsilimə başlamışam.

Nəhayət , 2018-ci ildə məzun olduqdan sonra MİQ-də iştirak edib uğur qazanmışam. Hazırda orta məktəbdə coğrafiya fənnini tədris edir, həmçinin, repetitor kimi fəaliyyət göstərirəm.

MİQ-in effektivliyi barədə

“Müəllimlərin işə qəbulu müsabiqəsinin ən üstün cəhəti potensiallı kadrların aşkar edilməsidir”

-Müəllimlərin işə qəbulu üzrə müsabiqəsinə  evdə müstəqil şəkildə, heç bir kursa getmədən hazırlaşıb, 56 bal topladım. Cəmi bircə ildir, müəllim kimi fəaliyyət göstərirəm. Hazırda işlədiyim kənd məktəbini də öz istəyimlə seçmişəm. Düşünürəm ki, ucqar kəndlərdə gənc və savadlı kadrlara daha çox ehtiyac var. Ümumiyyətlə, müəllimlərin işə qəbulu müsabiqəsi gənclərin seçim şansını artırır, bunun bir çox üstün tərəfini qeyd etmək olar. Fikrimcə, ən önəmli cəhətlərindən biri müsabiqə nəticəsində potensiallı və savadlı kadrların  aşkarlanmasıdır. Üstəlik, şəffaf, obyektiv təşkil olunur. Qısacası, layiq olanlar öz layiqli yerlərini tuta bilirlərsə, deməli, müsabiqənin təşkili təqdirəlayiqdir.

“Müəllim şagirdlərini tanımalıdır”

-Hazırda orta məktəblər şəxsiyyət yetişdirə bilir. Bunu tam əminliklə qeyd edə bilərəm. Əslində, bunun çox sadə bir düsturu var: hər bir uşağa şəxsiyyət kimi yanaşdıqda zaman özü onu formalaşdırır. Ümumiyyətlə, 2008-ci ildən etibarən ümumi təhsil məktəblərində kurikulumun tətbiq edilməsi ilə təhsilimizə bir sıra yeniliklər gəldi və köklü dəyişikliklər edildi. İlk növbədə müəllim-şagird münasibətlərində avtoritarlıqdan  imtina edilərək demokratik rejimə keçirilməsi kurikulumun ən üstün cəhətlərindən biridir.

Kurikulumda mövzu qarşılıqlı əməkdaşlıq şəraitində qavranılır. Tərəflər bir-biri ilə əməkdaşlıq edib, dərsi daha fəal şəkildə öyrənirlər. Bunun nəticəsidir ki, hətta kənd yerlərində belə potensiallı şagirdləri kəşf etmək mümkün olur. Bu, təbii ki, bir az da müəllimin peşə bacarıqlarından asılıdır. Gərək hər bir müəllim şagirdlərini tanısın, onlarda olan gizli istedadı kəşf edə bilsin.

Tədrisdə müxtəlif metodların tətbiqi haqda

“Xəritə coğrafiyanın ikinci dilidir”

-Xəritə coğrafiyanın ikinci dilidir. Elə buna görə də coğrafiya fənninin tədrisini əyani vəsaitlərsiz təsəvvür etmək mümkün deyil. Eyni zamanda, tədris zamanı interaktiv təlim metodlarından yararlanıram. Müəyyən metodlardan istifadə zamanı da şagirdlər mütləq nəzərə alınmalıdır. Çünki bəzən hansısa metod bir şagirdə dərsi dəqiq və asan qavrada bilər, lakin bu, bütün şagirdlər üçün uğurlu olmaya bilər.

Ümumilikdə, hər müəllimin dərsə fərqli yanaşma tərzi, metodu var. Bu, təhsili boyunca müəllimin faydalandığı metodiki mənbələrdən asılı olaraq da dəyişə bilər.

“Müəllim, həmişə ucadır adın!”

“Əsl müəllim öz işinə məkan fərqi qoymadan, vicdanla və məsuliyyətlə yanaşmalıdır”

-Təəssüf ki, hələ də “kənd müəllimi” dedikdə bəzən ilk anda geridəqalmış, müasir dövrün tələblərinə cavab verə bilməyən müəllim təsəvvür edirlər. Lakin bu heç də belə deyil. Əsl müəllim öz işinə məkan fərqi qoymadan, vicdanla və məsuliyyətlə yanaşmalıdır.

Müəllim bir çox xüsusiyyətə sahib olmalıdır. Çünki müəllimlik  məsuliyyətli və şərəfli peşədir. Bu işin məsuliyyətini öz üzərinə götürən şəxs mütləqdir ki, vicdanlı, savadlı, təmkinli və sahib olduğu biliyi şagirdlərə çatdıra biləcək bacarıqda olsun.

Arzular, hədəflər – gələcək planlar...

-Gələcək planlarım da elə öz peşəmlə bağlıdır. Məqsədim bu sahədə bilik və bacarıqlarımı artırmaq, özümü daha çox inkişaf etdirərək seçdiyim bu şərəfli yolda daha da irəli getməkdir. Öz karyeramı daha da zənginləşdirmək istəyirəm. Azərbaycan təhsilində aparıcı yerlərdən birini tutmaq ən böyük arzumdur.