Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-23 15:41:00
Abidələrdə yaşayan tariximiz - Keçmişimiz bizimlə  

 

 18 aprel dünyada “Beynəlxalq Abidələr və Tarixi Yerlər günü” qeyd olunur. Bu gün 1983-cü ildə “Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurası”nın (İCOMOS) təklifi ilə UNESCO tərəfindən təsis olunub. Əlamətdar günün qeyd olunmasının məqsədi insanların diqqətini tariximizin bizə yadigar saxladığı abidələrin mühafizə olunmasına, qorunmasına yönəltməkdir.

  Abidələr günü Azərbaycanda da geniş şəkildə keçirilir. Hər il tarixi məkanlarda, qoruqlarda, eləcə də mədəniyyət mərkəzlərində, kitabxanalarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədi ilə tədbirlər keçirilir, sərgilər nümayiş olunur.

  Azərbaycanın zəngin tarixə malik mədəniyyəti var. Bizim mədəniyyət abidələrimizin tarixi eramızdan əvvələ qədər uzanır. Azərbaycanda ilk insan məskənləri olan Azıx mağarası, Tağlar (Qarabağ), Zar (Kəlbəcər), Qazma (Naxçıvan), Daşsalahlı, Damcılı (Qazax), Buzeyir (Lerik) orta paleolit dövrünə məxsus olan abidələrimizdəndir.

  1948-ci ildə Mingəçevirdə Sasani hakimiyyəti dövrünə ( III-VII əsrlər) aid alban əlifbası ilə yazılmış qısamətnli epiqrafik abidələr (Mingəçevir abidələri) aşkar olunub.

  XII əsr Azərbaycan tarixinə məxsus olan və günümüzdə həm yerli sakinlər, həm də turistlər tərəfindən diqqət mərkəzində olan memarlıq abidələrimizdən biri Bakıda yerləşən “Qız qalası”dır. Müdafiə xarakterli abidə olan Qız qalası öz tarixiliyini qoruyur və ölkəmizə gələn xarici qonaqları gözəlliyi ilə cəlb edir. Eləcə də “Şirvanşahlar sarayı” və ya “Şirvanşahlar saray kompleksi”. XII-XVI əsrlərə aid olan Şirvanşahlar sarayı, tarixi yer olan İçərişəhər insanı orta əsrlərə aparır. İçərişəhərin küçələrində gəzərkən sanki həmin dövrləri öz gözümüzlə görür, orada yaşadığımızı təsəvvür edirik.

  Tariximizdən bizə qalan möhtəşəm abidələri daim yaşadaq, onları qoruyaq, gələcək nəsillərə ötürək! Abidələrimiz bizim keçmişimiz olub, indiki günümüzdür, gələcəyimiz olsun! 

Leyla Zərbəliyeva, BDU-nun  Kitabxanaçılıq və İnformasiya  fakültəsinin  tələbəsi