XƏBƏRLƏR

21.04.2019 11:10
“İbtidai sinif şagirdinin valideyni daha məsuliyyətli olur” – Gənc müəllim

Samirə Səfərova: “Hər bir müəllim öz şagirdlərini vətənpərvər yetişdirməyi özünə borc bilməlidir”

Samirə Səfərova 1981-ci ildə Şəki rayonu Turan qəsəbəsində anadan olub. 2000-ci ildə Ağdaş Pedaqoji Texnikumuna daxil olub, 2004-cü ildə İbtidai sinif müəllimliyi fakültəsini bitirib. Elə həmən ildə Şəki rayonu Çayqaraqoyunlu kənd tam orta məktəbində ibtidai sinif müəllimi kimi fəaliyyətə başlayıb. 14 il həmin məktəbdə çalışdıqdan sonra, 2017-ci ildə müəllimlərin diaqnostik qiymətləndirilməsində 54 bal toplayıb. 2018-ci ildə yerdəyişmədə iştirak edərək Şəki rayonu Turan qəsəbəsi tam orta məktəbə təyinat alıb.

AzEdu.az onunla müsahibəni təqdim edir:

- Samirə xanım, müəllimlik peşəsi haqqında çox sözlər söylənilib, fikirlər də müxtəlifdir. Siz bu barədə nə düşünürsünüz?

- Müəllim adı mənim üçün çox dəyərli və müqəddəsdir. Dünyada gözəl, nəcib peşələr çoxdur. Həkim insanların sağlamlığının keşiyində dayanır, xəstələrə şəfa verir. Mühəndis fabrik və zavodları işlədir, hündür binalar ucaldır, yol çəkir, körpülər salır. Kosmonavt fəzanı fəth edir, müxtəlif planetlərin sirlərini öyrənir.

Fəqət bütün peşələrin fövqündə dayanan müqəddəs bir peşə var. Bu, müəllim peşəsidir. Həkim, mühəndis, kosmonavt da, seçdikləri peşənin sirlərini müəllimdən öyrənirlər. Müəllim elm, bilik xəzinəsinin qapısını açan bir varlıqdır. Bu xəzinəyə inamla daxil olanlar həyatın enişli-yoxuşlu yollarında büdrəmir, öz biliyi və əməllərilə cəmiyyətin inkişafına töhfələr verirlər. Elə buna görə də dünyada müəllim əməyinin bənzəri yoxdur.

Mən öz işimlə, öz əməlimlə xalqıma bir fayda verməyi özümə borc bilirəm. Müəllim sözü öyrətmək sözü ilə bir-birinə çox yaxındır. Mən həm öyrətməyi, həm də öyrənməyi çox sevirəm.

- Adətən ibtidai sinfə dərs demək çox çətin və məsuliyyətlidir,  həm də olduqca şərəflidir. Bəs sizin üçün çox çətin deyilmi? 

- Müəllim əməyini çox vaxt bağban əməyi ilə müqayisə edirlər. Bağban min bir zəhmətlə yetişdirdiyi ağacın bəhrəsini görəndə, müəllim isə öz yetirmələrinin xoş soraqlarını alanda qəlbi sevincdən dağa dönür. Müəllimlərimiz ad-san sahibi olan yetirmələri barədə həmişə iftixar hissi ilə söhbət açırlar. Bu vaxt adətən xoş xatirələr göz önündə canlanır. Yetirmələrin uğurları adama,  sanki, güc verir, bizi daha da şövqlə işləməyə ruhlandırır.

Doğrusu, ibtidai siniflərə dərs demək çox böyük məsuliyyət tələb edir. Mən bu məsuliyyəti həmişə hiss edirəm. Mənə görə müəllim elm, bilik xəzinəsini insanların üzünə açan varlıqdır.

- Sizin üçün sinifdə müasir təlim metodları ilə dərs keçmək çətinlik yaratmır?

- Artıq 11 ildir ki, sinifdə müasir təlim metodları ilə dərs keçirik. Əlbəttə ki, zamanla çətinliyimiz olmuş, biz bunun öhdəsindən gəlməyə çalışmışıq.   Bunun üçün daima öz üzərimdə çalışmağa davam edirəm. Hər bir müəllim diqqətlə və ağılla həmin nəzəriyyələrdən irəli gələn tədris üsullarından istifadə edərək səmərəli öyrənmə və şagirdlərin təhsildə təşəbbüskarlıq göstərməsi üçün təlimat proqramı hazırlaya və tətbiq edə bilər.

Müasir təlim metodlarından istifadə cəmiyyətin dəyərli vətəndaşı olmağa hazırlaşan, fəal və hər şeylə maraqlanan şagirdlərin inkişafında biz müəlimlərə dəstəkdir.

- Sizə görə şagirdlərin inkişaf edib təkmilləşdirilməsi üçün əsas məsələ nədən ibarətdir?

Daha sağlam bir gələcək üçün  şagirdlərin şəxsiyyət və vətənpərvər olaraq formalaşmasında, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün, bilik və bacarıq dairəsinin genişlənməsində təlim prosesinin böyük əhəmiyyəti vardır. Belə ki, burada əsas məsələ - şagirdin yaxşı yetişdirilməsi üçün məktəb-valideyn-şagird əməkdaşlığının çox böyük əhəmiyyəti var. Həmçinin müəllimin təlim materialını həyatla, təcrübəsi ilə necə əlaqələndirməsi və şagirdə çatdıra bilməsindən ibarətdir. Təhsildə təməl təsir öyrədənin xarakteridir.

- Bu gün məktəbdə yetişən nəsli savadlı, bilikli yetişdirməklə yanaşı, eyni zamanda cəmiyyətimizə layiqli vətəndaş, vətənpərvər övlad kimi hazırlamalıyıq. Bu istiqamətdə işinizi necə qura bilmisiniz?

- Müəllimlik peşəsini şərəfli edən bir çox amillər var. Onlardan biri, bəlkə də birincisi müəllimin yaşadığı həyata, cəmiyyətə ehtiyac duyulan əsl insan yetişdirməsidir. Hər bir müəllim öz şagirdlərini vətənpərvər yetişdirməyi özünə borc bilməlidir.

Hərdən parta arxasında əyləşən o kiçik yaşlı uşağa şəxsiyyət kimi baxın. Unutmayın ki, bu gün ona öyrədəcəyiniz elm, bilik, savad, həyata doğru düzgün baxış, xoş əməllər vaxt gələcək bizə qayıdacaq.

- Şagirdlərə verilən ev tapşırıqlarının evdə yerinə yetirilməsində valideyn məsuliyyəti sizi qane edirmi?

- Mən bir müəllim  kimi sinifdə dərs zamanı çox çalışıram ki, şagirdin evə dərs yükü qalmasın. Çalışmaları sinifdə həll etməyə daha çox üstünlük verirəm. Əks halda, ev tapşırığı olan zaman valideynlərim məni başa düşərək çox böyük məsuliyyətlə ev tapşırığının yerinə yetirilməsində şagirdə yaxından köməklik göstərirlər. Bu tapşırıqları adətən iş dəftəri üzərində olur. İş dəftərini almaq könüllü olduğu üçün valideyn istərsə alır, şagirdin işləməsinə köməklik göstərir. Bəzən  hər hansı bir tapşırıq çətinlik törədərsə, günün hansı saatı olmasına baxmayaraq, valideyn mənimlə əlaqə saxladığı zaman ona yaxından köməklik göstərirəm. Adətən, ibtidai sinifdə valideyn daha məsuliyyətli olur və bu, bizi yetərincə qane edir.

- Sizə yenidən hansısa başqa ixtisası seçmək kimi bir seçim verilsə, onda hansı ixtisasa sahib olmaq istəyərdiniz?

 - Bir daha seçim etməli olsaydım, heç düşünmədən  yenə müəllimlik peşəsini seçərdim.  Bundan öncə  qeyd etdiyim kimi həkimə, mühəndisə, kosmonavta  elm öyrədən yeganə insan müəllimdir. Buna görə də müəllimlik həm çox şərəfli, həm də olduqca məsuliyyətli bir peşədir. Şadam ki, sevdiyim işlə məşğulam.

 - Bu gün müəllim nüfuzunun yüksəldilməsi əsas müzakirə mövzularından biridir. Sizcə, müəllim nüfuzlu olmaq üçün nə etməlidir?

 -  Müəllim yüksək əqidə, məslək sahibi, müəllim - Vətəndaş olmalıdır. O, özündə zahiri və daxili mədəniyyəti, nəcib əxlaqi keyfiyyətləri cəmləşdirməlidir. (Azərbaycan müəllimi" qəzeti)

İlin gənc müəllimi-Müraciət formu