Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-20 13:18:00
Fazil Mustafanın yeni kitabları təqdim olundu

Bu gün Böyük Qurtuluş Partiyasının başqanı, fəlsəfə doktoru, Milli Məclisin deputatı Fazil Mustafanın müəllifi olduğu 5 kitabın təqdimat mərasimi keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə deputatlar – Aqil Abbas, Musa Quliyev, Fəzail İbrahimli, Teleqraf Holdinqin rəhbəri Aynur Camalqızı, media eksperti Qulu Məhərrəmli, elm adamları, yazarlar, ayrı-ayrı media qurumlarının rəhbərləri və ictimai-siyasi xadimlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan media eksperti, professor Qulu Məhərrəmli Fazil Mustafanın müəllifi olduğu kitablar haqqında məlumat verib. O, bu kitabların günümüzün düşüncəsini, həyatını özlərində əks etdirən sanballı, dəyərli materiallar olduğunu bildirib.

Çıxış edən deputat Fəzail İbrahimli Fazil Mustafanın böyük düşüncə insanı olduğunu və bu kitabların onun sərrast düşüncəsinin məhsulları olduğunu diqqətə çatdırıb.

Deputatlar Aqil Abbas, Elxan Süleymanov, Musa Quliyev, Rəbiyyət Aslanova, professor Rafiq Əliyev, ONA agentliyinin rəhbəri Vüsalə Mahirqızı da çıxış edərək müəllif və kitabları haqda öz fikirlərini bildiriblər.

Onlar Fazil Mustafanın cəmiyyətin ən müxtəlif təbəqələri tərəfindən sevilən şəxsiyyət olduğunu, təqdim etdiyi kitabların tariximiz və günümüzlə bağlı bir sıra vacib məsələlərə fərqli yanaşma baxımından qiymətli əsərlər olduğunu deyiblər.

Təqdim edilən “XX əsrin əvvəllərində Azərbaycanda siyasi düşüncə cərəyanları”, “Düşünürüksə varıq”, “Sağlam düşüncə alternativi”, “İslam qorxusu və müsəlman qorxusu” və “Doğru düşüncənin hikməti” adlı kitablarda müəllifin ötən əsrin əvvəllərində Azərbaycanda mövcud olmuş siyasi cərəyanlarla bağlı tədqiqatları, ictimai-siyasi həyatın müxtəlif məsələlərinə dair məqalələri, düşüncə üzərində fəlsəfi baxışları, İslam dini haqda publisistik və elmi məqalələri yer alıb. (publika.az)