2019-04-19 15:53:00
"Sənsizliyimin bu 8 ilində səni 8 saniyə də olsun unuda bilmədim" - İkinci ömür...
Unudulmaz ömür-gün yoldaşım Aidə xanımın əziz xatirəsinə doqquzuncu məktub
Budur fərqi, könül, məhşər gününün ruzi-hicrandan,
Kim, ol can döndərər cismə, bu cismi ayırar candan.
Məhəmməd Füzuli
Əzizim Aidə,
indi mən sən gedəndən sonra ümidlərlə yox, sənli xatirələrimlə yaşayıram. “İstər şirin olsun, istərsə acı olsun, bu xatirələr bilirsənmi mənə nə qədər əzab verir?” –deyirdi, F.Dostayevski. Amma indi bu xatirələr mənim üçün getdikcə zənginləşən bir sərmayədir. Deyirlər, zamanın unutdura bilməyəcəyi an yoxdur. Zaman böyük loğmandır, hər bir ağrı-acını unutdura bilir. Axı mən bunu görmədim. Sənsizliyin hər anı məni yandırır, yoxluğunu daha dərindən hiss edirəm. Buna loğman əli neyləsin? Sənsizliyimin bu səkkiz ilində səni səkkiz saniyə də olsun unuda bilmədim. Səninlə keçirdiyim günləri qaytara bilsəydim, saniyələrin nəbzini tutardım. Gündüzlər hər an xəyalımda sənli günlərimi yaşasam da, gecələr mən qürbət içindəyəm. Qürbət də mənim içimdə. Ölümün ağrısı, acısı heç vaxt yaddan çıxan deyil. Çünki o, ondan betər ayrılığa aparır. Amma əzizim, bu sənin məndən cismani ayrılığındır. Cismanı olsa da, ayrılıq ölüm qədər acıymış.
Əzizim Aidə, səni tanıdığımda xoşbəxt olacağımı, ailə quranda yaşadığımı, səni itirəndə puç olduğumu anladım. Sonuncudu ayrılıq.
Qapımın açarıydın, itirdim o açarı. Hər gün qapını açmaq istəyəndə axtardıgım o açardı ayrılıq.
Səfərə gedirəm, həmişə su səpdiyin o quru pilləkənlərdəki solan izlərdi ayrılıq.
Sən getdin, amma baxdığın hər yerdə, gözlərinin izi qalan hər nöqtədə, ayaq basdığın hər torpaqda xoşbəxt günlərimizin anları yaşayır. İndi bu anların xatirələri ilə yaşamaqdı ayrılıq.
Bu xatirələrlə yaşamaq bilmirəm ömrü uzatmaqdır, yoxsa qısaltmaq. Fərq etməz, əzizim, hər iki halda səninləyəm. Keçmiş günlərimiz ruhumun məskənidir. Nə vaxtsa keçirdiyimiz hisslərin, hətta duyduğumuz qəm-kədərin həsrətini çəkirəm.
Əzizim, öncəki məktublarımda da yazdığım kimi unudulmayanlar ölmürlər. Sən həmişə mənimləsən, bizimləsən. Dostlarımla, əqrabalarımla olan elə bir görüş ola bilməz ki, orada sən anılmayasan.
Bu il ABŞ-ın “World Scientific” nəşriyyatında sənə də, mənə də dünya qədər sayğı bəsləyən Lütfi Zadə ilə birlikdə yazdığımız 650 səhifəlik kitabımız nəşr olundu. Əfsuslar olsun ki, Zadə bu kitabı görə bilmədi. Ancaq mən çox rahatam ki, onun vəsiyyətinə əməl edə bildim. Həmişə olduğu kimi bu kitabı da sənin əziz və unudulmaz xatirinə ithaf etdim. Sənin adın və özün mənim ürəyimdə, varlığımda və dünyanın hər yerinə yayılmış bu kitablarda yaşayır. Tək mənim kitablarımda, yazılarımdamı? Çox sevdiyin nəvən Günay bu il Yaxın Doğu Universitetini qızıl medalla bitirdi, dissertasiyası yüksək qiymət aldı. Mənim üçün isə o dissertasiyanın ən böyük qiyməti ön sözdə yazılan bu cümlədə idi: “Bu işi sevimli nənəm Aidə Əliyevanın Əziz xatirəsinə ithaf edirəm”.
Əzizim, ruhunu çox yormayım. Dahilər demişkən insan həyatı ilə ölür, ölümü ilə yaşayır. Böyük Hüseyn Cavid demişkən:
Ölüm var ki həyat qədər dəyərli,
Həyat var ki ölümdən də zəhərli.
Sən dünyanı dəyişsən də səni torpaqlarda deyil qəlbimizdə axtarırıq. Qəlblərdə yad edilmək, insan üçün ikinci ömürdür. Sən bizi tez tərk etdin, amma nə qədər yaşamaq yox, necə yaşamaq mühümdür. Dünyada namuslu addan şərəfli heç nə ola bilməz. Bu adı həyatınla sən özün qazanmısan. Səni həyatda yaşatmaq əlimdə deyildi, lakin bundan sonra nə qədər varamsa, səni yaşadacağam.
Görüşənədək,
sənin Rafiqin
19.04.2019
Rafiq Əliyev
Bu bölməyə aid digər xəbərlər
Sabah 30 dərəcə isti olacaq
2024-04-20 12:12:38
“Sabahın alimləri” müsabiqəsində Şəki-Zaqatala bölgəsindən 6 məktəbli uğur qazanıb
2024-04-20 11:47:20
Faktiki hava: Bakı və Abşeron yarımadasında 29 dərəcə isti olub
2024-04-20 10:29:29
Aprelin 20-si Beynəlxalq Çin Dili Günüdür
2024-04-20 10:11:59
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
2024-04-20 09:01:56
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış edib
2024-04-19 18:03:00
“Sabahın alimləri” müsabiqəsində iştırakçıların çoxu ucqar kəndlərdəndir
2024-04-19 15:58:00
"Şagirdlər ağır dərs yükünün altında əzilirlər"
2024-04-19 13:18:00
Bu il buraxılış imtahanları asan keçirildi?
2024-04-19 09:39:00
“Tarixdə bu gün” - 19 aprel necə yadda qalıb?
2024-04-19 09:28:00
kitabı
ÇOX OXUNANLAR
18 Aprel 2024, 10:04
DİM-dən 17 mart buraxılış imtahanının nəticələri ilə bağlı AÇIQLAMA
18 Aprel 2024, 12:35
Sertifikasiya imtahanının vaxtı AÇIQLANDI
17 Aprel 2024, 10:21
Sertifikasiya:“Müəllimlərin hazırlığa getməsi qəbuledilməzdir”
17 Aprel 2024, 12:14
Regionlar üzrə ən çox bal toplayanlar – Mərkəzi Aran bölgəsinin ŞAGİRDLƏRİ
16 Aprel 2024, 13:10
10 mart buraxılış imtahanının nəticələri AÇIQLANDI
19 Aprel 2024, 16:09
Regionlar üzrə ən çox bal toplayanlar... Şəki-Zaqatala bölgəsinin ŞAGİRDLƏRİ
18 Aprel 2024, 12:40
Sertifikasiyadan keçə bilməyənlər bu il imtahan verəcək
11 Aprel 2024, 10:25
Hansı ixtisas qruplarına qəbul olmaq asandır?
FACEBOOK