Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-19 15:00:53
Kanadada “İlin müəllim”i seçilən soydaşımız: “Uşağın biləyindən tutmaq belə 250 000 dollar cərimədir”  

 Yeganə Cəfərova: “Buradakı müdir fiziki məhdudiyyətlilərin bezini dəyişdirib, oyuncaqlarını yuyur” 

“Kanadadakı bağçamızda fiziki məhdudiyyətli uşaqlar var. Təsəvvür edin, müdir mənimlə birgə onların bezini dəyişirdi. Yatmazdan öncə uşaqları yedizdirir, onlarla mahnı oxuyurdu”.

Kanadanın məktəbəqədər təhsil müəssisələri üçün kadr hazırlayan həmyerlimiz Yeganə Cəfərovanın bu sözləri ideal bağça haqqında təsəvvür formalaşdırmaq, ölkə bağçalarındakı “müdir” stereotiplərini darmadağın etməyə kifayət edir. Bu sözlərdən sonra Kanada bağçaları barədə hansısaizaha ehtiyac qalmasa da, Yeganə xanım əlavə edir:

“Kanada bağçalarından birində işə yeni başlamışdım. İlk vaxtlar müəllim köməkçisi kimi çalışırdım. Bağçada həftədə bir dəfəyaşca böyük uşaqların oyuncaqları yuyulmalıdır. Bir dəfə müdir gəlib mənimlə birgə oyuncaqları yumağa başladı. Özümü çox qəribə hiss etdim.Axı, Azərbaycanda belə görməmişdim. Orada bağça müdiri kabinetdə oturmaqla işini bitmiş hesab edir, özünü müdir kimi aparır. Yalnız ofis işlərini görməklə kifayətlənir.

Müdir qəribəliyimi sezib izah verdi ki, bu, onun işidir”.

Yeganə xanım Kanadada müxtəlif millətlərdən olan yüzlərlə müəllim içərisində “İlin Ən Yaxşı Müəllimi” adına layiq görülüb. İllərlə gözünün nurunu verdiyi peşəsində məhz bu adla məşhurlaşıb:

“Əslən qarabağlıyıq. Sonralar ailəm İmişli rayonunun Cəfərli kəndinə köçüb.

1983-cü ildə orta təhsilimi başa vurub, indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat informatika müəllimliyi ixtisasına qəbul olunmuşam. 1990-2000-ci illərdə 165 saylı uşaq bağçasında tərbiyəçi, üç il Beynəlxalq İxtira və Biznes İnstitutunda psixoloq kimi çalışmışam.

 Sonradan isə həyat yoldaşımın işi ilə bağlı Kanadaya köçdük”.

“Evimdə fərdi uşaq bağçası açmaq üçün müraciət etdim”

Amma karyera məqsədi ilə Kanadaya üz tutan ailəni burada sən demə, tamam başqa mənzərə gözləyirdi. Yeganə xanım da  pedaqoji fəaliyyət üçün bir sıra çətinliklərin öhdəsindən gəlməli olur:

“Əcnəbiləri işə götürmürdülər. Hətta Amerikada təhsilin belə olsa,burada işləmək üçün uyğunkurslardan keçməli, imtahan verməli idin. Nədən başlayacağımıisə bilmirdim. Məktəbdə Riyaziyyat fənnini1 il könüllü tədris etdim.Sonra müəllim köməkçisi işləməyimiistədilər. Toronto Şəhər Təhsil Şöbəsinə müraciət etdim. CV istədilər. Ovaxtlar Azərbaycanda CV adlı birşey eşitməmişdik. Sənədlərimi birtəhər yoluna qoyub, kurslardan keçdim. Nəhayət,bakalavr dərəcəm təsdiq edildi. Orada yazılmışdı ki, bütün ölkələrdə işləyə bilərəm. Amma Kanadada müəllim kimi fəaliyyət göstərməyim mümkün deyil.

Təcrübəm olduğundan, uşaq bağçasına müraciət etməyimi məsləhət gördülər. Bunun üçün dəmüəyyən kurslar keçdim.Nəhayət,  2004-2005-ci illərdəTorontodakı uşaq bağçalarının birində müəllim köməkçisi kimi işə başladım.Burada köməkçiləri belə, diplomsuz işə götürmürlər. Onların da müəllim qədər məsuliyyəti var.

İşi bəyəndiyim üçün buradan getmək istəmirdim, amma öz övladlarım çox kiçik olduğundan əziyyət çəkirdim.

Evimdə fərdi uşaq bağçası açmaq üçün müraciət etdim. 2006-cı ildə nazirlikdən lisenziya alaraq, bağçamızı açdıq və 10 ilə qədər burada fəaliyyət göstərdim...

Artıq 15 ildir ki,hazırki iş yerimdəyəm...”

“Müəllim əlcək geyib, əlində torba ilə parka getməli, buranı yoxlamalıdır. Yalnız ondan sonra uşağı parkda gəzdirə bilər”

Kanadada məktəbəqədər təhsil haqqında qanun “ev bağça”lar üzərində qurulub. Çünki müharibə dövründə həyat yoldaşları döyüşə gedən xanımlar işləmək məcburiyyətində qalıblar. Onlar azyaşlı övladlarını saxlamaqla bağlı öz aralarında razılığa gəliblər. Beləcə, “ev bağça”lar yaranıb və nəhayət, dövlət tərəfindən qanuniləşdirilib.

“Burada illik gəliri 37 000 dollardan aşağı olan ailələrin övladının təhsilini dövlət maliyyələşdirir.

Amma “ev bağça” açmaq üçün lisenziya olmalı idi. 2013-cü ilin yanvarından şəxsi “ev bağça”m fəaliyyət göstərir. Ayda bir dəfə dövlət nümayəndələri gəlib bağçanı yoxlayırlar. Bağçanı evin yalnızbir hissəsində də təşkil etmək olar. Amma bu bağça müəyyən standartlara cavab verməlidir.

Burada pəncərələri 10 santimetrdən çox açmaq olmaz. Onlar adətən xüsusi alətlə bağlanır. Bütün binalardanən azı 2 çıxış olmalıdır. Evdə cəmi 1 çıxış varsa, fövqəladə hadisə zamanı uşaqların çıxa biləcəyi böyük pəncərəninolması mütləqdir. Uşaqları eyvana çıxarmaq qəti qadağandır. Eyvanda azyaşlı görsələr, bağçanı bağlayarlar. Sanitariya qaydalarına diqqət edilir. Soyuducuda mütləq termometr olmalıdır. Bütün qapılar kilidlisaxlanmalıdır. Uşağın mətbəxə daxil olması qadağandır. Mağazalardakı xüsusi bölmələrdə uşaqların təhlükəsizliyini təmin edəcək əşyalar satılır. “Ev bağça”ların sahibləri də onlardan az yararlanmırlar.

Kanadada bütün yaşayışməntəqələrinin yaxınlığında park var. Evində bağçası olan uşaqları mütəmadi olaraq bura aparıb gəzdirməlidir”.

“Xüsusi təlim keçməyənlərin bağça açması qadağandır”

Yeganə xanım nəyisə xatırlayırmış kimi bir qədər düşünüb, “Azərbaycanda bağçanın ətrafı bütün zibil idi. Heç uşaqların oynaması üçün yer yox idi”-deyir. Bir qədər susub əlavə edir:

“Parklarda uşaqlar üçün nəzərdə tutulan bütün oyun avadanlıqları pulsuzdur. Amma öncə müəllim əlcək geyib, əlində torba ilə parka getməli, buranı yoxlamalıdır. Bunun üçün xüsusi parametrlər var. Hələ bağça müəllimliyi üzrə təhsil alanda müəllimlərəbunlar hamısı öyrədilir. Lisenziya yalnız bu qanuna əməl edənlərə verilir. Xüsusi təlim keçməyənlərin bağça açması qadağandır.

Qaydalara əməl etməyən, cavabdehliyi üzərindən atanın həbs edilmə təhlükəsi var. Həttahansısa sənəd səhv yazıldıqda belə, məhkəmə işi açıla bilər. Buna görə də uşaq bağçasında hər şey nöqtə-vergülünə qədər dəqiq olmalıdır”.

“Uşağın biləyindən tutan 250 000 dollar cərimə edilir”

Yeganə müəllimin sözlərinə görə, Kanadada bütün bağça işçiləri, hətta aşpaz belə, standartlara cavab verməlidir. Bu standartlar yalnız fiziki şəraitə deyil, uşaqla davranış qaydaları, onun təfəkkür tərzinə də əsaslanıb:

“İnanın, oyuncaqlar belə, yaşa uyğun olaraq standart hazılanır. Onlar uşağa hərf, rəng, rəqəm–nəsə öyrətməlidir. Uşağı elə öyrədirlər ki, gələcəkdə özünə kömək edə bilsin. Uşaqla işləyəcək hər müəllim və köməkçi öncə qanunları dəqiq bilməlidir. Məsələn, azyaşlının biləyindən tutmaq onun şəxsiyyətinə toxunmaq deməkdir. Bunun üçün 250 000 dollar cərimə nəzərdə tutulub.

Adətən, uşaq nədənsə narazı qalanda ona acıqlanırıq. Amma Kanadada yanaşma fərqlidir. Burada azyaşlıda həminaqressivliyi yaradan səbəbləri araşdırırlar. Müəllimin ünsiyyəti ilə valideyni də dəyişə biləcəyinə inanırlar.

Azərbaycanda işlədiyim dövrlərdə bağçada azyaşlının nə isə istəmək hüququ yox idi. Uşaqlar həmişə ikinci planda qalırdılar. Burada isə azyaşlını bağçaya qəbul edəndə öncə onunla salamlaşmalı, danışalısan. Danışanda hündürlük səviyyəsini, göz təmasını nəzərə almaq mütləqdir. Uşağa başının üstündən əmr vermək olmaz. Aşağı oturmalı, gözlərimizi uşağın gözləri ilə eyni səviyyədə saxlamalıyıq. Aramızda çox fərq var, çox... Bu, hələ kiçik bir qismidir”.

O, bir daha qeyd edir ki, işlədiyi dövrdə Azərbaycan bağçalarında tam başqa ab-havanın şahidi olub. Həmin bağçaları Kanada məktəbəqədər təhsil müəssisələri ilə müqayisə etdikdə xeyli fərqlər tapır. Bir anlıq Azərbaycan bağçasında işlədiyi vaxtdan illər keçdiyini xatırlayır. “Bəlkə də, indi vəziyyət dəyişib”-əlavə edir:

“Kanadada uşağı etdiyi səhvə görə cəzalandırmır, onu bu hərəkətə vadar edən amilləri araşdırırlar. O vaxt bizə deyirdilər ki, “uşağı qucağınıza almayın, öyrəşər”. Burada isə düşünürlər ki, uşağı özünə yaxın saxlamalısan. Çünki o, ana bətnindən yeni çıxıb. Çox qucaqlamaq lazımdır ki, gələcəkdə də bu doğmalığı hiss etsin.

Oynadığı oyun uşağa nə isə öyrətməlidir: bir-biri ilə necə davranmağı, ünsiyyəti, əsəblərini cilovlaya bilməyi və s. Bağça müəllimi uşağa tez-tez “bağışla”, “zəhmət olmasa” sözləri ilə müraciət etməlidir ki, o da gələcəkdə bunu tətbiq etsin.

Bilirsiz, özümüz də çox səhvlər edirik, amma heç kim buna görə bizi cəzalandırmır. Biz isə cəzalandırmaq üçün uşaqda səhv axtarırıq. Nədənsə, həmişə onların səhvlərini görürük. Kanadada azyaşlının yalnız yaxşı hərəkətlərini görür, qiymətləndirirlər. Çox istərdim, Azərbaycanda da dərslər bu cür keçilsin. Müəllimlər yalnız dərs deməklə kifayətlənməsinlər, eyni zamanda ailələrə psixoloji dəstək olsunlar”.

“Azərbaycanlı balalar daha sadə, sevgi dolu olmaları ilə fərqlənirlər”

Yeganə xanım 15 il ərzində gördüklərinə əsaslanaraq, valideyn övlad münasibətlərinə də aydınlıq gətirir. Şagirdə həm oxuduğu məktəb, həm də valideynin təsirini izah edir. Dediyinə görə, illərdir vətəndən uzaqda yaşamasına baxmayaraq, azərbaycanlı uşaq və valideynlərlə az işləməyib:

“Əslində, dünyanın bütün ölkələrindəki uşaqlar eynidir. Amma ailədən asılı olaraq formalaşırlar. Müxtəlif ölkələrdən azyaşlılarla işləmişəm. Həmişə düşünmüşəm ki, azərbaycanlı balalar daha sadə, sevgi doludurlar. Ünsiyyətdə olduqca onlarda mənə qarşı sevgi yarandığını görürəm. Özlərini incidən şeyi mənə deyirlər.

Kanadada məktəblərin uşaqlara mənfi təsirini çox müşahidə edirəm. Məktəbdə uşaqlara individual olduqlarını, ata-ananın sözünə baxmağın lazım olmadığını öyrədirlər. Bunların tam əleyhinəyəm. Uşaqlarda valideynə hörmət, məhəbbət oyatmalıyıq. Azərbaycanlı azyaşlılarda bunu hiss edirəm”.

Çoxları avropalı valideynlərin övladlarına qarşı çox sərbəst, tolerant olduğunu düşünür. Yeganə xanım müsahibəsindəbu kimiqəlibləşən düşüncələrdən bir qədər kənara çıxır:

“Müxtəlif ölkələrdən gəlmiş valideynlərlə rastlaşıram. Onların uşaqlarına münasibəti düşdükləri situasiya, öz uşaqlarını necə keçirmələrindən asılıdır. Kanadada da bizdəki kimi uşağın hər işini özü görən valideynlər var. Onlar sanki övladlarının əl-qolunu bağlayırlar. Bəziləri isə uşağı məcbur edir ki, hər işini özü görsün. Onu çox sərbəst buraxırlar. Belə uşaq isə nəyin yaxşı, nəyin pis olduğunu bilmir. Yəni, Azərbaycandakı valideynlərdən dünyanın hər ölkəsində var.

Kanada bağçalarındakı psixoloqlar ailələrə evdə öz dillərində danışmağı məsləhət görürlər. Yeni gələn əcnəbilər ingilis dilini öyrənmək üçün evdə də ingiliscə danışırlar. Başa düşmürlər ki, uşaq öz ana dilini itirir”.

Uşaqlara nağıl danışan, onlarla mahnı oxuyan bağça müdiri...

O, Kanada bağça mühitini daha yaxşı anlatmaq üçün müdir-işçi münasibətlərinə də toxunub:

“Kanada bağçalarının birində işə yeni başlamışdım. İlk vaxtlar müəllim köməkçisi kimi çalışırdım. Bağçada həftədə bir dəfə böyük uşaqların oyuncaqları yuyulmalıdır. Bir dəfə müdir gəlib mənimlə birgə oyuncaqları yumağa başladı. Özümü çox qəribə hiss etdim.

Axı, Azərbaycanda belə görməmişdim. Orada bağça müdiri kabinetdə oturmaqla işini bitmiş hesab edir, özünü müdir kimi aparır. Yalnız ofis işlərini görməklə kifayətlənir. Özünü müdir kimi aparır, uşaqların yanında müəllimlərə acıqlanır.

Müdir qəribəliyimi sezib izah verdi ki, bu, onun işidir.

Bağçada fiziki məhdudiyyətli uşaqlar vardı. Təsəvvür edin, bağça müdiri mənimlə birgə onların bezini dəyişirdi. Yatmazdan öncə uşaqları yedizdirir, onlarla birgə mahnı oxuyurdu. Təsəvvür edirsiniz? Müdir uşaqlara nağıl danışır.  Bizim müdirləri yalnız kabinetdəgördüyümdən bu, mənə çox qəribə gəlirdi. Kanadada bağça müdirihamımızın dostudur.

Bir dəfə təəssüflə mənə dedi ki, bəzi tələbələrinin adını unudub. Bu qədər tələbənin adını yadda saxlamağın mümkünsüz olduğunu söylədim. Dedi ki, “nə danışırsınız? Adını bilməməyim tələbəyə pis təsir edər”. Burada o, “bağça prezidenti” adlanır. Hər səhər gəlib hamı ilə görüşür, kefini xəbər alır. O qədər sadədir ki, onu özümüzdən biri bilirik.

Yeri gələndə müdir də hər işi bizimlə bərabər görür. Bu, o demək deyil ki, o, hörmətini itirir”.

Qayıdaq Yeganə xanımın “ev bağça”sına... Dediyinə görə, öz evində açdığı bağçada gəzə bilməyən neçə uşaq yeriməyə başlayıb. Danışa bilməyən uşaqların dili bu bağçada açılıb.Autizm, daun sindromlu, eləcə də çətin tərbiyə edilən, əqli geriliyi olan uşaqlarla işləyib. Çünki bura psixoloq, loqoped və s. mütəxəssislər cəlb etmişdi. Çox gərgin olmasına baxmayaraq, Yeganə xanım uzun müddət bu işi davam etdirir.

Yeganə müəllim artıq bacarığının çox olduğunu, onu paylaşmaq istədiyini hiss edir. Beləliklə, 2014 cü ildə kollecdə  işləmək üçün müraciət edir.Artıq burada uşaqlara deyil, onlara dərs deyənlərə bilik verəcəkdi...

“Kanadada kimsə müəllimdən açıq dərs tələb etmir”

“Məni qəbul etdilər. Bağçada xüsusi problemli uşaqlarla çalışan müəllimlərə dərs deyirəm.Burada Məktəbəqədər Tərbiyə Kolleci var. Onun üzvü olmayan dərs deyə bilməz. Mən də onun üzvlərindən biriyəm.

Kanadada bağça müəllimləri əsasən kolleclərdə hazırlanır. Bu, ikiillik diplom proqramıdır. Bu illər ərzində onlara 27 fənn tədris olunur. Hər biri 2 ay olmaqla, 4 dəfə bağçada təcrübə keçirlər. Bunun üçün kolleclər müəyyən bağçalarla müqavilə bağlayır. Burada tədris fərqlidir. Kimsə səndən açıq dərs tələb etmir. Müəllimləri test imtahanından keçirməyə də ehtiyac görmürlər. Dərsi qiymətləndirmək üçün uşaqların hazırlığı, məzunların iş tapması əsas götürülür. Yalnız nəticələri müşahidə edirlər. İstərdim ki, bizdə də müəllimlər belə seçilsin. O, bacarığını yalnız açıq dərsdə göstərməli deyil.

İstehsalat təcrübəsinə gedən tələbələri çox vaxt elə orada işə götürürlər. Onları elə hazırlayırıq ki, əllərində CV iş axtarmırlar. Hazır mütəxəssis kimi yetişdirib işə göndəririk. Dərsə vaxtında gələn, məsuliyyətini dərk edən tələbə iş yerində də bütün öhdəlikləriniyerinə yetirir. Məni də məhz belə məsələlərə görə “İlin müəllimi” seçdilər. Bu ada 500 kollec arasında cəmi 7 müəllim layiq görülüb. Yaxşı müəllimin  adını tələbələri tanıdır. Artıq məni bağçalarda tanıyırlar. Bəzən zəng edib yeni kadrlar istəyirlər. Ümumiyyətlə, tələbələrinin sayı artır, növbəyə düzülür, artıq qruplarında yer yoxdursa, deməli, yaxşı müəllimsən”.

“Bütün əcnəbi tələbələrlə birgə “Nəlbəki” rəqsini ifa etdik”

Yeganə xanım 2006-cı ildə açılan Azərbaycan dili sinfində də dərs deyir. O, Kanadada yaşayan uşaqlara Azərbaycan dilini öyrədir. Yeri gəlmişkən, Kanadada əcnəbi şagirdlərə münasibət, azərbaycanlıların dilə sayğısı, ermənilərə qarşı apardığı mübarizədən də söz açıb:

“Kanadanın hansı təhsil müəssisəsində əcnəbi şagird varsa, o məktəbin kollektivi həmin uşağın dilində “salam”, “sağol”, “xoş gəlmisiniz” və s. ifadələri öyrənməlidir. Qərib hiss etməməsi üçün o şagirdlərin dilində sözlər yazır, divardan asırlar. Bəzən məktəbdə hər şagird öz ölkəsinin yeməyini hazırlamalı olur.

Bilirsiz, kollecdə bütün tələbələrim əcnəbidir. Azərbaycanı onlara tanıtmağa çalışıram. Məni tanıyan kimi çox sevdiklərini deyirlər. Yadımdadır, kollecdə işlədiyim ilk il idi. Tədbirdə əcnəbi tələbələrlə birgə “Nəlbəki” rəqsini ifa etdik. Onlara armudu stəkan haqda məlumat verdim. Bizim səməni yetişdirmək adətimizi xüsusi maraqla qarşıladılar. Azərbaycan şirniyyatlarını da tanıyırlar. Əvvəl isə heç vaxt Azərbaycan haqda eşitmədiklərinideyirdilər.

Bir dəfə də kollecə dilçi alim gəlmişdi. İngiliscə bir mahnı oxuyub dedi ki, “kim bu mahnını öz dilində oxuya bilər?” Hamı susdu. Mən durub mahnını azərbaycanca oxudum. O dedi ki, “bu, necə gözəl dildir. Gəlin indi də birgə oxuyaq”. Təsəvvür edin, tədbirdə bütün əcnəbilər Azərbaycan dilində mahnı oxudu”.

“Bir ildir, məktəbin qarşısından asılan erməni bayrağını çıxarmağa çalışırıq”

Yeganə xanım Kanadada yaşayan ermənilərlə müqayisədə həmvətənlərimizin çox  passiv olduğunu dilə gətirib:

“13 ildə cəmi bir sinfimiz var. Amma onların 4-5 yerdə məktəbi var. Təsəvvür edirsiniz, bu, nə deməkdir? Erməni uşaqlar kilsənin hesabına orada pulsuz təhsil alırlar. Böyük sinifləri var. Onların ayrıca uşaq bağçaları da var. Təəssüf hissi ilə etiraf edim ki, ölkəmizi təbliğ etməkdə çox zəifik. Dünyanın müxtəlif ölkələrindən gələn ermənilər burada birləşib böyük işlər görürlər. Onlar hansısa təsirlərə məruz qalıb ölkələrindənqaçsalar da, burada öz ölkələrini çox dəstəkləyirlər. Hətta bayraqlarını da asıblar. Bir ildir o erməni bayrağını çıxarmağa çalışırıq. Nəhayət səylərimiz nəticəsində kilsənin qarşısındakı bayrağı çıxardılar. Məktəbin qarşısındakı bayraqla bağlı isə Təhsil Nazirliyinə yazmağı düşünürəm. Ermənilərin necə yaltaq olduqlarının, eyni zamanda da ölkələrini necə irəli apardıqlarının dəfələrlə şahidi olmuşam. Bəlkə bir gün bizimkilər də, ölkəni tanıtmağın vacibliyini  başa düşərlər”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları