Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-19 13:58:00
Ekspert: "Məktəblər qapalı məkana çevrilir, nəticədə isə..." - Artan cinayətlər

Dövlət Statistika Komitəsi ötən il Azərbaycanda məhkum olunan məktəblilərin rəsmi sayını açıqlayıb.

Komitədən bildirilib ki, 2018-ci ildə məhkum olunmuş şəxslərdən 9508-i  tam orta və orta ixtisas, 1674-i isə digər təhsil dərəcəsi olanlardır. Bundan əlavə, 131 şagird və tələbə məhkəmənin qərarı ilə həbs edilib.

Həbs edilən 131 nəfər arasında şagirdlərin də müəyyən say təşkil etməsi həyəcan siqnalı çalmaq üçün kifayətdir. Təbii ki, bu məktəblilərin cinayət aləminə meyilli olması, yollarının tələbəlik illərində də həbsxanadan düşməsinə səbəb olur.

Bəs, şagirdlərin cinayət aləminə olan marağı hansı boşluqlardan irəli gəlir?

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil məsələləri üzrə mütəxəssis Məlahət Mürşidli bu statistikaya görə təəssüf etdiyini, amma heç nəyin səbəbsiz olmadığını bildirib:

“Həbs edilənlər arasında şagirdlərin də olması bizləri düşünməyə vadar edir. Bunun ailədən irəli gələn, məktəbdən qaynaqlanan və cəmiyyətin yaratdığı xeyli səbəbləri var. Məktəb bir adada yerləşmir ki, bütün problemlərdən xali olsun. Cəmiyyətdəki proseslər sözsüz ki məktəbə müsbət və ya mənfi dərəcədə təsir göstərir.

Bu, yalnız Təhsil Nazirliyi və ya məktəblərin problemi deyil. Bunu bütövlükdə cəmiyyətimizin cavabdeh olduğu problem kimi başa düşmək laızmdır”.

“Sayın getdikcə artmaması üçün nə isə etməliyik”

Ekspert cinayətə meyilli şagirdlərlə bağlı xüsusi pilot layihə hazırlanmasını təklif edib:

“Bu layihə hansı məktəblərin şagirdlərinin cinayətə daha meyilli olduğunu aşkarlayacaq. Təklif edirəm ki, məktəblər müəyyənləşəndən sonra onlarda araşdırma, monitorinq aparılsın. Bu araşdırmaya  təcrübəli psixoloq, pedaqoq, Qeyri Hökümət Təşkilatları nümayəndələri cəlb olunmalıdırlar. Qeyd etdiyim komissiya məktəbdəki şagirdlərlə araşdırma aparmalı, cinayətə meylin əsas səbəblərini  müəyyənləşdirməlidir. Valideyn, cəmiyyət və məktəb üçüb ayrı-ayrılıqda proqram hazırlanmalıdır. Bu sayın getdikcə artmaması üçün nə isə etməliyik”.

“Məktəblər qapalı məkana çevrilib”

Ekspert  açıqlamasında  cəmiyyət olaraq heç vaxt problemin kökünə enmədiyimizi qeyd edir:

“Ağac kimi problemin də kökü var. Bizsə, budaqlardan yapışır, məsələnin kökünə enməyə cəhd etmirik. Bu, bizim faciəmizdir. İşi düzgün qurmadığımızı əks etdirir.

XXI əsr informasiya dövrüdür. Yeniyetmələrin cinayətə meyilli olmasında məlumat bolluğunun, sosial şəbəkələrin rolunu da danmaq olmaz. Sosial şəbəkələrdəki cinayətə sövq edən materialları izləyib mənfi örnək götürən məktəblilər də az deyil”.

Məlahət xanım bu problemdə orta məktəblərin getdikcə qapalı məkana çevrilməsinin də rolunu vurğulayıb:

“Məktəblərin ictimaiyyət, valideynlərlə əlaqələri getdikcə yox olur. Hazırda məktəb qapalı məkana çevrilib. Öncə məktəblərin qapıları açılmalıdır. İctimaiyyət və valideyn təlim tərbiyə prosesində fəal iştirak etməlidirlər. Təbii ki, qanunvericiliyə riayət etmək və səlahiyyətləri aşmamaq şərti ilə”.

Qeyd edək ki, ötən il birinci instansiya məhkəmələrində baxılan işlər nəticəsində məhkum olunanların sayı 12433 nəfər olub. 6374 nəfəri müəyyən müddətə azadlıqdan məhrum edilib. 2216 nəfər 2 ilə qədər, 2752 nəfər 2 ildən 5 ilə qədər, 1031 nəfər 5 ildən 10 ilə qədər, 375 nəfər 10 ildən 20 ilə qədər azadlqdan məhrum olunub. 141 nəfər ictimai işlər üzrə, 1247-si isə islah işləri üzrə cəzalandırılıb.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları