Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-19 09:29:07
“Gənclərin xaricə göndərilməsi  çox şəffaf şəkildə həyata keçiriləcək”- Deputatdan təhsil təhlili

“Avropa ölkələrinin  daha qabaqcıl təhsilə sahib olduğunu düşünürəm. Elə buna görə də gənclərimizin Avropa ölkələrində magistr dərəcəsində təhsilini  fikirləşməliyik”.

Bunu AzEdu.az-a açıqlamasında millət vəkili Azər Badamov bildirib.

Qeyd edək ki, Milli Məclisin Gənclər və idman komitəsinin aprelin 11-də keçirilən iclasında Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxış edərək, xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı ayın sonunda elan veriləcəyini bildirib.

Onun sözlərinə görə, 2019-2020-ci tədris ilində gənclərin xaricdə magistr dərəcəsi üzrə təhsilini  Gənclər Fondu maliyyələşdirəcək

Deputatın AGF-nin bu addımını çox təqdirəlayiq hal hesab edir:

“Bu gün Azərbaycan Respublikasının Gənclər Fondu öz fəaliyyətini şəffaf şəkildə qurub. Cənab Prezidentin göstərişi ilə gənclərə dövlətin  dəstəyi və cəmiyyətdə inkişafı istiqamətində AGF-a daha da  çox səlahiyyətlər verilib. AGF-nin vasitəsilə gənclərin inkişafı istiqamətində  müəyyən treninq və  kurslar  keçirilir.Müəyyən müsabiqələrdə qalib gələn gənclər AGF vasitəsilə  beynəlxalq təcrübə qazanmaq üçün AŞPA-ya göndərilir. Həmçinin, istedadlı gənclərin beynəlxalq elmi simpoziuma  göndərilməsi AGF-nun təqdirəlayiq fəaliyyət istiqamətidir. Hazırki dönəmdə  AGF xaricdə təhsil almaq istəyən gəncləri  magistr dərəcəsində maliyyələşdirməsi prosesinə başlayıb. Fikrimcə, bu proses çox təqdirəlayiq haldır. Çünki müəyyən kateqoriyalara aid tələbələr var  ki,  onlara dövlət dəstəyi vacibdir.   AGF-nun rəhbərliyinin bildirdiyinə görə, gənclərin xaricdə magistr dərəcəsi üzrə təhsilin maliyyələşdirilməsi istiqamətində işlər davam etdirilir. Düşünürəm ki, gənclərin xaricdə magistr dərəcəsi üzrə təhsili çox şəffaf şəkildə həyata keçiriləcək.

Azər Badamovun sözlərinə görə, xaricdə təhsil alan tələbələrimiz bitirdikləri ixtisasları  üzrə əldə etdikləri bilikləri sonradan ölkəmizdə tətbiq etməlidirlər:

“Təhsildə yüksək nəticə əldə etmiş gənclər AGF tərəfindən müəyyənləşdirilib, mətbuat vasitəsilə açıqlanacaq. Həmçinin, müsabiqədə iştirak üçün hansı meyarlar göstərilməsi də AGF tərəfindən müəyyən ediləcək. Onu da bildirim ki, həmin müsabiqədə gənclər çox şəffaf şəkildə iştirak edəcəklər.

Ölkəmiz  artıq dördüncü sənaye inqilabında qədəm qoyub. Dördüncü sənaye inqilabında isə yeni elmi innovasiyalara əsaslandırılan iqtisadiyyatın qorunmasından danışılır. Məhz  ona görə də  daha çox elmi innovasiyaların öyrənilməsinə yönəlmiş mütəxəssislərin hazırlığını daha çox düşünməliyik. Hazırda informasiya-kommunikasiya texnologiyaları əsridir. Yəni, gənclərimizi təhsildə daha çox bu istiqamətə yönəltməliyik. Beləliklə,  gənclərimiz inkişaf edən iqtisadiyyatımızın daha da sürətlənməsinə səbəb olar . 

Avropa ölkələrinin daha qabaqcıl təhsilə sahib olduğunu düşünürəm. Elə buna görə dəgənclərimizin Avropa ölkələrində magistr dərəcəsində təhsilini  düşünməliyik”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları