Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-17 12:12:00
Pilot layihə çərçivəsində “Kimya gecəsi” keçirilib  

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı haqqında pilot layihənin tətbiqi barədə” 27 noyabr 2017-ci il tarixli  əmrinin icrası ilə əlaqədar Lənkəran Dövlət Universiteti (LDU) ilə Astara, Lənkəran və Yardımlı rayonlarının ümumtəhsil məktəbləri arasında elmi-pedaqoji əməkdaşlığın yaradılmasına dair  işlər davam etdirilir.

AzEdu.az xəbər verir ki, layihə çərçivəsində  LDU və Astara Rayon Təhsil Şöbəsinin  birgə təşkilatçılığı ilə Astara rayonunun C.Cabbarlı adına Kakalos kənd tam orta məktəbində “Kimya gecəsi” keçirilib.

Tədbirə Azərbaycan Respublikası Dövlət Himninin ifası ilə start verilib.

Sonra meydan gənc kimyaçılara verilib. Onların təqdim etdikləri təcrübələr iştirakçılar tərəfindən maraqla qarşılanıb.Pensər kənd 2 saylı tam orta məktəbin yuxarı sinif şagirdləri kimya fənnindən  praktik biliklərini bacarıqla nümayiş etdiriblər.D.Mendeleyevin  “Kimyəvi elementlərin dövri sistemi cədvəli”nin kəşfinin 150 illiyinə həsr olunmuş gecədə kimya elminin yaranması, ən mühüm kəşflər,dünya şöhrətli kimyaçılar barədə maraqlı məlumatlar səsləndirilib.Həmçinin D.Mendeleyevin yaratdığı “Kimyəvi elementlərin dövri sistemi cədvəli”nə həsr olunmuş videoçarx nümayiş edilib. Təcrübi məşğələləri şagirdlər Pensər kənd 2 saylı tam orta məktəbin kimya müəllimi, respublikanın əməkdar müəllimi Şabala Əliyevin  rəhbərliyi altında həyata keçiriblər.

Tədbirdə Lənkəran Dövlət Universitetinin (LDU) Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsini icra edən dosent İdrak Əsgərov çıxış edərək şagirdlərə və müəllimlərə  maraqlı  gecəyə, fəal iştiraklarına görə təşəkkürünü bildirib. Orta məktəblərlə əlaqələrin bundan sonra da davamlı olacağını, universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun göstərişi ilə LDU-nun laboratoriya və fənn kabinələrinin tətil günlərində və açıq dərslər zamanı məktəblilərin ixtiyarına veriləcəyini deyən İdrak Əsgərov məktəblilərə elmlərin əsaslarına dərindən yiyələnmələrini, praktik bacarıqlarını genişləndirməyi tövsiyyə edib .Astara Rayon  Təhsil şöbəsinin müdiri  Rəşad  Həsənov  ali təhsil müəssisələri ilə orta məktəblər arasında əlaqələrin inkişafını yüksək dəyərləndirərək  bunun  hər iki tərəfə , ümumiyyətlə isə , elmimiz üçün səmərəli olacağını vurğulayıb.

Kimya  gecəsində LDU-nun “Kimya və fizika” kafedrasının dosenti,kimya üzrə fəlsəfə doktoru Gülbəniz Qədirova çıxış edərək nümayiş edilən təcrübələrdən və məktəblilərin kimya fənni üzrə nəzəri və təcrübi biliklərindən razı qaldığını bildirib,tövsiyyələrini verib.

Tədbirdə Astara rayonunda  kimya fənnini tədris edən müəllimlər,LDU-nun  əməkdaşlarından -Kimya və fizika kafedrasının müdiri, dosent İsa Hüseynov,həmin kafedranın baş müəllimi  Elnur Dadaşov,Biologiya və tibbi biliklər kafedrasının müdiri vəzifəsini icra edən dosent Məhəmmədhüseyn Hüseynov və başqaları iştirak ediblər.