Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-17 11:21:19
Məktəbi bazara döndərən valideynlər: “Bir-ikisi “Whatsapp” qrupu açıb, məcburi pul yığırlar”  

“Təfəkkürümüzdə bu sözlər ilişib qalıb: “Etiraz etsəm, qonşum nə deyər?” Təəssüf, qonşunun fikrinə görə yaşayırıq. Adını müəllim qoyan biri belə, etiraz edənin tərəfini tutmur. Sinifdəhəmin etirazçıya qarşı qəribə soyuqluq yaranır. Onun övladı isə kollektivdən kənarlaşdırılır”.

Ağdam rayonu, 91 nömrəli orta məktəbin direktoru Nemət Rüstəmlinin məktəblərdə müəllimə hədiyyə məqsədi ilə pul yığılması hallarına münasibətini belə ifadə edir. O, digərlərindən fərqli olaraq, bu işdə məhz valideynləri günahlandırır. Bəli,lazımı anda etiraz etməyən, sonradan isə başqalarını günahlandıran valideynləri...

Direktor məsələ ilə bağlı AzEdu.az-a danışarkən bildirib ki, rayonlarda belə hallar varsa da, çox azdır. Kəndlərdə isə ümumiyyətlə, pul yığılması halından söhbət belə gedə bilməz:

“Çünki kiçik kənddə yaşayırlar. Direktor hər kəsi tanıyır, vəziyyətlərinin necə olduğunu bilir. Ən pis halda uşaqlar özləri yığışıb müəllimə nəsə alırlar. Amma müəllim bunu tələb etmir. Şəhər məktəblərində isə əvvəlcədən 8 mart münasibətilə gül deyil, məhz pul istədiyini deyənlər də olur. Əvvəla, bu, müəllim peşəsinə yaraşmır. Şagird və valideyndən sui-istifadə etmək qəbuledilməzdir”.

Nemət müəllim düşünür ki, bunun günahkarı çox vaxt elə valideynlər özləri olur:

“Bəzi imkanlı valideynlər onlardan tələb olunmasa belə, hədiyyə almaqda israrlıdırlar. İmkanı çatmayanlar da övladının xətrinə belələri ilə razılaşır.

Təfəkkürümüzdə bu sözlər ilişib qalıb: “Etiraz etsəm, qonşum nə deyər?” Təəssüf, qonşunun fikrinə görə yaşayırıq. Adını “müəllim” qoyan biri belə, bu kimi məsələlərə etiraz edənin tərəfini tutmur. Valideynlər arasında həmin etirazçıya qarşı qəribə soyuqluq yaranır, övladı da kollektivdən bir növ, kənarlaşdırılır. Problemin əsas səbəblərindən biri də budur.

Bundan əlavə, pul yığımının digər mənbəyi də summativlərdir. Əksər məktəblərdə summativ qiymətləndirmə üçün lazım olan kağızların pulunu uşaqlar verir. Təhsil Şöbəsindən kağız verilib-verilmədiyini bilmirəm. Verilsə belə, o gəlib məktəblərə çatmır”.

“Sadəcə, etiraz etməyi bacarmaq lazımdır”

Onun fikrincə, bu kimi məsələlərin yaşanması, bir neçə valideynin pul-hədiyyə toplama prosesindəki avtoritar davranışı cəmiyyətimizdə hüquqlarını bilməmək və qonşudan geri qalmamaq prinsipindən irəli gəlir:

“Bunun yeganə yolu pul yığılmamasıdır. Belə olsa, valideyn düşünəcək ki, onsuz da heç kim pul vermir, mən də verməyim. İnanın, bu, onun ürəyindən olacaq. Biz deməklə, düzələn deyil. Sadəcə etiraz etməyi bacarmaq lazımdır.  Kimsə etiraz etsə, bu hal aradan qalxar”.

“Bəlkə də müəllim məsələdən xəbərsizdir”

Laçın rayon Taxtakörpü qəsəbə orta məktəbinin İngilis dili müəllimi Şəbnəm Cəbrayılisə rayonda belə hallarla rastlaşmadığını deyir:

“Bacımın övladları şəhərin ən  yaxşı məktəblərindən birində təhsil alır. Rayondan fərqli olaraq, orada belə hallar çox olur. Təsəvvür edin, bir bayram yüz neçə manata başa gəlir. Bir-iki valideyn düşür ortalığa, “Whatsapp” qrupu açıb yazırlar ki, gəlin pul yığaq. Digərləri də məcburən bu “kampaniya”ya qoşulur. Bəlkə də heç müəllimin məsələdən xəbəri yoxdur. Bir valideyn pul verməsə, heç kim verməz. Bunu ənənə halına salan elə onlar özləridir”.

“Bəzən, heç pulun hamısı gedib müəllimə çatmır”

Onun sözlərinə görə,bu problemlə rastlaşanbəzi valideynlər etiraz etməyə utanırlar:

“Digərləri isə düşünürlər ki, ayrı-ayrılıqda hədiyyə almaqdansa, hər kəsdən pul yığmaq daha sərfəlidir. Bəlkə də, o pulun hamısı gedib müəllimə çatmır. Valideyn komitəsinin üzvü deyilən, guya “rəhbər” valideynlər olur. Bu işi adətən  elə onlar başladır. Mən isə şagirdlərim gül verəndə belə etiraz edirəm.

50 manatdan çox pul rüşvət hesab olunur. Müəllim bir dəfə o pulu qəbul etməsə, növbəti dəfə valideynlər də yığmazlar. Müəllim pul götürürsə, deməli,müəyyən qədər marağı var”.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları