Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-16 17:48:40
Beynəlxalq arenanı “Uzun dərə” rəqsi və Kimyaya aid tətbiqlə təəccübləndirən şagirdlərimiz - FOTOLAR      

Qazaxıstanın Almaata şəhərində keçirilən 17-ci "International Computer Project Olympiada-2019" (InfoMatrix) beynəlxalq layihə müsabiqəsində ölkəmizi təmsil edən məktəblilər 2 bürünc medal qazanıblar.

Bürünc medal sahibləri Bakı şəhəri, Xalid Quliyev adına 62 saylı məktəb-liseyin VIII sinif şagirdi Eyvazlı Yusif və X sinif şagirdi Dəmirçiyev Nicatdır.

“Chemistrypal” adlı layihənin məqsədi şagirdlərin Kimya fənninə olan marağını artırmaq və onların bu sahədə təcrübi biliklərinin təkmilləşdirilməsinə nail olmaqdır.

AzEdu.az əməkdaşları məktəblilərimizə beynəlxalq arenada uğur gətirən bu layihə haqqında geniş məlumat əldə etmək, eləcə də onların bu nailiyyətlərinin bilinməyən tərəflərini işıqlandırmaq üçün 62 saylı məktəbdə olub.

Burada olduğumuz müddətdə məktəb direktoru, layihənin elmi rəhbəri və bürünc medal qazanan şagirdlərlə ünsiyyətdə olduq.

62 saylı məktəb-liseyin direktoru Mətanət Cabbarova layihənin komanda şəkilində ərsəyə gəldiyini deyib.

“Şagirdlərimiz yarışmaya müraciət etdikdən sonra bizə dəvət gəldi ki, Almaatada təşkil olunan “Beynəlxalq Olimpiada Yarışmaları” layihəsinin final mərhələsinə seçilmişik.

Əvvəlki illərlə müqayisədə builki şərtlər çox çətin idi.Biz ora birinci yerə sahiblənmək üçün getmişdik, amma bəzi şərtlər dəyişdiyindən təəssüf ki, bürünc medala layiq görüldük.

Qalib ölkələrin adları sadalandıqda çox həyəcanlı idik.Şagirdlərimizin adları qaliblər arasında çəkildikdə isə sevincimizdən nə edəcəyimizi bilmədik. O zaman nə yaşadığımızı, hansı hisslər keçirdiyimizisözlə ifadə etmək mümkün deyil.

Biz birinci gün iştirakçılara, qonaqlara ölkəmizə aid rəmzləri, simvolları, milli adət-ənənələrimizə aid təqdim etdik.İkinci gün isə layihəmiz haqqında məlumat verdik.Layihəmizi ingilis, rus, türk dillərində təqdim etdik.Sonra şagirdlər jüri qarşısında hesabat verdilər.Növbəti gün proqramlaşdırmadan imtahan keçirildi ki, bu, çox ağır bir proses idi.

Mənim üçün ən yadda qalan məqam milli musiqimizi milli geyimlərimizlə bərabər təqdim etmək oldu. Biz əslində, bu məsələdən çox gec xəbər tutduq. Lakin vaxt itirmədən, cəmi 5-10 dəqiqəyə hazırlaşıb, ”Uzun dərə” rəqsini təqdim etdik.Sevindirici hal idi ki, ilk çıxış edən də elə biz olduq. Rəqsi komandanın elmi rəhbəri Aysel xanımla Nicat adlı şagirdimiz ifa etdi. Onların bu ifası çox bəyənildi.Sonda isəmən şagirdimiz Yusiflə birgə Azərbaycan bayrağını səhnəyə gətirdik..

Bir sözlə, bu yarışma bizdə çox böyük motivasiya yaratdı və hazırda başqa olimpiadalarda iştirak etməyi düşünürük.

Səfərin təşkilində Təhsil Nazirliyi, Bakı Şəhər Təhsil idarəsinin böyük rolu oldu”.

Komandanın elmi rəhbəri Aysel Babayeva layihənin məqsədinin şagirdlərə Kimya fənnini sevdirmək olduğunu deyib:

“Şagirdlər Kimya fənninə aid olan hazırladıqları bir tətbiqlə mənə müraciət etdilər. Öz növbəmdə onlara istiqamət verdim.Layihəni hazırladıqdan sonra isə şagirdlərə beynəlxalq olimpiada olduğunu və orada iştirak etməyimizinmüsbət hal olacağını qeyd etdim. Onlar da sözümü yerə salmadılar.

Şagirdlərimiz özləri haqqında məlumatları “İnfoMatrix” yarışmasına göndərdilər.Bizim layihəmiz onlar tərəfindən bəyənildi və final mərhələsinə qatılmaq üçün dəvət aldıq.

Builki yarışma digər illərə nisbətən daha ağır şərtlərə malik idi.Burada 28 ölkədən 186 şagird təmsil olunurdu.Bu qədər rəqibin içərisində yer almaq çətin idi.

Bu il ilk dəfə yarışmaya qatılmaq üçün imtahan lazım idi.Bu da işimizi daha ağırlaşdırdıvə bizdə gərginlik yaratdı.Həmin imtahana hazırlıq prosesində gecə 2-3 saat yuxu aldıq və çalışmağa davam etdik.

Belə ki bəzi məktəblərdə laboratoriyalar yoxdu.Bu problem dünyanın bir sıra ölkələrində də, yaşanmaqdadır.Bunun qarşısını almaq üçün biz tətbiq yaratdıq. Həmin tətbiq şagirdlərə Kimya fənnini sevdirməyə və işlərini asanşəkildə həll etməyə kömək olacaq.

Münsiflər layihəni çox maraqla qarşıladılar çünki bu bir ixtiradır.Almaatada layihəmizə aid olan stendə maraq çox idi.Digər ölkələr də, bu ixtiramızlamaraqlanırdılar.

Tək layihəmizlə yox, milli dəyərlər, adət-ənənələrimiz digər dövlətlərin marağına səbəb oldu.Tədbir Novruz bayramı ərəfəsinə təsadüf etdiyi üçün bayram simvollarımızı da, oraya aparmışdıq.Bu böyük maraq oyatdı.

Yarışmanın ən maraqlı məqamlarından biri milli geyimlərimizlərəqslərimizitəqdim etmək oldu.Biz buna bir gün hazırlaşdıq və nəticəsi çox yaxşı oldu.

Bizim ən böyük səhvimiz oraya cəmi bir kateqoriya üzrə getməyimiz idi.Çünki digər dövlətlər bir neçə kateqoriya üzrə qatılmışdılar. Biz isə yalnız İnformasiya Texnologiyaları üzrə təmsil olunurduq.

Bu layihə şagirdlərin gələcək həyatında çox böyük rol oynayacaq.Onlarda özünəinam formalaşdı.

Rəqiblər sırasında Tacikistan, Türkmənistan, Honkonq və digər ölkələr də, var idi.Birinci yerə Honkonq layiq görüldü.

Gələcək illərdə biz yenə “İnfoMatrix” və digər beynəlxalq səviyyəli layihələrdə iştirak etməyi düşünürük. Budəfəki hədəfimiz bürünc yox qızılmedaldı”.

62 saylı məktəbin VIII sinif şagirdi və İnfoMatrix yarışmasının bürünc medal laureatı Yusif Eyvazlı məqsədlərinin virtual laboratoriya yaratmaq olduğunu deyir:

“Şagirdlər bu tətbiq vasitəsi ilə Kimya fənnini daha yaxşı öyrənə biləcəklər.

Bəzi şagirdlər Kimya fənindən reaksiyanı yalınız əzbərləməklə kifayətlənirlər.Lakin onların reaksiya və metodları daha asan və ətraflı öyrənmələri üçün biz bu tətbiqi yaratdıq.

Bu tətbiq vasitəsi ilə siz reaksiya şəklini çəkirsiniz və tətbiq sizə ehtiyacınız olan uyğun vasitələri göstərir.

Çoxlu yeni millətlər və adətlərlə tanış olduq.Bu, bizim üçün fərqli təcrübə idi.

Yarışmada fəaliyyət göstərən könüllülər bizə böyük köməklik göstərdilər və orada vaxtımızı səmərəli keçirməyimizdə yardımçı oldular.

Lakin bütün bunlar bizim üçün kifayət deyil. Növbəti yarışmalarda Qızıl medal qazanmaq üçün əlimizdən gələni edəcəyik.

Gələcək hədəflərim sırasında layihəmizi inkişaf etdirmək və uğurlu təhsil almaq var.İngilis dili bilgilərimi inkişaf etdirib, yaxşı bal toplasam, gələcəkdəxaricə getməyi düşünürəm”.

62 saylı məktəbin X sinif şagirdi və bürünc medal laureatı Dəmirçiyev Nicat yarışmanın onun üçün çox gərgin və həyəcanlı keçdiyini qeyd edir:

“Bir çox millətlərin nümayəndələri ilə tanış oldum.Onlarla fikir mübadiləsində olduq və əməkdaşlığımızı genişləndirdik. Bu da mənim həyatım üçün çox böyük təcrübə oldu. III yerə layiq görülməyimə baxmayaraq, mən özümü I yerə çıxmış kimi hiss edirəm.

Uğurun sirrini yalnız bir istiqamətə yönəlməkdə və onun üçün çalışmaqda görürəm.Əgər insanın həvəsi varsa, o hər şeyə qadir ola bilər”.

Şüküfə Süleymanlı