Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-16 13:13:00
Aprel şəhidinin direktor xanımı: “Həkimə dedim ki, şagirdin anası da mənəm, atası da, nə kömək lazımdırsa edin” - Örnək  

Son zamanlar şagirdlərin depressiv halları, belə dönəmlərdə onlara ailə və məktəblərin birgə nəzarəti müzakirə mövzusudur. Bəziləri bu mövzuda direktorlara qarşı kəskin mövqe tutur.

45 nömrəli orta məktəbin rəhbəri Nəcibə Axundova isə fəaliyyəti ilə bu qəlibləşən fikirləri alt - üst edən direktorlardandır.

İki cümləlik vacib dosye:

-O, rəhrbərlik etdiyi məktəbdə bütün şagird-müəllim heyətinin sevimlisidir;

 -Aprel şəhidi, polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşıdır.

“Şagirdim xəstəxanada olanda həkimlərə dedim ki, bu uşağın sahibi bizik. Onun “anası” da, “atası” da mənəm. Nə kömək lazımdırsa, edin. Elə bilməyin ki, onunla maraqlanan yoxdur”.

Dediyinə görə, yeniyetməlik dövrünü keçirən məktəblilərin yaşadığı bu kimi arzuolunmaz  halların az şahidi olmayıb:

“Mövcud durum bütün ailələrə təsir edir. Ailədə istər-istəməz qeyri-sağlam mühit formalaşır və uşaqlara təsirsiz ötüşmür. Bəziləri məsələnin dərinliyinə varmır, digərləri isə ciddiliyi dərk etsələr də, laqeyd yanaşırlar. Uşağın çox güclü, vecsiz olduğunu,  problemlərin onsuz da ona təsir etməyəcəyini düşünənlər də az deyil.

Ailə uşağa düzgün nəzarət etməlidir. Onu narahat edən məqamlar var, ünsiyyət azalıbsa, ailə həyəcan təbilini məktəbdən əvvəl çalmalıdır.

Şagirdin ümumi davranışlarında müşahidə olunan narahatlıq sonradanintihara meyil də yarada bilər. Çünki onların psixikası tam formalaşmayıb. Ən həssas uşaqlar isə keçid dövrlərini  yaşayanlardır;  hər şeyə tez reaksiya verirlər. Fikirlərinin düzgün olub-olmadığını, bu düşüncələrin onu hara aparacağını dərk etmirlər.

Psixoloq da belə ailələrlə görüşməlidir. O, mütləq dərslərə qatılıb, şagirdi müşahidə etməlidir. “Məktəblinin dostu” layihəsi çərçivəsində də psixoloji xidmət təşkil edilir. Məktəbdəki psixoloq şagirdə yaşantıları ilə bağlı kömək etmək iqtidarında deyilsə, biz onlara –yəni daha güclü mütəxəssislərə müraciət edirik. Həftədə 2 dəfə bu cür psixoloqları məktəbə dəvət edirik. Onlar təhlillər aparıb, şagirdlə neçə dəfə görüşmək lazım olduğunu deyirlər. Bunlar tam ödənişsiz həyata keçirilir”.

Direktor sinif rəhbərinin yeniyetməliyi gərgin keçirən şagirdlər üzərində təsirini də izah edib. Onun sözlərinə görə, sinif rəhbəri depressiv durumda olan uşaqlarla xüsusi iş aparmalı, onu hansısa ictimai təlim və dərnəklərə cəlb etməlidir:

“Uşaqları maraq dairələrinə uyğun hər hansı işlərə cəlb edib,onları neqativ fikirlərdən ayırmağa çalışırıq. Amma o, cəmi 6 saatını bizimlə keçirir. Ailənin vəziyyətdən çıxa bilmədiyini açıq - aydın görürük. Məktəbimiz mütləq belə uşaqla iş aparır. Ailə ilə kontakt da unudulmamalıdır”.

“Qapını üzümüzə belə açmır, bizimlə kontakdan imtina edirlər”

Nəcibə xanım təəssüf hissi ilə bəzən problemli ailələrin məktəblə ünsiyyətdən qaçdıqlarınıda qeyd edir. Deyir ki, riskli qrupa aid olan, keçid dövrünü ağır keçirən uşaqların ailələri də çox vaxt problemli olur:

“Uşaq təxminən, 10 gün məktəbə gəlməyəndə həyəcan təbili çalırıq. Hətta sinif rəhbərini şagirdin yaşadığı evə və ya anasının iş yerinə göndərirəm. Bəzən qapını üzümüzə belə açmır, bizimlə kontakdan imtina edirlər. Təsəvvür edirsiz? Ailə özü bilərəkdən məktəblə kontaktdan imtina edir. Bəlkə də, düşünür ki, məktəb həyəcan təbili çalırsa, vəziyyət qəlizdir.  Məktəb valideyni öz öhdəliklərini yerinə yetirməyə məcbur edəcək. Axı, ailənin də qanun qarşısında öz öhdəlikləri var. Valideyn övladını icbari təhsildən yayındırmamalı, onun tərbiyəsinə bilavasitə cavabdeh olmalıdır.

Bəzənsə, valideyn o qədər iş, karyera dalınca qaçır ki, uşaq qayğı və diqqətdən məhrum olur. O, ana sevgisi görmür. Bəlkə də belə valideyn illər sonra iş həyatında özünə müəyyən yer tuta bilir. Amma nəticədə övladı özünü tənha hiss edir və diqqətsizlikdən əziyyət çəkir. Belə uşaqları sinif yoldaşları ilə dostluq və təmasa cəlb edir, müxtəlif maraqlı ekskursiyalar təşkil edirik. Çalışırıq ki, tənhalığını unutsun. Bilsin ki, kifayət qədər dostu var. Həmişə valideynlərə deyirəm ki, məktəbi özünüzə dost bilin. Bəzən onlar pedaqoqun müşahidə etdiklərini görə bilmirlər”.

“Uşaqlar səbirsizliklə gözləyirlər ki, Xarı Bülbül bu dəfə kimi yad edəcək”

O, məktəbdə tətbiq etdiyi motivasiyaedici üsullardan da söz açıb:

“Məsələn, bizim məktəbdə sinif rəhbəri futbola bilet alıb, həftə ərzində tərbiyəsinə görə müsbət mənada fərqlənən uşaqlara hədiyyə edir.

Kiçik siniflərdə isə poçt qutusundan yararlanırıq.  Həftə ərzində digərlərindən müsbət mənada fərqlənən şagirdə Qarabağdan Xarı Bülbülün yazdığı məktub gəlir. Təsəvvür edin, uşaqlar səbirsizliklə gözləyirlər ki, Xarı Bülbül bu dəfə kimi yad edəcək”.

“O şagirdin “anası” da, “atası” da mənəm”

Direktor onu da bildirir ki, depressiv uşaqların əksəriyyəti ünsiyyətə girmək, siniflə əməkdaşlıq etmək istəmirlər. Bunu görmək müəllim üçün elə də çətin deyil. Buna görə də məktəblə əməkdaşlıq edən valideyn udur. Amma bəzən valideynlər laqeyd olur. Nəcibə xanım da məktəb rəhbəri kimi belə hallarla az rastlaşmayıb:

“Bir dəfə məktəbdə şagirdin epilepsiyası tutdu. Dərhal təcili yardım çağırıb onu xəstəxanaya apardıq. Atası yox idi, anası ilə isə əlaqə saxlamağa çalışsaq da, alınmadı. Nənəyə zəng vurub vəziyyəti başa saldım. Uşağın vəziyyətinin ağır olduğunu, hansı xəstəxanaya aparıldığını dedim. Sinif rəhbəri də mənimlə getmişdi. Uşağın vəziyyəti stabilləşdi. İnanın, hələ də ailədən bir nəfər gəlib çıxmamışdı. Kimisə günahlandırmaq fikrim yoxdu. Amma bu qədər laqeydlik gözləmirdim. Hadisənin üstündən saatlar keçsə də, ailədən reaksiya yox idi. Nəhayət, günün ikinci yarısı nənə gəlib çıxdı. Şagirdi bütün müayinələrdən keçirdik. Hətta psixiatra da müraciət etdim.

Belə situasiyalar olur. Amma məktəblinin ailəsi yanında olmasa belə, həkimlərə dedim ki, bu uşağın sahibi bizik. Onun “anası” da, “atası” da mənəm. Nə kömək lazımdırsa, edin. Elə bilməyin ki onunla maraqlanan yoxdur.

Keçən il də bir məktəblidə belə hallarla rastlaşdım. Depressiv vəziyyətdə idi. Təcili onu müəyyən ictimai işlərə qoşduq. Sonradan bu fəaliyyətin təsirsiz qalmadığını, xeyli müsbət dəyişikliklər olduğunu gördük”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları