Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-16 11:17:00
13 yaşlı medalçımız: “Yaşca çox kiçik olduğumdan qalib gələcəyimə inanmırdım”

“Olimpiadada qalib olacağıma əvvəlcə heç ümidim yox idi. Düşünürdüm ki, yarışma 17 yaşa qədər  məktəblilər arasında keçirilir və mən onlardan yaşca çox kiçiyəm”.

Bu sözlər Azərbaycanı VIII Avropa Qızlar Riyaziyyat Olimpiadasında təmsil edən 4 məktəblidən birinə – bürünc medal sahibi Fidan Qarayevaya aiddir.

Fidan Qarayeva Bakı şəhəri 257 nömrəli tam orta məktəbin VII sinif şagirdidir.

Məlumat üçün: 7-13 aprel tarixlərində Ukraynanın Kiyev şəhərində keçirilən VIII Avropa Qızlar Riyaziyyat Olimpiadasında (EGMO) Azərbaycanı Zəhra Bayramlı, Fidan Qarayeva, Şəms Əliyeva və Fidan Babayeva təmsil ediblər. Mötəbər bilik yarışında Bakı şəhəri 257 nömrəli tam orta məktəbin VII sinif şagirdi Fidan Qarayeva bürünc medal qazanıb. Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin X sinif şagirdləri Zəhra Bayramlı və Şəms Əliyeva isə olimpiadanın xüsusi mükafatı olan həvəsləndirici sertifikata layiq görülüblər.

36 ölkədən 196 şagirdin iştirak etdiyi elm yarışmasında Avropa ölkələri ilə yanaşı, ABŞ, Kanada, Avstraliya, Hindistan və digər ölkələrin məktəbliləri də iştirak ediblər.

2016-cı ildən bəri olimpiadada iştirak edən məktəbli qızlarımızın qazandığı ilk medalın sahibi Fidan Qarayeva AzEdu.az-la olimpiada anlarını bölüşüb:

“Olimpiada da qalib olacağıma əvvəlcə heç ümidim yox idi. Düşünürdüm ki, yarışma 17 yaşa qədər olan məktəblilər arasında keçirilir və mən onlardan yaşca çox kiçiyəm. Hətta komandaya qəbul olunacağıma belə nə mən, nə də ailəm inanmırdı. Lakin hazırlıq prosesində özümə olan inamım tədricən artmağa başladı”.

Olimpiada qalibi bildirir ki, VIII Avropa Qızlar Riyaziyyat Olimpiadasına hazırlıq prosesi onun üçün çox vacib idi. Çünki bu beynəlxalq yarışmada müxtəlif ölkələrdən yüzlərlə məktəbli iştirak edirdi:

“Beləcə, qarşıma məqsəd qoyub, olimpiadaya ciddi hazırlaşdım. 8 ay davam edən hazırlıq prosesində müəllimlərimiz arasında beynəlxalq olimpiada qalibləri İsmət Ağayev, Nazim Kərimov, Məhəmməd Şirinov var idi. Bununla yanaşı, ötən illərdə olimpiadalarda qalib olan gənclər də bizə xüsusi hazırlıq dərsləri keçdilər. Bu cür təcrübəli  şəxslərin mənə yardım etməsi riyazi biliyimin  daha da inkişafına  səbəb oldu.

Ümumiyyətlə, ilk dəfə 9 yaşımdan olimpiadaya hazırlığa  başlamışam. Əvvəl Meksikada təhsil aldığım üçün orada da 14 yaşa qədər uşaqlar arasında keçirilən Riyaziyyat Olimpiadasında qızıl medal qazanmışam. Bakıya köçdükdən sonra isə Beynəlxalq Olimpiada Mərkəzinə qəbul olundum”.

VII sinifdə təhsil alan Fidan gələcəyi ilə bağlı hələ dəqiq qərar verməsə də, ümumi fikirlərini bizimlə bölüşür:

“Gələcəklə bağlı hədəfimi hələlik, tam müəyyənləşdirməmişəm.  Lakin seçəcəyim ixtisasın riyaziyyatla birbaşa əlaqəli olacağını dəqiq bilirəm”.

Qeyd edək ki, Azərbaycan məktəbliləri bu yarışmada dördüncü dəfədir ki, iştirak edirlər.

İlk dəfə 2012-ci ildə İngiltərədə təşkil olunan Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) məktəbli qızlar arasında keçirilən bilik yarışıdır. 2017-ci ildə İsveçrədə 43 ölkənin iştirakı ilə keçirilən olimpiada da azərbaycanlı şagirdlər iştirak edib və iki həvəsləndirici sertifikata layiq görülüblər.