XƏBƏRLƏR

15.04.2019 17:00
“Qara dəlik” mifini yıxıb, dünyanın məhvini təsvir edən professor: “NASA-da çalışan azərbaycanlı tanımıram” – MÜSAHİBƏ

Namiq Cəlilov:  “Marsda həyat üçün lazımi şəraitin yaranma ehtimalı sıfıra bərabərdir”

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, professor Namiq Cəlilov  Ümumdünya Aviasiya və Kosmonavtika günü ilə əlaqədar AzEdu.az-a müsahibə verib.

AzEdu.az Namiq Cəlilovla müsahibəni təqdim edir:

-Son günlərin əsas gündəmi NASA-nın tarixdə ilk dəfə qara dəliyin görüntülərini çəkməsidir. Dünyanın müxtəlif nöqtələrində quraşdırılan 8 teleskopun köməyi ilə vizual görüntü əldə edilsə də, əksəriyyət bunu qara dəliyin gərçək fotosu hesab edib. Yerdən 53 milyon işıq ilə uzaqlıqda yerləşən cismin real görüntülərini çəkmək, yəqin ki imkansızdır...

-Əlbəttə! Bu, mümkün deyil. Öncəliklə, Azərbaycanda bu obyektə “qara dəlik” adı verirlər, amma dəlik o zaman olar ki, biz onun digər tərəfini də görək. Bu səbəbdən, düzgün termin “qara çuxur”dur. Qara çuxura ona görə bu adı veriblər ki, o şüalanmır. Cism şüalanmırsa və ya üzərinə düşən şüalanmanı əks etdirmirsə, biz onu görmürük. O, heç bir dalğa uzunluğunda görünmür. Qara çuxur çox böyük qravitasiyaya (cəzbetmə qüvvəsinə) malik olduğuna görə adətən, qalaktikaların mərkəzində yerləşir. İfrat nəhəng ulduzlar ömürlərinin sonunda şişərək partlayırlar. Onların kütlələri Günəşin kütləsindən bir neçə dəfə böyükdürsə, bu zaman qara çuxura çevrilirlər. Çuxur qravitasiyanın gücündən fotonu udur və görüntüdə əks olunmur. Ona görə onu reallıqda heç cürə görə bilmərik. Maddə  qara çuxurun ətrafında burulğanlara düşür və sürətlə böyük təcillər alaraq şüalanır. Ətrafının formasına görə onun ölçüsünü, harda yerləşdiyini, koordinatlarını müəyyən edə bilirlər. Qara çuxurun son vaxtlar internetdə gördüyümüz fotoları onun ətrafından gələn informasiyaların toplu təsəvvürüdür. Dünyanın bir çox astrofizika rəsədxanalarından alınan məlumatları ümumiləşdirib, qara çuxurun bu formada olduğunu açıqlayıblar.

“Qara çuxur ən nəhəng ulduzları bir göz qırpımında  uda bilər”

-Qara çuxurun kütləsi Günəşin kütləsindən qat-qat böyükdür. Deməli, güclü qravitasiya səbəbindən çuxur, nəinki Günəşi, bütün Günəş sistemini də uda bilər...

-Bəli! Qara çuxur ən nəhəng ulduzları belə bir göz qırpımında uda bilər. Burada maddənin sıxlığı sonsuz böyük olduğuna görə, qravitasiya böyük cəzbetmə qüvvəsinə malikdir. Lakin heç birimiz onun fizikasını bilmirik. Albert Eynştyenin Nisbilik nəzəriyyəsində qara çuxurun varlığı yer alıb. Amma ondan bu vaxta qədər heç bir məlumat ala bilməmişik. Astrofizikada astronomik obyektlərdən alınan məlumatlar onların şüalanması əsasında əldə edilir. Teleskoplar kosmik obyektin şüalanmasını qəbul edir və onun əsasında analizlər aparılır. Bir obyektdən bizə məlumat gəlmirsə, onun içərisində fiziki şəraitin necə olduğunu bilə bilmərik. Bu fundamental elmin qarşısında duran ən böyük problemlərdən biridir.

“Dünya astrofiziklərinin böyük əksəriyyəti yaradıcı qüvvəyə inanır”

-Günəş fizikası ixtisası üzrə mütəxəssissiniz. Sizcə, Günəş, təxminən, nə qədər müddətdən sonra sönəcək və dünyanı, eyni zamanda bütün planetləri daxilinə həbs edəcək?

- Ulduzların təkamülündə sübut olunmuş belə nəzəriyyə var ki, onlar da insanlar kimi doğulur, yaşayır və daxillərində baş verən nüvə sintezi reaksiyaları sönəndə həyatlarını başa vururlar. Günəş artıq ömrünün yarısını yaşayıb. Təxminən 4 milyard il də yaşayacaq. Bu rəqəmləri asanlıqla müəyyən edə bilirik. Günəşin bütün parametrlərini, onun kütləsini, hansı sürətlə kütləsinin azaldığını, nə vaxt sönəcəyini kifayət qədər böyük dəqiqliklə hesablayırıq. Ömrünün sonunda Günəşin mərkəzində təzyiq getdikcə böyüyüb, şişəcək. Şişəndə artıq ətrafındakı planetləri öz təsir dairəsinə qatacaq və planetlər onun içərisinə düşəcək. Bu, dünyanın məhvi dediyimiz mərhələdir.

-Yəqin, Qurani-Kərimi oxumusunuz. Maraqlıdır, dünyanın sonu ilə bağlı Quranda hazırda söylədiyiniz astrofizik məqamlara rast gəlinir?

-Yalnız İslam yox, bir çox dinlərdə “bu dünya - o dünya” kimi fikirlər yer alıb. Dünyanın sonu məsələsi Quranda da kifayət qədər geniş şərh olunur. Lakin burdakı detallarla astrofizik motivlər bir qədər fərqlənir. Bəlkə də mahiyyətcə eyni şeyi nəzərdə tuturlar, amma ifadə vasitələri müxtəlifdir. Quranın dəqiq şərhini isə verə bilmərəm.

-Kainatda hər şey çox incə və nizam-intizamla qurulub. Hətta bu incəlikləri bəlli nöqtədən sonra elmin də açıqlamağa gücü yetmir. Astrofiziklər dünyanın meydana gəlməsində yaradıcı qüvvənin varlığı barədə nə düşünürlər?

-Müəyyən sahədə kəşflər olduqca, hansısa istiqaməti öyrəndikcə, oradakı problemlər və anlaşılmazlıq azı 10 dəfə artır. Düzgün qeyd etdiniz ki, kainat çox incəliklə, ən xırda detallar belə nəzərə alınmaqla qurulub. Dünya astrofiziklərinin böyük əksəriyyəti yaradan qüvvəyə inanırlar. Bu miqyasda olan təbiət kor-koranə şəkildə yarana bilməzdi. Dində söz etdiyimiz yaradıcı qüvvəyə Allah deyirlər. İslamla elmin fərqi onlarda inanc motivlərinin bir-birindən fərqlənməsidir. Yaradıcı qüvvənin mövcudluğuna şəxsən inanıram. İstər elementar zərrəciklər, istərsə də kainat səviyyəsində bu qədər incəlik kortəbii şəkildə mövcud ola bilməz. Məsələn, fizikanın əsasında olan fundamental sabitlər niyə dəyişməz qiymətlərə malikdir? Həmin sabitlərin birini dəyişən kimi kosmoloji modellər bizə tam başqa dünya modeli verir. Burdan da o nəticəyə gəlmək olar ki, yalnız bizim dünyamız yox, ona paralel dünyalar da var. Bəlkə də qara çuxur həmin paralel dünyalar arasındakı keçiddir. Bütün bunların öyrənilməsində kosmonavtikanın, kosmosun çox böyük əhəmiyyəti var.

İnsan ilk dəfə 1961-ci ildə kosmosa uçdu. Bu, kosmik eranın başlanğıcı hesab olunur. Kosmosda uçan süni peykləri bir anda yığışdırsaq, həyat Yerdə iflic vəziyyətə düşər. Saatımızdan tutmuş davranışımıza qədər, hava iqlimindən tutmuş hər detala kimi kosmosdan idarə olunur. Yerə baxaraq xəstəliklərin yayılması, bitki, heyvan aləmi və digər məqamlar kosmosdan süni peyklər vasitəsilə müşahidə olunur, proqnozlaşdırılır. Geofiziklər kosmosdan Yerə, biz astrofiziklər isə yuxarı, göyə baxırıq. Elektromaqnit dalğaların şkalası böyük diapazona malikdir. Kiçik dalğalardan tutmuş, kilometrlik radio dalğalarına qədər kosmosdan bizə informasiya gəlir. Atmosfer elə qurulub ki, onun kiçik pəncərəsini bizə buraxır. Buna optik diapazon deyirlər, hansı ki biz onu görürük. Həyatın mövcudluğunun əsas səbəblərindən biri atmosferin kosmosdan yalnız vacib olanları dünyaya buraxmasıdır. Gözlə görmədiyimiz şüalanmalar var ki, bunlar Yer üçün çox ziyanlıdır.

-Dünya astrofizikləri yaradıcı qüvvənin varlığına inanırlarsa, Darvinin Təkamül nəzəriyyəsinin özünü  doğrultmadığını deyə bilərik?

-Sözsüz, hər şey inkişaf edir. Bizim eradan əvvəlki insanlarla indikiləri yanaşı qoysaq, çox böyük fərq ortaya çıxır. İndi insanın daxilindəki kor bağırsaq heç bir işə yaramır, ağrıyanda da kəsib atırlar. Amma insan elə dövrdə yaşayıb ki, otla qidalanıb və kor bağırsaq həzm prosesində böyük rol oynayıb. İnsan təkamül mərhələrindən keçdikcə dəyişir. Təkamül bu nəzəriyyələrdən sadəcə, biridir. Son vaxtlar sübut edirlər ki, bu nəzəriyyə hər şeyi izah edə bilmir və qəbulu düzgün hesab olunmur.

“NASA-da çalışan azərbaycanlı tanımıram”

-Hazırda Günəş sistemində həyatın olmadığı deyilən planetlər var ki, onlarda  əvvəllər yaşam üçün lazımi şəraitin varlığı ilə  bağlı fərziyyələr səsləndirilir. Bu fərziyyələr həqiqətə uyğundurmu və Yeri də bu planetlərin aqibəti gözləyirmi?

- İnsan hər zaman ona oxşar canlıların olub-olmadığını, başqa yerlərdə həyatın mövcudluğunu, niyə, məhz yalnız Yerdə yaşayışın olduğunu fikirləşir. Bəşəriyyət əsrlərdir,  bu böyüklükdə kainatda tək olmadığı düşüncəsindədir. Son dövrlərdə astrofizikanın ən çox inkişaf edən sahəsi ekzoplanetlərin (Yerəoxşar-red.) axtarışıdır. Hökm deyil ki, bu planetlərdə insanların yaşayışı mümkün olsun. Mikroorqanizmlərin yaşaması üçün şəraitin varlığı da yetərlidir. Atmosferimizin tərkibi bizə dəqiq məlumdur və onun tərkibi yaşamağımıza imkan verir. Şərait bir balaca dəyişsə, Yerdə yaşayış mümkün ola bilməz. Yer yarananda partlayışlar, püskürmələr vardı, burda heç bir həyatdan söhbət gedə bilməzdi. Vaxt keçdikcə geoloji situasiya dəyişdi, yerin maqnit sahəsi əmələ gəldi. Bunların hamısı yerdə həyat üçün mümkün şəraitin yaranmasına gətirib çıxardı. Yaşayış üçün ən önəmli rol oynayan Yerin maqnit sahəsinin varlığıdır. Maqnit sahəsi Yeri kosmosdan gələn hücumlardan, zərbələrdən qoruyur. Günəşdən və qalaktikalardan gələn yüksək enerjili zərrəciklərin atmosferə daxil olmağına və yerdə həyatı mümkünsüz etməyinə imkan vermir.

Hazırda hər kəsin diqqət mərkəzində olan Marsda biz təsəvvür etdiyimiz kimi su mövcud deyil. Su orada yalnız dərin qatlarda, özü də  buz şəklində  var. Fərz edilir ki, nə vaxtsa Marsda da güclü maqnit sahəsi olub. Elmi axtarışlar nəticəsində planetdə okeanların yeri də görünür. Getdikcə maqnit sahəsi yoxa çıxdığına görə bu planetdəki atmosfer dəyişikliyə uğrayıb. Münbit şərait pozulub və həyat var idisə də, yoxa çıxıb. Qırmızı planet barədə fərziyyələr kifayət qədərdir. Dəqiq sübutları isə hələ ki heç kim irəli sürə bilmir. Hazırda Günəş sistemi planetlərinin heç birində Yerdəki şərait mövcud deyil. Ekzoplanetlərin axtarışı isə davam edir. Həyat üçün lazımı situasiyanın yaranmasına görə alınan enerji ilə şüalanan enerjinin müəyyən balansı olmalıdır. Bu da planetin ulduzdan hansı məsafədə yerləşməsindən asılıdır. Günəşə daha yaxın məsafədə yerləşən Merkuridə, sözsüz ki, həyat ola bilməz. Bizim bəxtimiz gətirib ki, Yerdə hələki yaşayış üçün lazımi şərait var. Lakin bu, istənilən an pozula bilər. Yerin fırlanma oxu öz sahəsini sabit saxlamır, eyni zamanda maqnit sahə də dəyişə bilər. Yerdə həyati şəraiti məhv edəcək bir çox amil var.

-Alimlər illərdir, həyəcan təbili çalıb, atmosferdəki  zəhərli  karbon dioksidin ( atmosferin çirklənməsinə və havanın hərarətinin dəyişməsinə səbəb olan qaz) miqdarının durmadan artdığını açıqlayırlar. Yəqin, siz də razılaşarsınız ki, planetimizdə həyatın çətinləşməsinə səbəb olan ən böyük amillərdən biri, məhz insan faktorudur...

-Atmosferə buraxılan qazlar Yerə vacib lazım olan və kosmosdan gələn şüaların miqdarını dəyişdiyinə görə, istər-istəməz bizdə də şərait dəyişir. Buzlaqlar əriyir, okeanlarda suyun səviyyəsi qalxır, quru ərazilər getdikcə azalır, səhralar şimal tərəfə sürüşür, okeandakı cərəyanların istiqamətləri dəyişir və s. Həyat üçün şəraiti dəyişdirə bilən amillərin sayı həddən artıq çoxdur. O cümlədən də insan faktoru burada vacib rol oynayır.

-Namiq müəllim, dünyada gündən-günə yeni kosmik nailiyyətlərə imza atılır. Bəs bizim alimlər kosmik sahənin inkişafında nə zaman dünyaya inteqrasiya edə biləcəklər?

-Azərbaycanın 3 süni peyki artıq kosmosda uçur ki, onlardan sonuncusu “Azersky”dır. İki peykimizin məqsədi, rabitə və kommunikasiya, digərinin məqsədi isə Yerin qütbündən qütbünə hərəkət edərək planetin, eyni zamanda Azərbaycanın görüntülərini skan etməkdir. Azərbaycan balaca ölkə olsa da, bu 3 missiya ilə kosmik ölkələr klubuna üzv yazılıb. “Azercosmos” deyilən kifayət qədər yaxşı mütəxəssisləri olan idarəmiz var. Biz də onlarla birgə işlər görürük. Məqsəd yaxın gələcəkdə “nano-peyk”lərin kosmosa buraxılması və astrofiziki eksperimentlərin aparılmasıdır. Kanadayla müntəzəm əlaqələr qurmuşuq. Onların 5 “nano-peyk”i Yer ətrafında ifrat nəhəng ulduzların dinamikasını öyrənir. Bu təcrübəni yavaş-yavaş onlardan öyrənib yaxın gələcəkdə Azərbaycanda tətbiq etməyi düşünürük.

-Bəzən sosial şəbəkələrdə hər hansı bir azərbaycanlı NASA-da çalışdığını iddia edir. Sonra ortaya çıxır ki, irəli sürülən iddia tamamilə yalandır. Bu barədə nə deyə bilərsiniz?

-Kosmos hamıya maraqlıdır. Şamaxı Astrofizika Rəsədxanasına maydan başlayaraq minlərlə şagird və tələbələr gəlir. Onlar da NASA-nın saytını izləyirlər. Hərdən olmayan şeyləri NASA-nın adına yazıb insanları inandırmaq istəyirlər. Bizə bu barədə tez-tez müraciətlər daxil olur. İnsanlara lazımi məlumların izahını veririk. Nəzərə almaq lazımdır ki, NASA dünyanın ən böyük korporasiyasıdır.

-NASA-da çalışan azərbaycanlı tanıyırsınız?

-Düzü, NASA-da çalışan azərbaycanlı tanımıram. Orada ola bilsin ki, mühəndis kimi çalışan, texniki sahədə işləyən hər hansı həmyerlilərimiz olsun. Amma dəqiq deyə bilərəm ki, aparıcı alimlərin arasında azərbaycanlı yoxdur.

-Şamaxı Astrofizika Rəsədxanasının direktoru olaraq,  son zamanlar hansı yeniliklərə imza atmısınız?

-Rəsədxanada 3 ildir, direktor vəzifəsindəyəm. Astronomiya elə elmdir ki, burada inkişaf üçün xarici əlaqələrin olması labüddür. Hələ kiçik teleskopun qiyməti 5-10 milyon dollar təşkil edir. Hər ölkənin özünə bu cür bahalı avadanlıqlar almağa büdcəsi yetmir. Avropa ölkələri birləşərək Çilidə nəhəng teleskop yaradıblar. Rəsədxanada olan teleskopumuz 2 metrlikdir. Ancaq kiçik teleskopların da özlərinin əhatə dairələri var. Teleskop nə qədər böyük olsa, kainatın daha uzaq nöqtələrini görmək mümkün olar. Avadanlıqlarımızı modernləşdirsək, astronomiyanın cəlbediciliyi çoxalar və xarici əlaqələrimiz artar. İlk dəfə Şamaxı Astrofizika Rəsədxanasında xarici qrantlarımız oldu. Bu yaxınlarda Rusiyadan alimlər gəldi. İlk dəfə olaraq, Rəsədxanamız Avropa Birliyinin mega qrantını qazandı. Hazırda 10 ölkəylə birgə proyektdə iştirak edirik. Bu yaxınlarda Çexiyadan da əməkdaşlar gəlmişdi. Bizim əməkdaşlarımız isə hazırda Tartu Universitetindədirlər. Hər birimizin bir məqsədi var: İfrat nəhəng ulduzların öyrənilməsi.

Rəsədxana olaraq ən yaralı yerimiz kadr hazırlığıdır. Cavan kadrlarımız digər elm sahələrinə olduğu kimi, astrofizikaya da maraq göstərmirlər. Bu elm sahəsinin özünəməxsus çətinlikləri var. Məsələn, gecələr teleskopların yanında dayanmaq, havanı güdmək, fürsətdən istifadə edib obyekti müşahidə və analiz etmək lazımdır. Bu kimi çətinliklər bizə kadr potensialımızı gücləndirməyə imkan  vermir. Buna baxmayaraq, elm fədailəri var ki, onların içərisində qızlar üstünlük təşkil edirlər. Ümid edirəm, xarici əlaqələri genişləndirib onları dünyanın müxtəlif ölkələrinə göndərə biləcəyik.

Astrofizika elmi yalnız praktiki deyil, nəzəri hissədən də ibarətdir. Mən nəzəri astrofizikəm. Bu elm sahəsinin ən çox inkişaf edən istiqaməti Günəş fizikası və Günəş-Yer əlaqələridir. Günəşdə partlayışlar, alışmalar baş verir. Bu hadisələr Yerin maqnit sahəsini möhkəm sirkələyir. Baş verənlər xəstə insanlara təsirsiz ötüşmür. Məqsədlərimizdən biri də hadisələrin fizikasını öyrənmək və əvvəlcədən onların proqnozunu verməkdir. Qalaktikalar fizikasını öyrənirik, nəhəng planetlərin, asteroidlərin fizikası ilə məşğuluq. Bizdə kainatın bütün elementləri araşdırılır.

-Keçmişlə müqayisədə astronomiyanın inkişafında hansı ciddi irəliləyişlər var?

- Astronomiyada baxışlar dəyişib, yeni ideyalar yaranıb. Təsəvvür edin, o vaxtlar qara çuxurun nə olduğunu da bilmirdik. Barion materiyası deyilən anlayış var ki, o elektron və protonlardan ibarət atomların təşkil etdiyi maddədir. Kosmos erasında məlum oldu ki, görünən barion materiyası kainatın 4 %, qaranlıq materiya (dark matter) təxminən 23%, qaranlıq enerji isə (dark energy) 73%-ni təşkil edir. Görünməyən enerjinin mahiyyəti isə anti-qravitasiyadır. O vaxta qədər heç kim təsəvvür etmirdi ki, qravitasiyanın əleyhinə olan hansısa qüvvə var. İndi görünməyən qara enerjinin anti-qravitasiya xarakterli qüvvə olduğu dəqiq sübut olunub. Bu qüvvə bütün kainatı genişləndirir. Əgər tam qravitasiya olsaydı, genişlənmə yavaşımalıydı. Qara enerjinin varlığı hər şeyi alt-üst elədi. Kainat təcillə genişlənir və hara qədər genişlənəcəyini, bundan sonra nələrin olacağını heç kim deyə bilmir. Nisbilik nəzəriyyəsində genişlənmənin nə vaxt yavaşıyacağını müəyyən etmək üçün müddəalar var. Amma bundan ötrü gərək kainatın içərisində paylanan kütləni və onun orta sıxlığını dəqiqləşdirə bilək. Bu, çox çətin məsələdir. Elə hissəciklər var ki, dedektorlarımız onları tuta bilmir. Məsələn, neytrinolarla (günəş partlayışları zamanı yerə gələn zərrəciklər) bağlı bu yaxınlarda kəşf olundu ki, o, xüsusi kütləyə malikdir. Ancaq kütləsi çox kiçik olduğu üçün onu hiss etmirik.

“Dünya dövlətləri kainatın ilkin anını tutmaq üçün eksperimentlərə 75 milyard dollardan çox vəsait yatırıblar”

-Neytrinonun kütləyə sahib olduğunun aşkarlanması və defisit probleminin həlli elmdə hansı gizli məqamları ortaya çıxardı?

-Bütün nüvə reaksiyalarından neytrin çıxır və Günəşdə baş verən nüvə reaksiyalarında şüalanır. Amerikalı alimləri Günəşdən gələn neytrinoların sayının az olduğu fikrini irəli sürürlər. Fərz eləsək ki, neytrinonun kütləsi var, bu zaman defisit problemini izah etmək olar. Günəşin daxilində elə fiziki şərait yaranır ki, nüvə reaksiyalarından ayrılan elektron və neytrino həmin fiziki şəraitdən keçəndə aromatını dəyişir, yəni  bir növü başqa növə çevrilir. Defisit probleminin həlli böyük elmin yolunu açdı. Rusiya, Almaniya və Kanada alimləri ilə mən də ilk dəfə neytrinonun növünü dəyişməsini yaradan fiziki şəraitin modelini irəli sürdük. Günəş fizikasında başlamış balaca problemin həlli böyük  istiqamətin qarşısını açdı. Məlum oldu ki, bizim xəbərdar olmadığımız zərrəciklər var.

Hazırda torpağın  altında rəsədxanalar tikilir. Məqsəd digər məlum olmayan zərrəcikləri aşkarlamaq və görünməyən enerjinin nədən ibarət olduğunu heç olmasa başa düşə bilməkdir. Böyük kollayder eksperimenti (CERN eksperimenti) zamanı 100 metr dərinliyində maqnit borusu fəaliyyət göstərir.(Böyük adron kollayderi  Avropa Nüvə Tədqiqatlar Şurasının hazırladığı dünyanın ən böyük proton sürətləndiricisidir). Məşhur alimlərimiz orda iştirak ediblər. Yeraltı eksperimentə milyardlarla dollar vəsait qoyulub. Güclü maqnit borularında hissəciklər işıq sürətinə yaxın sürətdə hərəkət edirlər. Protonları və digər ağır ionları işıq sürətinə yaxın enerji ilə sürətləndirib toqquşdururlar. Toqquşma zamanı kainatın əmələ gəldiyi ilkin anı tutmaq istəyirik. “Böyük partlayış” deyilən nəzəriyyə və kosmoloji modellər kainatın əmələ gəlməsinin ilkin anını heç cür izah edə bilmirlər. Bütün kainatın əmələ gəldiyi nöqtədə fizikanın heç bir qanunu işləmir. Sıxlıq və tempuratur o qədər böyükdür ki, qanunlar yararsızdır. İlkin anın fizikası, ümumiyyətlə bizə məlum deyil. CERN-də qoyulan eksperimentin əsas məqsədi ilkin ana yaxın getmək və zamanın, maddənin haradan əmələ gəldiyini tapmaqdır. Dünyanın əksər ölkələri bu təcrübəyə böyük vəsaitlər, 75 milyard dollardan çox pul yatırıblar.

-Yeri gəlmişkən, dünyanın asteroidlərin bir-birinə toqquşaraq bütöv formaya çevrilməsindən yaranması kimi fərziyyələr də var. Bütün planetləri də, məhz asteroidlərin əmələ gətirdiyi deyilir...

-Əvvəlcə Günəşin nüvəsi yaranıb. Bu zaman çox böyük fırlanma sürəti əmələ gəlib və fırlanma sürətinin ətrafında disk yaranmağa başlayıb. Disk dayanıqsız olub və ayrı-ayrı qəlpələrə bölünüb. Onların arasında asteroidlərdən ibarət halqalar da var. Hərdən onlar öz yollarını azaraq yerin yanından da keçirlər.

-Asteroidin dünyanın yaxınlığından keçməsi, onun planetimizlə toqquşma ehtimalını artırırmı?

-Asteroidlər stabilləşib. Əvvəl Günəş sistemi yarananda onlar xaotik şəkildə idi və hələ öz yerlərini tutmamışdılar. Qravitasiya qüvvəsi kütləsindən asılı olaraq hər maddəni öz yerinə qoyur və orda da saxlayır. Məsələn, Yer kürəsini öz orbitindən çıxarmaq istəsək, bunu heç cürə bacara bilmərik, eləcə də asteroidləri. Bunu idarə edən irimiqyaslı qüvvələr var ki, onların başında Günəşin kütləsi dayanır. Yer də, asteroidlər də fırlanır. Hərdən onların orbitləri bir-birinə yaxınlaşır. Orbitlər üst-üstə düşsə, əlbəttə, asteroidin yerlə toqquşma ehtimalı var.

-Keçmişdə asteroidlərin Yerlə toqquşması nəticəsində dinozavrların nəslinin kəsildiyi fərz olunur. Toqquşma yenidən baş verərsə, dünyanı hansı təhlükələr gözləyir?

-Böyükölçülü asteroid yerə düşəndə həddən artıq toz kütləsi atmosferə daxil olur və təbəqə əmələ gətirir. Bu təbəqə yerə kosmosdan gələn lazımi şüaları buraxmır. Belə olduqda yerin üzünü buzlaşma örtə bilər. Fərz olunur ki, toqquşmalardan biri dinozavrlar yaşayan vaxtlara təsadüf edir. Dinozavrlar böyük kütləli heyvanlar olduğuna görə buzlaşma onları məhv edib. Buzun altında, okeanda yaşayan canlılar isə həlak olmayıblar. İndi də deyirlər ki, hazırda quruda yaşayan heyvanlar sudan çıxanlardır. Toqquşma yenidən baş versə, bütün bunlar qaçılmazdır.

Lakin kosmos dövründə yaşadığımızı da unutmamalıyıq. Yerin ətrafında çoxlu kosmik aparatlar, teleskoplar var. Onlar çox uzaq nöqtələrdən gələn cismin trayektoriyasını dəqiq hesablaya bilirlər. Hansısa cism yerlə toqquşacaqsa, saatına qədər dəqiqliklə deyirlər. Təhlükə yarandığı təqdirdə Yerə yaxınlaşa biləcək asteroidi lazer şüalarıyla parçalayıb balaca qəlpələrə bölmək mümkündür. İnsan kosmos elminin inkişafı nəticəsində Yeri bu cür təhlükələrdən qoruya bilməyi öyrənib. Hansısa asteroidin dünyada həyatı məhv edəcəyi dövrlər keçmişdə qalıb.

-NASA-nın hazırda ən böyük hədəfi Marsdır. Astrofizik olaraq necə düşünürsünüz, gələcəkdə Marsda həyatın mövcudluğu mümkündürmü?

- Mars maqnit sahəsini itirib. Elə bir səbəb ola bilməz ki, orda maqnit sahəsi yenidən yaransın. Adıçəkilən planetdə həyat üçün şəraitin yaranma ehtimalı sıfıra bərabərdir. Bu səbəbdən Marsda həyatın mövcudluğuna dair yazılar oxuyanda, inanmayın. Ekzoplanetlərin axtarışı isə davam edir. Yerə oxşar planet sistemi tapılsa, bütün nəzər nöqtəmiz ora yönələcək.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları