Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-15 14:23:23
“Evlərə qonaq getməklə valideynlərin məktəbə münasibətini 90 faiz dəyişdik” – Çıxış yolu  

Qələmşah Dostuyev: Valideynlər bunu etməklə ən ağır zərbəni övladlarına vururlar”

Məktəb dövründə sinif yoldaşları və ya müəllimləri ilə problem yaşayan şagirdlər az deyil. Bəziləri belə həssas dönəmlərdə özlərinə qapanır. Depressiyadan yaranan boşluq onları sonradan başqa istiqamətə də yönəldə bilir. Həm bu, həm də başqa səbəblər–xüsusən də ailədə nəzarətin zəifliyi – şagirdi çox keçmədən, təkcə depressiv həyat deyil, o cümlədən, kriminal meyillərə də istiqamətləndirir.

Qeyd olunan aqibətlə üzələşənlərin əksəriyyəti sonradan tamamilə  zəif xarakter kimi formalaşırlar ki, bu da onların gələcək həyatlarına təsirsiz ötüşmür.

Sonra isə illər öncə başlanan problemin günahkarı axtarılır: valideyn, yoxsa, məktəb?

Bu məsələdə orta təhsil müəssisəsinin məsuliyyətini sadalayanlar çox olsa da, məktəb kollektivinin valideyn münasibətindən narazılığı hallarına da az rast gəlinmir.

“Valideynin əsas yanlışlarından biri məktəb və müəllimi şagirdin gözündən salmasıdır”

Quba Rayon Təhsil Şöbəsinin nümayəndəsi Qələmşah Dostuyev də müəllimlik fəaliyyəti dövründə belə hallarla az rastlaşmayıb. İndi isə Təhsil Şöbəsinin nümayəndəsi olduğundan vəziyyəti təfərrüatı ilə görə bilir.

O, məsələ ilə bağlı AzEdu.az-a danışarkən bildirib ki, valideynlərlə iş məktəbin normal fəaliyyəti üçün əsas şərtlərdən biridir, lakin göründüyü qədər asan deyil. Valideynlər təhsil, yaşadığı mühit, dünyagörüşü,psixoloji durum və digər amillərə görə fərqləndiklərindən, hər biri ilə ayrı-ayrılıqda anlaşmaq lazım olur:

“Azərbaycan valideyninin ən böyük yanlışlarından biri məktəb və müəllimi şagirdin gözündən salmasıdır. Dəfələrlə bunun şahidi olmuşam. Şagird evə gəlib şikayətlənsə belə, valideyn səbrli olmalı, müəllimi aşağılayıcı ifadələrə yol verməməli, ən əsası isəməsələnigəlib övladından xəbərsiz aydınlaşdırmalıdır.  O, sinfə girib hay-küy salmaq,şagirdlərin gözü qarşısında yersiz ifadələr işlətməklə ən ağır zərbəni elə öz övladına vurur.

Məktəb və müəllimin  günahkar olduğu hallar da var, bunu inkar etmək olmaz. Məktəbin ən böyük yanlışlardan biri hansısa şagirdə fərqli münasibət, və ya bütün şagirdlərə şablon şəkildə, eyni gözlə baxmaqdır. Onlar arasında fərq qoyulmalıdır. Amma, fərq başqa meyarlardan deyil, şagirdin meyl,maraq və istedadından irəli gəlməlidir ki, təlim  prosesi düzgün təşkil edilə bilsin. Məktəb şagirdlə yanaşı, valideynini də istiqamətləndirməli,ona kömək etməlidir. Amma bu, asan başa gəlmir”.

“Başa düşmürlər ki, belə etməklə ən böyük zərbəni elə öz övladlarına vururlar”

Qələmşah müəllim bir daha qeyd edir ki, valideynin bir mənalı olaraq övladının yanında olması, haqlı-haqsız onu müdafiə etməsi, müəllimi günahlandırması, məktəb və müəllimin  şagirdin gözündən düşməsinə səbəb olur. Belə uşaqlar müəllim haqqında  yeni yalanlar uydurur, təkəbbürlü və  eqoist böyüyürlər:

“Bu, bəzi valideynlərin aşağı təfəkkür sahibi olmasından irəli gəlir. Başa düşmürlər ki, məktəbi uşağa hədəf göstərməklə, ən böyük zərbəni elə öz övladlarına vururlar”.

“Bu, valideyn iclasları ilə çözüləcək problem deyil”

Onun fikrincə, bu məsələnin yalnız bir çıxış yolu var: Məktəblərin valideynlərlə daha effektiv vasitələrlə işləməsi. Çünki bu, yalnız valideyn iclasları ilə çözüləcək problemə oxşamır:

“Məsələn, bir nümunə deyim: 2 il öncə müəllimlərimizdən biri Təhsil Nazirliyinin I  qrant müsabiqəsi çərçivəsində çox maraqlı layihə yazmışdı. Layihənin rəhbəri  FəridəKərimli idi. “Qonağımız müəllimdir” adlı layihənin  mahiyyəti problemli uşaqları xüsusi anonim sorğularla müəyyən etmək və onların evinə müəllimlərinin qonaq getməsindən ibarət idi.Qubanın Qəçrəş kəndində, əvvəldən valideynin razılığını almaqla tətbiq olunurdu. Layihə çərçivəsində özüm də bir neçə dəfə məktəb direktoru və müəllimlə birgə evlərə qonaq getdim”.

Qələmşah müəllim yanlış anlaşılmaması üçün gülərək əlavə edir:

“Bizdə qonaq getmək deyəndə,başqa cür başa düşülür. Bu qonaqlıqda yeyib-içmək söhbəti yox idi.Valideynlərə bu barədə xəbərdarlıq edilir, uzağı, sadə çay süfrəsinə razılıq verilirdi.

Bu görüşlərin müsbət effektiçox oldu. İnanın, məktəbə mənfi münasibətdə olan valideynlərin fikri 90 dərəcə dəyişmişdi.

Yadımdadır, çox yaxşı oxuyan bir neçə qız uşağı vardı. Valideynləri onları dərsə buraxmırdı. Görüşlər zamanı 4 belə qız uşağının təhsilini davam etdirməsinə razılıq aldıq.

Ümumiyyətlə valideynlərin məktəbə münasibətində böyük dəyişiklik oldu. Uşaqların problemləri barədə valideynlərlə birgə müzakirələr apardıq. Belə layihələrin genişləndirilməli, fərqli üsullardan istifadə edilməlidir. Artıq şablon formalardan qaçmağın vaxtıdır”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları