Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-13 18:00:00
Kiyevdəki Azərbaycan dili müəllimi: “Digər millətlərin də bura marağı artacaq”

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov Kiyevə səfəri çərçivəsində Ukrayna Regionlararası İşçiləri İdarəetmə Akademiyasında Kiyev Azərbaycanlıları Konqresinin nəzdində fəaliyyət göstərən Azərbaycan dili məktəbində olub.

Məktəbin Azərbaycan dili müəllimi Atayev Elxan fəaliyyəti haqqında AzEdu.az-a danışıb. O bildirib ki, Ukraynada yaşayan Azərbaycanlıların Birləşmiş Diasporunun təşəbbüsü ilə Kiyev şəhərində xüsusi məktəb açılıb:

 "Məqsəd Ukraynada yaşayan azərbaycanlıları və digər millətləri bura cəlb etməkdir. Hər bazar günləri həvətənlərimiz məktəbin dərslərinə qatılır, Azərbaycan dilini, mədəniyyətini öyrənirlər. Bu məktəb 2018-ci ilin noyabr ayında açılıb”.

 O qeyd edib ki, hazırda qrupda 20-ə yaxın şagird var.

 “Amma davamlı olaraq uşaqların sayı artır. Digər millətlərin nümayəndələri hələlik yoxdur, ukraynalı və azərbaycanlı şagirdlərimiz var. Amma hələlik məktəbimiz yeni olduğundan digər millətlərin nümayəndələrinin də bura marağının artacağını düşünürəm. Gələcəkdə uşaqların sayı artdıqca, bu məktəbləri genişləndirməklə bağlı planlarımız olacaq".

Vüqar İSMAYILOV