Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-11 13:55:00
Gənc alim:“Məni elmə şəhid dayımın kitab üzərindəki qeydləri gətirdi” - MÜSAHİBƏ  

Elm yolunda addımlamaq şərəfli, həm də məsuliyyətli vəzifədir. Bu yola gənc yaşlardan qədəm qoymaq isə, sözün əsl mənasında cəsarət tələb edir.

AzEdu.az Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı, gənc  türkoloq alim Şəbnəm Həsənli (Qəribova) ilə müsahibəni təqdim edir.

Öz dilindən dosye:

“Mən, Şəbnəm Həsənli (Qəribova) 1987-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşam. Orta məktəbi 157 saylı məktəbdə bitirib,yüksək balla  Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Türk dili ixtisasına daxil olmuşam. 2004-2008-ci illərdə aldığım bakalavr təhsilimi “Mirzə Kazım bəy”təqaüdü ilə bitirmişəm. 2008-2010-cu illərdə həmin fakültədə magistr dərəcəsinə yiyələnib, sonradan müəllim kimi fəaliyyətə başlamışam. 2009-cu ildən etibarən AMEA-nın Nəsimi adına  Dilçilik İnstitutunda əvvəlcə Lüğətçilik, sonra isə Türk dilləri şöbəsində  çalışmışam. Hazırda da bu şöbədə fəaliyyətimi davam etdirir, doktorluq mövzusu üzərində işləyirəm. Mövzum isə Orta əsrlər türk dilləri haqqındadır. XIII-XVI əsrlə türk dilindəkielmi üslubu əhatələyir. Bununla yanaşı, dilçiliyin digər sahələrinə aid fərdi araşdırmalar da aparıram.

-Şəbnəm xanım, elmə olan maraq sizdə necə formalaşdı?

-Uşaqlıqdan ziyalı ailəsində böyümüşəm. Evdə 3 uşaq olmuşuq, hər birimiz elmə xüsusi maraq və sevgi ilə yetişdirilmişik. Bizə kitaba olan sevgi uşaq yaşlardan aşılanıb. Oyuncaqlarla vaxt keçirməkdən daha çox kitab oxumaqla asudə vaxtımızı dəyərləndirmişik.

Valideynlərimin məndə oyatdığı bu həvəsi sonradanməktəb müəllimlərim davam etdirib. Universitetdəki müəllimlərim də, mənim elmə yönəlməyimdə böyük rol oynayıblar.

Bir maraqlı faktı qeyd edim: dayım 20 Yanvar şəhididir. O, şəhid olduqdan  sonra anam kitablarını evə gətirdi. Mən də kitaba olan marağımdan dolayı onları oxumaq qərarına gəldim. Sonralar həmin kitabların  içərisindən İsa Hüseynovun “Məşhər” əsərini tapdım. O kitabı oxuyarkən dayımın qeydləri ilə rastlaşdım. Həmin qeydlərdə sözlərin etimaloji mənaları yazılmışdı. Bu da məndə türkologiya və etimalogiyaya olan marağı formalaşdırdı. Həm də bu maraq elə bir zamanda  oyandı ki, mən universitetə qəbul olmaq üçün sənəd verməli idim. Düşündüm ki, ixtisas seçimində ilk olaraq Türkologiyanı yazım və təhsilimi bu istiqamətdə davam etdirim. Elə də etdim.

Elmə olan marağımın digər bir səbəbi, ali təhsilimə yeni başlarkən- 2004-cü ildə- Əsgər Rəsulovun bizə dərs deməsi oldu.Onun keçdiyi mühazirələrdən həvəslənərək, ilk elmi məqaləmi yazdım. Həmin məqalə Mahmud Kaşğarlının “Divani lüğəti türk” əsərinə aid idi.

Elm bəzilərinə maraqlı gəlmir, çətin sahə kimi görünür.Amma mənə elə gəlir ki, elmsiz həyat yoxdu.Hər gün kitab oxuyuram.Elə bir gün yoxdur ki, mütaliə etməyib, maraqlı araşdırmalar araşdırmayım. Elm bir növ,  mənim üçün həyat tərzinə çevrilib.

-Elmə xüsusi sevginiz hiss olunur. Bu  sahəyə gəlmək istəyən gənclərə nə demək istərdiniz?

- Seçdiyin yol nə qədər daşlı-kəsəkli olsada, onun uğrunda mübarizə aparmaq lazımdır. Elm sahəsi bu şərti artıqlaması ilə tələb edir.

Bu gün elmdəki bəzi çatışmazlıq və maaş azlığı gəncləri bu sahədən uzaqlaşdırır. Lakin insan öz seçdiyi və sevdiyi sahəyə doğru getdikdə həmin çətinlikləri görmür.

Mən də, elmə gəldiyimdə burada maaş azlığını, hər şeylə təmin oluna bilməyəcəyimi bilirdim. Lakin maraq və sevgim qalan hər şeyin üstündən xətt çəkdi.Düşündüm, öz istəyimlə nələrsə etsəm, bir gün mütləq nəticəsini görəcəyəm. Məncə, çətinliklə qazanılan hər şeyin dadı da şirin olur. Buna görə də, özüm kimi gənclərə demək istərdim ki, çətinlikdən qaçmayıb,yollarından dönməsinlər. Onlara öz ürəklərinin səsinə qulaq asmalarınıvə istədikləri yolda addımlamaqlarını tövsiyə edirəm.

Dərs keçdiyim tələbələrə bəzən sual verirəm ki, bu ixtisasa istəyərəkmi gəlmisiz? Cavabında onlardan yalnız 1-2 nəfərinin bu ixtisasa istəyərək gəldiyini görürəm. Digərləri isətopladıqları bal bu ixtisasa uyğun gəldiyi üçün burada oxuduqlarınısöyləyirlər. Belə tələbələrdəhəmin ixtisasa maraq olmur. Onlar gələcəkdə bu sahə  üzrə çalışa bilmirlər. Buna görə də hər kəs özünə maraqlı olan ixtisası seçsələr daha yaxşı olar.

Həm də pedaqoq olaraq çalışırsız. Gənc tələbələrinizin elmə və kitaba  olan marağı necədir?

-Bizdə belə bir fikir formalaşıb ki, gənclər çox kitab oxumurlar. Lakin mən sosial şəbəkələrdə olan kitab qruplarındagənclərimizi çox görürəm. Gəncliyin elə təbəqəsi var ki, onlar kitaba çox bağlıdılar və  müxtəlif sahəli kitablar oxuyurlar.

Asudə vaxtı qiymətləndirmək üçün kinoya, teatra da, getmək olar, lakin kitaba olan maraq insanda tamam başqa dünyagörüşü formalaşdırır.

Uşaqlarda kitaba olan meyli məktəb vaxtından aşılamaq lazımdı.Belə olduqda, bu sevgi insanı ömrü boyu tərk etmir. Həmin şəxs da, digərləri ilə müqayisədə dünyagörüşlüvə intellektual olur.

Kitab mağazalarını tez-tez ziyarət edən biri kimi deyə bilərəm ki, gəncləri orada mütəmadi görürəm. Onlar təkcə Azərbaycan dilində deyil, ingiliscə və başqa dillərdə də, kitablar oxuyurlar.

Məncə, kitabla bağlı problem gənclərdə deyil, kitab mağazalarındadır. Onların sayında azalma müşahidə olunur. Əvvəlkilərlə müqayisədə say və keyfiyyəti aşağı düşüb.

Bu gün gənclər daha çox detektiv janrına müraciət edirlər.Digər janrda olan yazılarda çox dəyərlidir, lakin ağır olduqları üçün gənclər  bu tip kitablara bir qədər az müraciət edirlər.

Bədii əsərlər oxumaq çox vacibdir. Çünki onlar insanların dünyagörüşünün formalaşmasında böyük rol oynayır və bədii zövqü formalaşdırır.

Bizdə gənclərin elmə olan laqeydliyinin səbəblərindən biri də  elmi-kütləvi  janrda yazılan əsərlərin az olmasıdır. Çünki bu tip əsərlərin kütləsini məktəbli və universitet tələbələri təşkil edir. Onlarda çılğın zamanlarını yaşadıqları üçün çox ağır bədii əsər oxumaqda çətinlik çəkirlər.

Hazırda kitabxanalarda uşaqlar üçün yazılmış maraqlı elmi ensiklopediyalar var. Onlar uşaqların elmə olan həvəsini artırır. Mən də, tövsiyə edirəm ki, valideynlər uşaqlarına belə əsərlər alsınlar ki, onların elmi təfəkkürü inkişaf etsin.

-Gənc alim kimi hazırda Azərbaycanda olan elmi vəziyyəti necə qiymətləndirirsiz?

-Azərbaycan müstəqillik əldə etdikdən sonra elmin bir çox sahələrində inkişaf özünü göstərdi. Bu tək humanitar sahələri deyil, dəqiq elmləri də. əhatə edirdi.

Elmin inkişafı yönündə bir çox fərmanlar, qərarlar qəbul olunub. Elmin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. İlk dəfə olaraq bu il Azərbaycanda “Elm günü” təsis edildi. Bütün bunlar elmə dövlət qayğısının birbaşa nümunəsidir.

-Sizcə, bu gün  qadınların elmimizdə rolu hansı səviyyədədir?

-Elm Günü ilə bağlı bu yaxınlarda Elmlər Akademiyasında “Gənc qadınlar elmdə” adlı müsabiqəsi elan olundu. Burada 35 yaşa qədər gənc qadınlar iştirak ediblər.Həmin müsabiqədə mən 2-ci yerə layiq görüldüm.

Gənc xanımın elm sahəsində problemləri də çox olur.Onların təkcə iş yerində deyil, həm də evdə və ailədəolan qayğıları da, mövcuddur.Buna görə də xanımların elmdə fəaliyyət göstərə bilməsi daha çətin olur.

-Elm sahəsinin inkişafı ilə bağlı hansı təkliflər edə bilərsiniz?

Mənim təklifim iş adamlarına və cəmiyyət həyatının nüfuzlu insanlarınadır. Bütün dünyada böyük şirkət sahibləri, vəzifəli şəxslər elmə xüsusi diqqət ayırırlar. Məsələn: ABŞ-da informasiya texnologiyaları üzrə böyük nailiyyət qazanmış şəxslər universitetdə oxuyan xüsusi istedadlı şəxslər üçün təqaüd ayırırlar. Sonra həmin şəxslər onları maliyyələşdirən şirkətlərdə işlə təmin olunurlar. Bizdə də, nüfuzlu təbəqə elmə pul ayırsa, o zaman elmi sahə daha çox inkişaf edir.

Buna nümunə olaraq  söyləmək olar ki, SOCAR xüsusi təqaüd verirvə sonra o şəxsləri işlə təmin edir. Lakin bu yalnız bir istiqamətdədi. Digər sahələrdəbu məsələyə dəstək versələr, yaxşı olar. Çünki elmə nə qədər kapital qoysan, bir o qədər çox gəlir əldə edə bilərsən.

Elmi yüksək olan cəmiyyət daha yaxşı inkişaf etmiş cəmiyyətdir. Burada hər bir fərdin öhdəsinə xüsusi vəzifə düşür.

Valideynlərdə öz övladlarının elmli şəkildə yetişdirmək üçün əlindən gələnietməlidirlər.

Həmçinin, elm sahəsinin populyarlaşması üçün lazimi tədbirlər görülməlidir. Buna misal olaraq, məktəblərdə, universitetlərdə elmi laboratoriyalar yaradılmalı və inkişaf etdirilməlidir.

Şükufə Süleymanlı