Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-11 12:25:00
İlk sınaq həyəcanı – REPORTAJ

Bakının Binəqədi rayonu 3 nömrəli tam orta məktəb... Müsahibə gedir... Otaqdan səslər eşidilir - balaca oğlan 3 müəllim qarşısında əyləşib, ona verilən sualları cavablandırır: 

-Как тебя зовут?
+Меня зовут Джозеф.
- Сколько тебе лет?
- Шесть

Yusif digər dildə tədris aparılan bölmədə təhsil almaq üçün, belə demək mümkünsə, mübarizə aparır. Müəllimlər onunla sağollaşandan sonra anasına tərəf qaçır və bir yerdə otaqdan çıxırlar.

Məlumat üçün: Aprelin 1-dən etibarən ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələrinə şagird qəbulu üçün müsahibə komissiyaları öz işinə başlayıb. Belə ki, 2019-2020-ci tədris ilində birinci sinifdə digər dildə tədris aparılan bölmə üzrə oxumaq istəyən uşaqlarla müsahibələrə start verilib. Belə komissiyalar Bakının 12 inzibati rayonu üzrə 9 mərkəzdə təşkil edilib.

Balaca “respondentlər”

“İnanıram ki, övladım müsahibə komissiyası tərəfindən məqbul sayılacaq”.

İmtahandan çıxan Yusifi bir də biz sorğu-suala tuturuq. Deyir, məndən adımı, soyadımı, atamla anamın adlarını soruşdular. Bütün suallara cavab verdim. Çox maraqlı idi.

Yusifdən ona başqa hansı suallar verildiyini soruşanda isə utanıb anasına qısılır... Lakin çox keçmir ki, asta səslə cavab verir:

“Məndən bir də soruşdular... “Immm, цвет некоторых фруктов... Limon sarı, Мандарин оранжевого цвета”.

Yarı azərbaycanca, yarı rusca danışan Yusifin anası Təranə Həşimova bildirir ki, oğlu doğrudan da bütün suallara cavab verib. Onun 6 yaşı yaxın vaxtlarda tamam olub. Cari tədris ilində məktəbəhazırlıq qruplarının digər dildə tədris aparılan bölmədə təhsil alır. Buna görə də, anası ruscanı yaxşı mənimsəyən Yusifin müsahibə komissiyası tərəfindən məqbul hesab ediləcəyinə inanır.

Valideyni bildirir ki, Yusif özünü Azərbaycan dilində də səlis ifadə edə bilir:

“Lakin digər dildə tədris aparılan bölmədə təhsil almasını çox istəyirəm. Düşünürəm ki, əlavə dil bilgisi onun gələcəyi üçün çox önəmlidir. Yaxşı ki, bu cür müsahibələr təşkil edilir, yoxsa rus dilini bilən uşaqlarla bilməyənlərin eyni sinifdə oxuması hər iki qrup üçün çətin olardı”.

Leyla da özünü rus dilində Yusif kimi yaxşı ifadə edə bilir. Yaxınlaşıb Azərbaycanca danışa bilib-bilmədiyini soruşanda belə sualımızı rusca cavablandırır. Görünür, müsahibəyə ciddi hazırlaşıb. Yəqin, elə düşünür ki, məktəb daxilində ona verilən bütün sualları yalnız və yalnız rus dilində cavabdırmalıdı.  Təzəcə müsahibədən çıxsa da, o tərəf-bu tərəfə qaçdığını görüb çox yorulmadığını zənn edib, Leylaya yaxınlaşdıq... Ancaq o, suallarımıza  cavab vermir, əlində konfetini sora-sora bizi cavablaması üçün valideyninə “yönləndirir”.

Anası Emilya Əliyeva müsahibə barədə müşahidələrini bizimlə bölüşür: “Leylaya rus dilini evdə özüm öyrədirəm, həmçinin, müxtəlif əlavə kurslara da yazdırmışam. Məktəbəhazırlığa getməyib. Pedaqoq olduğum üçün buna ehtiyac bilməmişəm. Böyük qızım da məktəbdə digər dildə tədris aparılan bölmədə təhsil alıb. Bu baxımdan, Leylanın da rusca öyrənməsini, bu dildə səlis danışmasını istəyirəm. Müsahibənin ümumi gedişindən razı qaldım, uşağı çox sıxmırdılar. Əsasən, ümumi suallar verilirdi: “hansı peşələri tanıyırsan?”, “hansı oyunları oynayırsan?”, ailə barədə məlumat və s. Qızım bütün suallara cavab verdi. İnanıram ki, müsahibə komissiyası tərəfindən məqbul hesab ediləcək”.

Bir gül ilə bahar olmaz

“Yalnız bir meyar üzrə “müsbət” qiymətləndirilən uşaqların rus dilindən bacarığı yekun olaraq məqbul hesab edilmir”.

Bakı şəhəri 19 nömrəli tam orta məktəbin rus dili müəllimi, komissiya üzvü Həsənova Mehparə qeyd edir ki, müraciət edən uşaqların çoxu digər dildə tədris aparılan bölmədə təhsil ala bilər, yəni, onların əksəriyyəti müsahibədən məqbul alır.

Komissiya üzvünün sözlərinə görə, onlar “sınağa çəkilən uşaqlar”ı çətinə salmır, rus dilindən sadə ünsiyyət bacarıqlarını yoxlayırlar:

“Hər gün səhər saat 09:00-dan etibarən komissiya üzvləri yığışıb müsahibə üçün gələn uşaqları qəbul edirik. Onların rus dilində ünsiyyət bacarıqlarını yoxlayır, ətraf mühitlə bağlı müəyyən suallar veririk. Misal üçün, onların müəyyən rəngləri, heyvanları tanıyıb-tanımadığını müəyyən edir və ailə üzvlərinin işi barədə qısa məlumat vermələrini istəyirik. Beləcə, müsahibəyə gələn uşaqlar bir neçə meyar əsasında qiymətləndirilir. Bu meyarlara -“Dinlədiyini anlayır”, “Ünsiyyət qurur”, “Öz fikrini sadə formada ifadə edə bilir”, “Adətən, söz və ya söz birləşmələrinin tələffüzünü düzgün edir”, “Özü və ailəsi haqqında qısa məlumat verir” - daxildir.  Beş meyar üzrə dəyərləndirmə apararkən uşağın müvafiq meyar üzrə məqbul aldığı xanada “müsbət”, əks halda “mənfi” deyə qeyd edirik. Təəssüf ki, yalnız bir meyar üzrə “müsbət” qiymətləndirilən uşaqların rus dilindən bacarığı yekun olaraq məqbul hesab edilmir”.

Komissiya üzvləri bildirir ki, onlar uşaqların daha əvvəl məktəbəhazırlığa gedib-getmədikləri barədə məlumatlı deyillər. Buna görə də, rus dilini hansı uşaqların – ailədə, yoxsa məktəbəhazırlıqda öyrənənlərin - daha yaxşı mənimsədiklərini müəyyən edə bilmirlər. Gün ərzində təxminən, 50 uşaq qəbul edən komissiya hər uşaq üçün 7 dəqiqə vaxt ayırır. Aprel ayının 1-dən etibarən başlanan müsahibələr ərzində uşaqların çox az qismi digər dildə tədris aparılan bölmədə təhsil almaq üçün məqsədəuyğun hesab edilməyib.

Şans qüsurları, şanssızlıq isə dəyərləri ortaya çıxarır

“Digər dildə tədris aparılan bölmədə təhsil almaq üçün məqsədəuyğun hesab edilməyənlər Azərbaycan bölməsində oxuya bilərlər”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Keyfiyyətə nəzarət sektorunun əməkdaşı Namiq Ağayev Binəqədi rayonu 3 nömrəli tam orta məktəbdə müsahibələrin təşkilinə nəzarət edir.

Mərkəz rəhbəri bildirir ki, səhər 9-da başlayan müsahibə komissiyasının işi axşam saat 5-də yekunlaşır. Ayrılan vaxt ərzində qeydiyyatdan keçən hər kəs komissiya tərəfindən qəbul edilir.

“Müəyyən səbəblərdən yazıldığı tarix üçün üzürlü səbəblərdən müsahibəyə gələ bilməyənlər növbəti dəfə başqa zaman üçün yenidən qeydiyyatdan keçməlidirlər. Aprelin 15-dən gec olmayaraq, həmin şəxslər öz şəxsi səhifələrinə daxil olub növbəti gün üçün müsahibəyə yazılmalıdırlar”, - deyə N.Ağayev vurğulayır.  

Mərkəz rəhbəri əlavə edir ki, aprel ayının 1-dən etibarən başlayan müsahibə komissiyalarının təşkil olunmasında məqsəd tədrisi digər dildə aparılan bölmədə oxumaq istəyən uşaqların həmin dildən şifahi nitq bacarıqlarının yoxlanılmasıdır:

“Müraciət edənlərin özünü sadə formada ifadə etmək bacarıqlarını yoxlayan bu komissiyaların tərkibi 3 peşəkar rus dili müəllimindən ibarətdir. Müsahibə prosesi zamanı videoçəkiliş (səs və görüntü daxil olmaqla) aparılır. Müsahibədə valideynin və yaxud qanuni nümayəndənin iştirakına şərait yaradılır. Müsahibələrin gedişindən narazı qalan valideynlər az olur”.

Müsahibə yekunlaşandan sonra komissiyanın uşaqla bağlı qərarı valideynin qeydiyyatdan keçərkən qeyd etdiyi mobil nömrəyə gün ərzində (axşam saatlarında) SMS vasitəsilə göndərilir. Müsahibənin nəticələri ilə razılaşmayanlar aprelin 15-dən başlayaraq apelyasiyaya müraciət edə bilərlər. Apelyasiyadan da uğurla keçə bilmədiyi halda uşaq Azərbaycan bölməsində təhsilinə başlaya bilər. Həmçinin, müvəffəq olmuş şagirdlər də mayın 1-dən etibarən məktəb və müəllim seçimi edə biləcəklər.

Qeyd edək ki, elektron qeydiyyat mektebeqebul.edu.az portalı vasitəsi ilə həyata keçirilir. Bu portal vasitəsilə qeydiyyatdan keçən valideynlər müvafiq müsahibə komissiyalarına yönləndirilir.