XƏBƏRLƏR

11.04.2019 10:55
Ölkələrin şagird intiharı ilə bağlı apardıqları mübarizə - "Həyata davam" VİDEOSU

Aprelin 4-də Bakı şəhəri 162 saylı məktəbin VIII sinif şagirdi Elina Hacıyeva özünü oxuduğu məktəbin pəncərəsindən aşağı ataraq, intihar edib. 14 yaşlı qızın ölümü media və sosial şəbəkələrdə səs-küyə səbəb oldu. Hadisə ilə bağlı araşdırmalar isə hələ də davam etdirilir.

AzEdu.az bu cür hadisələrin dünya ölkələri ilə müqayisəsini araşdırıb.

Bəs dünya ölkələrində necə? Məktəbli  intiharına tez-tez rast gəlinir? Bunu yaradan səbəblər hansılardır?

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər 40 saniyədə 1 insan intihar edir.Yaşı 15-19 olan gənclər arasında isə intihar ikinci böyük ölüm faktorudur.

Dünya ölkələri ilə müqayisədə Yaponiya, Cənubi və Şimali Koreya, ABŞ və Kanadada insanlar daha çox özünəqəsd edirlər.

Təəccüblü görünsə də, Finlandiyada da 15-19 yaş arası gənclər, yəni, əsasən,  məktəblilər  daha çox intihara meyil edirlər. Baxmayaraq ki, Finlandiyanın təhsil sistemi başqa ölkələr üçün model rolunu oynayır.

Rusiyada da 15-19 yaş arası gənclərin intiharı ölkə üçün ciddi problemə çevrilib.

Azərbaycanda 2010-cu ildə 51, 2011-ci ildə 28, 2012-ci ildə 60, 2013-cü ildə isə 71 uşaq intihar edib. Bu göstəricilər postsovet ölkələri ilə müqayisədə xeyli aşağıdır.

İntihar və özünəqəsdə cəhd əsasən,yeniyetmələrin fiziki dəyişimləri və ictimai təzyiqlərlə bağlı olur.Ruhi xəstəliklər, xüsusilə də, depressiya intiharın səbəblərindəndir.Ölümlə nəticələnən intihar hadisələrinin təxminən, 65 faizi depressiya ilə əlaqəlidir.

Yeniyetmələrə valideynlərin boşanması və ya ayrı yaşaması, yaxın insanın ölümü, fiziki və ya cinsi zorakılıq, xəstəlik, həmyaşıdları tərəfindən ələ salınmaq, depressiyada olan valideyn tərəfindən diqqətsizlik də ciddi təsir edə və onu intihara məruz qoya bilər. 

Mütəxəssislər uşaqlara qarşı davranışlarda xüsusilə ehtiyatlı olmağı tövsiyə edirlər.

Unutmayın ki, intihar edən şəxslərin əsas məqsədi özünü öldürmək yox, üzləşdikləri əzablara son verməkdir.