Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-10 13:49:00
Sual kitabçaları yayılan şagirdlər bu cür müəyyən olunacaq – Qadağaların səbəbləri  

Aprelin 7-də  keçirilən buraxılış imtahanından sonra sualların sosial şəbəkələrdə yayılması geniş müzakirələrə səbəb olub.

Sual kitabçalarının şəkillərini müxtəlif vasitələrlə yayan şagirdlərin imtahan nəticələrinin Dövlət İmtahan Mərkəzi tərəfindən ləğv olunacağı barədə məlumat vermişdik.

Paylaşılan sual kitabçalarındakı QR kodların oxunması vasitəsilə kitabçaların hansı şagirdlərə aid olduğunu tapmaq mümkün olacaq.

Eyni zamanda istiqamətlər üzrə keçirilən imtahanlarda sualların yalnız çətinlik dərəcələrinin eyni olması barədə də bir neçə dəfə rəsmi açıqlama verilib.

Yəni bölgələr üzrə fərqli tarixlərdə keçirilən buraxılış imtahanlarında istifadə olunan suallar bir-birindən tamamilə fərqlənəcək.

Bu zaman abituriyentləri maraqlandıran digər məsələ ortaya çıxır.

Bəs buraxılış imtahanlarında sual kitabçalarının şagirdlərə verilməsi niyə qadağandır?

Dövlət İmtahan Mərkəzindən mövzuyla bağlı AzEdu.az-a bildiriblər ki, imtahanda istifadə olunan tapşırıqlar DİM-in intellektual mülkiyyətidir.

Məlumatda qeyd olunur ki, bu test tapşırıqlarının hazırlanması üçün kifayət qədər vəsait və əmək sərf edilir. Bu imtahanlarda istifadə olunan tapşırıqlardan bir neçə ildən sonra keçirilən digər imtahanlarda da istifadə oluna bilər. Ona görə də sual kitabçaları imtahandan sonra iştirakçılara verilmir.

Bu barədə qurumun rəsmi feysbuk səhifəsinə ünvanlanan suallar dacavablandırılıb.

Test tapşırıqlarının hazırlanması üçün qurum tərəfindən bir sıra tələblər qoyulub və yuxarıda da qeyd olunduğu kimi hər tapşırığa və mətnə görə sual müəllifinə ödəniş olunur.

Xatırladaq ki, aprelin 7-də  Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirilib.

İmtahanda 27.659 şagird iştirak edib.

2019-cu ildə yeni qəbul qaydalarına əsasən, I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq.

Yəni, abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən, ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər. 

Bu mənada aprelin 7-də keçirilən buraxılış imtahanı, eyni zamanda ali məktəblərə qəbul imtahanının I mərhələsi hesab olunur.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları