Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-09 15:28:00
“Tələbənin təqaüdünü öz məvacibimdən verəcəyəm” –İlham Tumasdan örnək addım  

Tanınmış jurnalist, Qarabağ müharibəsi veteranı İlham Tumas Azərbaycan Dillər Universitetinin  yaxşı oxuyan və maddi ehtiyacı olan bir tələbəsinə hər ay 100 manat məbləğində fərdi təqaüd verəcək.

Təqaüd 1992-ci ildə Marquşevan uğrunda gedən döyüşlərdə şəhid olmuş İsayev Nazim Alim oğlunun adına olacaq.

AzEdu.az məsələ ilə bağlı jurnalistin fikirlərini öyrənib:

“Tələbəni Azərbaycan Dillər Universitetinin Tələbə Həmkarlar Komitəsinin keçirdiyi müzakirədə seçəcək. Elə bu ideyanın yaranmasında da, ADU-nun Həmkarlar Komitəsinin rəhbəri Şahin Sərdarlının böyük rolu olub.

Təqaüd bu aydan etibarən, hər ay mütəmadi şəkildə seçilən tələbəyə veriləcək. Təqaüdü öz aldığım məvacibdən ödəyəcəyəm.

Təqaüd mənimlə Qarabağda bir döyüşmüş dostum İsayev Nazimin adını daşıyacaq. O, şəhid olarkən Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin I  kurs tələbəsi idi.

Şəhidlərimizin çoxu xatırlanır, amma, eləsi də olur ki, onlar müəyyən qədər yaddan çıxır, unudulur. Mən də bir dost olaraq Nazimi belə bir xeyirxah məsələdə anmaq istədim.

Elçin Əlibəyli də bu aksiyaya qoşulub. O, Mədəniyyət və İncəsənət Universitetindən bir tələbəyə təqaüd verəcək.

Belə məsələləri ictimailəşdirmək əslində, yaxşı hal deyil. Lakin bu yaxşı nümunədirsə, o zaman geniş kütləyə çatdırmaq lazımdır ki, insanlar bundan örnək alsınlar.

Bəzi insanlar düşünür ki, dövlətimiz onsuz da təqaüd verir. Lakin, bu fikirlə razılaşmıram.  Biz də yaxşılığımızdan qalmamalıyuıq. Kimin imkanı varsa,  kim stabil maaş alırsa, onlar öz imkanları daxilində əl tutsalar, çox yaxşı olar.

Mən hazırda İctimai televiziyada çalışıram və stabil maaş alıram və bu maaşdan bir hissəni tələbənin təhsili üçün ödəyəcəyəm.

Bu, hazırda bir tələbə üçün nəzərdə tutulub. Ümid edirəm, bu məsələ gələcəkdə daha da genişlənər və bir çox insanlar bu aksiyaya dəstək verərlər.

Elmin İnkişafına Dəstək Fondu  təhsilimizin inkişafı üçün əlindən gələni edir, lakin, adi vətəndaşlarda öz yardım əlini uzatmalıdırlar”.


Qeyd edək ki İlham Tumas müxtəlif mətbu orqanlarda - "Avrasiya", "Kino", "Ayna", "Panorama", "Hürriyyət", "Vətəndaş Həmrəyliyi", "Xural", "Ekspress" qəzetlərində çalışıb. 2008-ci ilin martından 2008-in noyabrına qədər "24 Saat" qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Müxtəlif televiziyalarda sənədli filmlər müəllifidir.

Şükufə Süleymanlı