XƏBƏRLƏR

08.04.2019 16:15
Rezidentura imtahanı ilə bağlı ciddi narazılıqlar: “Sualların tibbə aidliyi yox idi”  

Aprelin 7-də rezidenturaya qəbul imtahanlarının I mərhələsi keçirildi. İmtahan zamanı bakalavrlara 2 saat 30 dəqiqə ərzində cavablamaları üçün baza fənlərindən test tapşırıqları təqdim olunub.  İmtahanda 930 namizəd iştirak edib.

İştirakçıların imtahan təəssüratları isə çoxlarına maraqlıdır.

AzEdu.az imtahanın çətinlik dərəcəsini aydınlaşdırmaq məqsədilə iştirakçılar arasında sorğu keçirib.

“İmtahanın belə səviyyədə keçəcəyini gözləməzdim”

Azərbaycan Tibb Universitetinin sonuncu tələbəsi Vəfa Məmmədli sualların o qədər də çətin olmadığını, orta səviyyədə tərtib edildiyini bildirib:

“Amma imtahanda çox diqqətli olmaq lazım idi. Çünki ən asan sualda belə səhv etmək mümkündür.

Həm də bir şeyə fikir verdim: Asan sualları çətinlərə birləşdirmişdilər. Ona görə də asan sualı həll edəndə adama qəribə gəlir ki, bəzi çətin suallardan sonra bu qədər asan test salına bilərmi? Bəzi uşaqlar özlərini elə buna görə itirirlər. Üstəlik, imtahanda sanki vaxt uçur. İstərdim vaxtı heç olmasa yarım saat artırsınlar. Belə olsa, cavab kartını tələsik doldurub səhvə yol vermərik”.

“Elə bil, testləri tərtib edənlər tiblə əlaqəli şəxslər olmayıb”

Onun əksər sualların nevrologiya ilə əlaqəli salınmasını anlaya bilmir:

“İmtahanda tibdə olan əsas mövzular buraxılmışdı. Əksər suallar nevrologiya ilə bağlı idi. Patologiya, Normal Fiziologiya, Mikrobiologiyada o qədər maraqlı və önəmli mövzular var idi ki…Budəfəki imtahanın belə səviyyədə keçəcəyini gözləməzdim. Elə bil, testləri tərtib edənlər tibbə aid şəxslər olmayıb.

Çaşdırıcı suallar çox olmasa da, var idi. Yəqin ki, 40-dan yuxarı bal toplayaram. Amma bu ballaII mərhələni belə keçsəm, hara düşmək olar ki…”

Azərbaycan Tibb Universitetinin digər tələbəsi Ayxan Hüseynov isə sualların o qədər də çətin tərtib edilmədiyini düşünür:

“Düzü, mən bu imtahana hazırlaşmamışdım. Çünki STS-ə(Uzman həkim olmaq istəyənlər üçün Seviyye Tespit Sınavı) hazırlaşıram. Ona görə də Patoloji Anatomiya, Patoloji Fiziologiya mənə çox rahat gəldi. Fiziologiya, Mikrobiologiya və Farmokologiyadan isə bildiklərimi yazdım. Biokimya, Anatomiyadan ümumiyyətlə, xəbərim belə yox idi. Dediyim kimi, mən rezidenturaya hazırlaşmırdım. Amma fikrimcə, çox yox, ikicə ay hazırlaşıb, sonra imtahana gedən tələbələrin rahatlıqla 60 bal toplaya biləcəyi bir imtahan idi”.

“İmtahan 3 saat olsun”

Rezidenturaya qəbul imtahanı ilə bağlı təkliflərinə gəlincə isə Ayxan bəy bildirib ki, imtahanın elə bu tərzdə keçirilməsinin tərəfdarıdır:

“Rəqəmli və səviyyəsiz suallar az idi. Testlər konkret tərtib edilmişdi. Amma yaxşı olardı ki, imtahan 3 saat davam etsin. Çünki çatdırmaq olmur. Bir də açıq sualların olmamasını istərdim. 2 sualı tapırıq,  üçüncünü bilmədiyimizə görə cavab səhv olur”.

“Verilən testlər köhnə və az istifadə olunan dərmanlarla bağlıdır”

Universitetin başqa bir tələbəsi Xaliq Əliyev isə imtahana hazırlamaq üçün gec başladığına görə təəssüf hissi keçirir:

“Son 2 həftəni ciddi hazırlaşmağa başlamışdım. Ümumi götürəndə imtahan çoxda çətin deyildi. Amma mən oxumağa gec başladığım üçün konspektləri tam çatdırıb oxuya bilmədim.Vaxtında hazırlaşmağa başlayan biri ən azı 70-dən yuxarı bal toplaya bilərdi. Sadəcə, dediyim kimi, minimum 2-3 ay vaxt ayırmaq lazımdır”.

O, imtahana köhnə, istifadə olunmayan dərmanlarla bağlı sualların salınmasından narahatdır:

“Baza fənləri konkret biliyəsöykənir, yəni klinik təfəkkürə ehtiyacı yoxdur. Təklifim isə sualların dahada təkmilləşdirilməsi və müasir tipli olması ilə bağlıdır. Məsələn, Farmakologiya daim yenilənsə də, bizə verilən testlərköhnə və az istifadə olunan dərmanlarla bağlıdır”.

“Sual bölgüsü düzgün aparılmayıb”

Aysel Cahangirova isə martın 16-da rezidenturaya qəbul olunmaq istəyənlər üçün təşkil olunan sınaq imtahanında da iştirak edib. Müqayisə apardıqda isə belə nəticəyə gəlib:

“Rezidentura imtahanındakı suallar sınaqdan daha asan tərtib edilmişdi. Narazı olduğum məqam isə sual bölgüsünün düzgün aparılmaması ilə bağlı idi. Sinirlə bağlı daha çox sual salınmışdı. Başqa hərşey qaydasında idi”.

Elvin Ələsgərov də imtahan iştirakçıları arasındadır:

“Fikrimcə, imtahan orta çətinlikdə idi. Ən pisi isə, 2 cavab arasında qaldığım suallar çox oldu. Fənlər arasında Mikrobiologiya daha çətin idi”.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu