Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-08 13:45:00
Respublika finalçısı - “Müəllimlərim məni olimpiadaya hazırlamaqda maraqlı deyillər, səbəbi isə....” - MÜSAHİBƏ  

Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunun qalibləri artıq məlumdur. Nəticələrə əsasən, bu olimpiadanın final mərhələsinə 574 şagird vəsiqə qazanıb. Final mərhələsinin isə mayda keçirilməsi nəzərdə tutulub.

“Şagirdin olimpiadada uğur qazanması üçün ondan öncə müəlliminin buna marağı olmalıdır. Axı, olimpiada qalibləri ilə bərabər, onların müəllimləri də mükafatlandırılır. Bəlkə də, bizim müəllimlər bunu bilmədikləri üçün məni bu yarışa hazırlaşdırmaqda maraqlı deyillər”.

Onlardan biri - Ağstafa rayon Qıraq Kəsəmənli kənd orta məktəbinin XI sinif şagirdi Ülvi Kəsəmənski olimpiada təəssüratlarını belə anladır. İştirak etdiyi müsabiqə onda olimpiadailə yanaşı müəllimləri barədə də geniş, maraqlı təəssürat yaradıb.

Ülvi artıq ikinci dəfədir ki, fənn olimpiadasında Tarix üzrə finala vəsiqə qazanır.İmtahan zamanı ona 50 dəqiqə ərzində həll etmək üçün 30 sual verilsə də, 20-ni cavablayaraq uğur qazana bilib:

“I dəfə final turuna vəsiqə qazansam da, qalib gələ bilmədim. İlk dəfəm idi...Sualların 5-i də açıq tipli idi... Cavablaya bilmədim. Çünki dərslikdə olmayan suallar da var idi.

Bu il də olimpiadaya hazırlaşmaq üçün həmin dərslikləri oxumuşam. Azərbaycan Tarixi və Ümumi Tarix 12 kitabı əhatə edir. Məncə, olimpiadaya hazırlıq üçün  xüsusi kitab yoxdur. Bəlkə də var, mən xəbərsizəm...”

“Bu yarışda tək “döyüşürəm”

Ülvi danışdıqca onda qalibiyyət sevinci ilə bərabər, bir narazılıq da duyulur. Çünki özünün də dediyi kimi o, tək döyüşməli olub:

“Əslində, Tarixi güclü bilməyimə baxmayaraq, olimpiadada yer tutacağıma heç özüm də inanmıram. Ona görə də işim Allaha qalıb... Bəzən məndən olimpiada ilə bağlı məsləhət istəyirlər. Deyirəm ki, mənim özümə məsləhət verən lazımdır. Çünki bu yarışda tək “döyüşürəm”. Nə müəllimlərim, nə də kimsə demir ki, ay Ülvi, filan kitabı oxu, bu yolla hazırlaş”.

“Orta məktəb müəllimi nə bilir, olimpiada sualı nədir?!”

Bir qədər düşünüb davam edir. Bəlkə də təxəyyülündə olimpiadaya hazırlaşmaq üçün kənardan umduğu dəstəyi görməməsinin səbəbini araşdırır. Bəzən onlara haqq qazandırmağa da çalışır:

“Hərdən düşünürəm ki, orta məktəb müəllimi nə bilir, olimpiada sualı nədir? Düzdür, olimpiada üçün biliyi yetərli olan orta məktəb müəllimləri də olur. Amma istənilən halda şagirdin olimpiadada uğur qazanması üçün ondan əvvəl müəlliminin buna marağı olmalıdır. Axı, olimpiada qalibləri ilə bərabər, onların müəllimləri də mükafatlandırılır. Bəlkə də, bizim müəllimlər bunu bilmədikləri üçün məni olimpiadaya hazırlaşdırmaqda maraqlı deyillər.

Bildiyim qədəri ilə bu olimpiadalar da son dövrlər məşhurlaşıb. Bəlkə də, bizim müəllimlərin vaxtında belə şeylər yox idi. Ona görə də olimpiada suallarından o qədər də başları çıxmır. Müəllim öncə özü güclü təhsilə malik olmalı, sonra qalib gəlmək üçün şagirdə dəstək olmalıdır”.

“Heç bir sual açıq tipli olmasın”

Olimpiada suallarının çətinlik səviyyəsi, qiymətləndirilmə üsullarına gəlincə isə cavabı belə olur:

“Suallar çətin olur. Şagirdə verilən bal isə onun cavablarını yoxlayan münsiflər heyətindən asılıdır. Məsələn, keçən il final mərhələsində bir sualıma 10, digər dördünə isə 0 bal verdilər.İstərdim ki, ədalət naminə heç bir sual açıq tipli olmasın. Sualların heç olmasa, yarısı qapalı olsa, final turunda şəffaflıq daha çox təmin olunar. Eşitdiyimə görə, bəzən sualların yoxlanmasında haqsızlıq olur. Düzdür, bunun üçün apelyasiya  yaradırlar. Amma yenə də bu məni qane etmir.

Sualların dünya elmi ilə uzlaşmaması haqda iradlar da eşitmişəm. Həqiqətən də elədir. Suallar çətin salınmalıdır. Amma qapalılara da yer verilmək şərti ilə.

Bilirsiz, əslində, olimpiadalar istedadlı şagirdləri digərlərindən fərqləndirir. Onları uğur əldə etməyə həvəsləndirir, motivasiya edir. Sadəcə, bir az təkmilləşdirilməyə ehtiyacı var”.

Ülvinin fikrincə, olimpiada qalibləri daha çox lisey şagirdləri olur:

“Çünki peşəkar təhsil, peşəkar müəllimlər öz sözünü deyir. O müəllimlər şagirdlərinin yer tutmasında ən azı onun qədər maraqlıdırlar. Lisey müəllimləri daha savadlı, öz üzərində işləmiş, əlavə təhsillidirlər.

Heç şəhər, yoxsa kənd məktəbində oxumağımın da mənim üçün heç bir fərqi yoxdur. Əsas odur ki, müəllim peşəkar olsun. Universiteti şəhərdə oxuyacam. Vaxtın tez keçib getməsini istərdim. Çünki hansısa sahədə çalışıb pul qazanmaqda maraqlıyam”.

Onun ən böyük arzusu isə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olunmaqdır. Gələcəkdə özünü ölkə universitetlərinin birində müəllim, və ya hansısa şirkət işində görür:

“Əvvəl dayımın təsiri ilə polis olmaq istəyirdim. Sadəcə, kiçik bir problem üzündən bu alınmadı. Məni Akademiyaya qəbul etmədilər”.

“Bu məsələdə valideynlərə haqq vermək olar”

Böyüklərin abituriyentlərə bu tərzdə müdaxiləsi ilə bağlı Ülvinin fikirlərini soruşuruq. Cavabı isə belə olur:

“Uşaqları köhnə adət-ənənələrlə deyil, zamanın tələbinə görə böyütməlidirlər. Amma fikrimcə, ailələr də övladlarını yönləndirməkdə haqlıdırlar. Ona  kimsə deməlidir ki, filan ixtisası seçsən, gələcəkdə iş tapa bilməyəcəksən. Valideyn öz övladına istiqamət verməlidir. Bu məsələdə onlara hardasa 50 % haqq vermək olar”.

Ondan finala vəsiqə qazanmasını eşidəndə keçirdiyi hisləri xəbər alırıq. Deyir ki, olimpiadada final turuna keçəndə çox sevinib. Amma ətrafındakılar bunu keçənilki kimi  qarşılamayıblar:

 

“Final turuna keçdiyimi biləndə kaş mənim sevincimi görəydiniz. Feysbuk dostlarımdan xeyli təbrik gəldi. Bütün kənd qalibiyyətimi bildi. Bu il isə təbrik etməyənlər də oldu. Hiss etdim ki, keçənilki kimi sevinmədilər. Çünki eyni şey təkrar baş verəndə o qədər də həyəcanverici, maraqlı olmur. Daha çox və yeni uğurlar qazanmaq lazımdır”.

“Məqsədim III yeri tutub bürünc medal qazanmaq, olimpiadanı tezliklə yekunlaşdırmaqdır. Məndən əsas nəticəni başqa yerdə- qəbul imtahanında gözləyirlər”.

I yerə qətiyyən iddialı olmamasının səbəbini soruşduqda isə belə cavab verir:

“Keçənilki sualları gördük də... Kitabda olmayan, oxumadığım şeylərdən salınmışdı. İstiqamət verən də yox...”

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları