XƏBƏRLƏR

08.04.2019 11:03
Bu şəxslər qəbul imtahanına buraxılmayacaq – DİM-dən XƏBƏRDARLIQ  

Aprelin 7-də  Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirilib.

Məlum olduğu kimi, I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq.

Yəni, abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən, ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər. 

İmtahandan sonra sosial şəbəkələrdə müxtəlif şaiyələr yayılıb. Abituriyentlər iddia edir ki, imtahan bitdikdə sual kitabçası nəzarətçiyə təhvil verilməli olduğu halda, bəzi şagirdlər internetdə imtahana düşən sualları paylaşırlar.

İddialara görə, həmin şagirdlərdən sualları əldə edən bəzi müəllimlər yutub kanalları və ya feysbukda abituriyent qrupları vasitəsilə cavabları və sualların həll yollarını insanlara təqdim edirlər.

İmtahanlar bölgələr üzrə fərqli tarixlərdə keçirildiyindən bu cavablar və həll yolları hələ imtahan verməmiş hər hansı bölgə abituriyentinin, sadə dildə desək, işinə yarayır.

Məsələn, Bakıda imtahan verən şagird sual kitabçasını hər hansı qeyri-qanuni  yolla əldə edibsə, bunu sosial şəbəkədə paylaşaraq və ya sualları müəlliminə ötürərək növbəti günlər ərzində imtahan verəcək şagirdlərə “yardım” etməyə çalışır.

Mövzuyla bağlı DİM-in mövqeyi qəti və sərtdir.

Sektor müdiri Xanlar Xanlarzadə AzEdu.az-a açıqlamasında bildirib ki, buraxılış imtahanlarından sual kitabçalarının çıxarılması qəti şəkildə qadağandır. Onun sözlərinə görə, müxtəlif üsullarla sual kitabçasını imtahandan çıxaran və ya şəklini çəkib internetdə yayan abituriyentlər birmənalı şəkildə cəzalandırılacaq:

“Bu kimi qeyri-qanuni hallar aşkar olunduğu təqdirdə, DİM tərəfindən ciddi tədbir görüləcək. Əgər hər hansı vasitə ilə sual kitabçası imtahandan çıxarılarsa və fakt DİM tərəfindən aşkarlanarsa, həmin şagirdin imtahan nəticələri ləğv olunacaq və onlar qəbul imtahanının II mərhələsinə buraxılmayacaqlar.

Bundan əlavə, müəyyən edilən qaydalara riayət etməyən hər şagirdin nəticələri birmənalı şəkildə ləğv olunacaq"

DİM müxtəlif tarixlərdə  keçirilən buraxılış imtahanlarında istifadə olunan sualların, yalnız çətinlik dərəcələrinin eyni olduğunu da nəzərə çatdırıb. Bu, o deməkdir ki, bölgələr üzrə fərqli tarixlərdə keçirilən buraxılış imtahanlarında istifadə olunan suallar bir-birindən tamamilə fərqlidir.

Qeyd edək ki, dünən keçirilən imtahanda 27.659 şagird iştirak edib.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu