Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-07 12:02:00
Elmi təşkilatların fəaliyyətinin təhlili – Elm və texnologiya statistikası

Elmi təşkilatların fəaliyyətinin kompleks təhlili üçün elm və texnologiya statistikasının birgə öyrənilməsi lazımdır.

Son dövrlərdə fərdi şirkətlər, təsərrüfat sahələri, ölkələr tərəfindən aparılan  nəzəri və empirik tədqiqatlar ənənəvi inkişafın yeni klassik növünə keçilməsinə şərait yaratdı. İqtisadi inkişafın ekzogen dəyişənlərdən (elmtutumlu texnologiyalar) asılı olması sübut edildi. Təbii ehtiyatların tükənməsi, enerji və xammal tutumlu iqtisadiyyatdan elmtutumlu iqtisadiyyata transformasiyanı sübut etdi. İnnovasiyaların tətbiqi iqtisadiyyatın dəyişməsini təmin edir. Yeni növ məhsulların, texnologiyaların, hətta istehsal sahələrinin yaranmasına səbəb olan elmi-texniki tərəqqi yeni iş yerlərinin yaranmasını sürətləndirir, yüksək ixtisaslı işçi qüvvəsinə tələbatı artırır. Qeyd edilməlidir ki, elmi-texniki tərəqqinin ekoloji effekti təbii ehtiyatlardan səmərəli istifadə edilməsini, ətraf mühitə antropogen təsirlərin azaldılmasını, təkrar xammal və tullantılardan istifadə edilməsini təmin edir.

Elmi-texniki tərəqqinin sosial nəticələri də qiymətləndirilməlidir. Məhsulun istehlak xüsusiyyəti yaxşılaşır, əmək və mənzil şəraiti yüksəlir, təhsil və səhiyyə təkmilləşir, əmək qabiliyyətli əhali ictimai əməyə cəlb edilir. Bütün bunlarla yanaşı, elm və innovasiya insan dəlillərinə, həyati dəyərlərə, etik, estetik və hüquqi normalara, sosial partnyorluq və ictimai münasibətlərə, institusional strukturlara, nəhayət, bütövlükdə cəmiyyətin təkamülünə geniş şəkildə təsir göstərmiş olur. Elm yeni ictimai-iqtisadi formasiya-informasiya cəmiyyətinin yaranmasında xüsusi rol oynayır. İnformasiya cəmiyyətində yeni iqtisadi fəaliyyət növü intellektual məhsulun, biliyin istehsal  (toplanması, işlənməsi, saxlanması, ötürülməsi, yayılması) həcmi başqa fəaliyyət növlərinə nisbətən üstünlük təşkil edir. Ona görə də, elmi fəaliyyət növü aşağıdakı kimi təsnif olunur:

M seksiyası. Peşə, Elmi və texniki fəaliyyət

Elmi sferanın strukturu aşağıdakı sektorlardan ibarətdir:

  • ilk növbədə fundamental tədqiqatlara yönəlmiş akademik sektor. Bura Elmlər Akademiyasının elmi-tədqiqat müəssisələri, sahə akademiyaları (kənd təsərrüfatı, tibbi və s.) daxildir;
  • ayrı-ayrı sahələrin maraqlarına müvafiq tətbiqi tədqiqatlar və işləmələr hazırlayan sahə sektoru. Bura ayrı-ayrı idarə və nazirliklərin tabeliyində olan elmi-tədqiqat, layihə, quraşdırma, texnoloji, təcrübə-eksperimental müəssisə və təşkilatlar daxildir. Məsələn, Müdafiə Nazirliyinin tabeliyində olan elmi təşkilatlar, nəinki tətbiqi, eyni zamanda strateji tədqiqatlarla məşğul olur;
  • ali təhsil müəssisələri sektoru. Bu sektorda olan elmi bölmələr, eyni zamanda fundamental və tətbiqi tədqiqatlar aparır;
  • zavod sektoru. Bura sənaye müəssisələri, istehsal birlikləri tabeliyində olan elmi-tədqiqat aparan və işləmələr hazırlayan (elmi-tədqiqat, layihə, konstruktor, texnoloji, təcrübə-eksperimental) bölmələr daxildir. Eyni zamanda avtomatlaşdırma və mexanikləşdirmə, yeni texnikanın tətbiqi, informasiyalaşdırma və s. şöbələr buraya aiddir. Bir qayda olaraq onların vəsaiti müəssisələr tərəfindən maliyyələşdirilir. Elmi təşkilatların mövcud institusional strukturu elmi fəaliyyətin geniş miqyasda tətbiqinə də öz təsirini göstərir. Yəni inkişaf etmiş sənaye ölkələrində elmi fəaliyyətin icma səviyyəsində göstərilməsi, hətta icmalar üzrə innovasiya mərkəzlərinin fəaliyyət göstərməsi tədqiqatların aparılmasına cəmiyyətin bütün üzvlərinin cəlb edilməsini təmin edir. İcmaların innovasiya fəaliyyətinə dair ilkin statistik seçmə müşahidələri elmi fəaliyyətin dinamikasının təhlili üçün mühüm informasiya mənbəyi hesab edilir.

Statistika təcrübəsində elmi, informasiya, digər intellektual fəaliyyətin ayrıca təsnif olunması Milli hesablar sisteminin tələblərindən irəli gəlir. Lakin bəzi tədqiqatçılar qeyd edirlər ki, bu təsnifatlar, nəinki ayrı-ayrı xidmət növlərini nəzərə almır, eyni zamanda bir çox mövqelər üzrə aqreqasiya səviyyəsi aşağıdır. Bu da informasiya cəmiyyətinin iqtisadiyyatının bütöv seqmentinin inkişaf tendensiyasını təhlil etməyə imkan vermir. Bununla yanaşı, elmi fəaliyyətin spesifikliyi nəzərə alınmır, hətta MHS-nin tələbinə müvafiq xidmətlərin qruplaşdırılması əlamətinə diqqət verilmir. Xidmətlər bazar və qeyri-bazar, haqqı ödənilən və ödənilməyən və s. üzrə qruplaşdırılır. 

Elmi xidmətlərin təsnifləşdirilməsi zamanı elmi fəaliyyətin xüsusiyyətləri əsas götürülməlidir. Bu nöqteyi-nəzərdən elmi xidmətlərin qruplaşdırılması prinsipləri dəyişdirilməlidir. Elmi fəaliyyət növlərini aşağıdakı kimi göstərmək olar:

- elm və təhsil;

- elmi-texniki fəaliyyət;

- innovasiya fəaliyyəti;

- intellektual fəaliyyət;

- informasiya texnologiyası sahəsinin xidmətləri;

- informasiya fəaliyyəti, elektron məhsul və xidmətlər sektoru;

- elmtutumlu xidmətlər;

Elm və təhsil. Elmə əsaslanan iqtisadiyyat dedikdə, təbii olaraq ilk növbədə onun elə sektorunu hissələrə bölmək nəzərdə tutulur ki, bu biliklərin mənbəyini təşkil etsin. Biliklərin (məlumatların) istehsalı, saxlanması və yayılması üsuluna görə informasiya texnologiyaları iki qrupa ayrılır:

- kodlaşdırılmış biliklər (xüsusən informasiyalar, məlumatlar). Belə biliklər (məlumatlar, informasiyalar) ötürülmə, yoxlanma və bərpa üçün yararlı vəziyyətə gətirilir. Kodlaşdırılmış informasiyanın təqdim edilmə formatı kompakt və standart şəkildədir. Ona görə də informasiya texnologiyasının əsas funksiyalarının yerinə yetirilməsi təmin olunur və hətta bu funksiyaların yerinə yetirilməsi xərcləri aşağı olur.

- insanların bacarıq və vərdişlərində formallaşdırılmamış bilik. Bu bilik qeyri-aşkar formada mövcuddur. Belə biliklərin toplanması biliklərdən maksimum istifadəni təmin edir və informasiya texnologiyası vasitəsi ilə kodlaşdırılır. Bu daimi təhsil (learning) prosesi ilə həyata keçirilir. Bilik, təcrübə və vərdişlərin daimi təhsil prosesi vasitəsi ilə kodlaşdırılması və vərdişlərin mənimsənilməsi informasiya cəmiyyətinin əsas xarakteristikasıdır. İƏİT (İqtisadi əməkdaşlıq və inkişaf təşkilatlarının) tövsiyələrində bu fəaliyyətin statistik öyrənilməsinə xüsusi fikir verilir. Bu nöqteyi-nəzərdən iqtisadi fəaliyyət növlərinə elm və təhsilin fəaliyyətinin daxil edilməsi zəruridir. Burada həm elmi və həm də empirik biliklərin öyrənilməsi və öyrədilməsindən söhbət gedir. Lakin təkrarlamanın qarşısının alınması üçün müxtəlif növ mütəxəssislərin ixtisas təcrübələri bura daxil edilmir.

Elmi-texniki fəaliyyət. Aparılmış elmi tədqiqatlar və işləmələr onların nəticələrinin praktiki realizasiyası, elmi biliklərin yaradılması və tətbiqi prosesi iqtisadi fəaliyyət növü kimi təsnifləşdirilir. Bu növ fəaliyyətlər elmi-texniki fəaliyyət kateqoriyasına aid edilir. Bura elm və texnikanın bütün sahələrində yaradılan, yayılan və tətbiq edilən fəaliyyət daxildir. Bu anlayış elm və texnika statistikasının baza kateqoriyası hesab edilir.

Elmi-texniki fəaliyyət aşağıdakı üç növə bölünür: 

- elmi tədqiqatlar və işləmələr;

- təhsil və kadrların hazırlanması;

- elmi-texniki xidmətlər.

Təhsil və kadrların hazırlanması dedikdə, daimi olaraq mühəndislərin və tədqiqatçıların hazırlanması başa düşülür. Buraya ali və orta təhsildən sonrakı təhsil daxil edilir. Bu fəaliyyət növü Beynəlxalq təhsil standart təsnifatının (İnternational Standard Classification of Education - İSCED) 5 və 6-cı dərəcələrinə uyğundur.

Elmi-texniki xidmətlər dedikdə,elmi-texniki biliklərin istehsalı (yaradılması), yayılması və tətbiqini həyata keçirən elmi-tədqiqat və işləmələrlə əlaqəli fəaliyyət başa düşülür. Statistik təhlil məqsədləri üçün tədqiqatları və işləmələri ayırmaq lazımdır. Elmi-texniki xidmətlər elmi təşkilatlarda qeyri-əsas fəaliyyət növü kimi təsnif edilir. Bu fəaliyyəti xüsusi şöbə (elmi-texniki informasiya, kitabxana, arxiv, muzey və s.) həyata keçirir. Elmi-texniki xidmət şöbəsi nəinki elmi biliklərin yaradılması və tətbiqi üzrə məlumatları toplayır, eyni zamanda təhlil predmeti olan empirik biliklərin toplanmasını təşkil edir. Elmi-texniki xidmətə aşağıdakı fəaliyyət növləri aiddir:

- elmi-texniki informasiya sahəsində fəaliyyət (məlumatların toplanması, kodlaşdırılması, qeydiyyatı, işlənməsi, göndərilməsi, yayılması və s.) ;

- kitabxanaların, muzeylərin, botanika və zoologiya bağlarının, digər elmi-texniki yığıncaqların (arxeoloji və geoloji və s.) elmi-texniki fəaliyyəti;

- elmi-texniki konfransların və simpoziumların təşkili və aparılması;

- elmi-texniki ədəbiyyatın tərcüməsi, redaktəsi və nəşri;

- topoqrafik, geoloji və hidroqrafik şəkillər, meteoroloji və seysmoloji müşahidələr, torpağın, bitkilərin, balıq və yabanı faunanın inventarizasiyası, torpaq, hava və sudan götürülmüş sınaqlar, radioaktivliyin səviyyəsinə nəzarət;

- əvvəllər hazırlanmış metod və üsullardan istifadə etməklə geoloji kəşfiyyat və axtarışlar;

- iqtisadi, sosial, mədəni və humanitar hadisələrə, ictimai rəyin və bazarın vəziyyətinə dair məlumatın toplanması;

- texniki sınaqlar, standartlar, metrologiya, keyfiyyətə nəzarət, digər işlər;

- elmi-texniki layihələrin hazırlanması üzrə məsləhət verilməsi;

- patent-lisenziya fəaliyyəti.

İnnovasiya fəaliyyəti - bazarın tələbatına uyğun, texnoloji cəhətdən yeni və təkmil məhsul, xidmətin yaradılmasıdır. Bu elmi tədqiqatların  və işləmələrin nəticəsi hesab edilir. Kompleks elmi, texnoloji, təşkilati, maliyyə və kommersiya tədbirlərinin həyata keçirilməsi nəticəsində innovasiya fəaliyyəti təmin edilir. Avropa Statistikasının tövsiyəsinə görə innovasiya fəaliyyətinin təsnifatı aşağıdakı kimi qruplaşdırılır:

-  elmi-tədqiqatlar və işləmələr;

- texnoloji təyinatına görə innovasiyanın tətbiqi zəruri olan maddiləşmiş texnologiyaların, maşın və avadanlıqların (inteqral proqram təminatı da daxil olmaqla), digər əsas fondların  əldə edilməsi;    

- innovasiya tətbiq olunan (realizasiya olunan) maddiləşməmiş texnologiyaların (patent hüququ, ixtiranın, sənaye nümunələrinin və faydalı modellərin istifadəsinə icazə) patentsiz icazələrin, nou-hoy, komplektləşdirilməmiş şəkildə yeni texnologiyaların, həmçinin əmtəə nişanlarının, texnoloji  tərkibli digər xidmətlərin (injinirinq və məsləhətçi) patent formasında əldə edilməsi;

-   innovasiyalı proqram vəsaitlərinin əldə edilməsi;

-   istehsal layihələri, yeni məhsullar (xidmətlər), yeni proseslərin realizasiyası;

-   istehsalın texnoloji hazırlanması və təşkili;

- texnoloji innovasiyaların tətbiqini yerinə yetirən kadrların təhsili, hazırlanması və yenidən hazırlanması;

- yeni məhsulların marketinqi.

İntellektual fəaliyyət  iqtisadi fəaliyyət növləri təsnifatı üzrə aşağıdakı kimi təsnifləşdirilir:

- hesablama texnikası və informasiya texnologiyasının istifadəsi;

- hüquq sahəsində fəaliyyət;

- mühasibat uçotu və auditor sahəsində fəaliyyət;

- bazarın vəziyyətinin tədqiqi və ictimai rəyin öyrənilməsi;

- idarəetmə və kommersiya fəaliyyəti üzrə məsləhətlər;

- memarlıq, mühəndis texniki layihələndirmə sahəsində fəaliyyət;

- texniki sınaqlar, tədqiqatlar və sertifikasiya;

- reklam fəaliyyəti. 

İnformasiya texnologiyası xidmətləri. İnformasiya texnologiyası dedikdə, məlumatların, mətnlərin, şəkillərin, səslərin toplanması, saxlanması, işlənməsi, axtarışı, ötürülməsi, təqdim edilməsində mikroelektronika tətbiq edən texnologiya başa düşülür. Onların baza elementləri aşağıdakılardır:

- mikroelektronika, inteqral sxemlər, yarımkeçiricilər;

- geniş miqyasda tətbiq edilən mallar - kompüterlər, telekommunikasiya avadanlığı, elektron cihazlar;

- bəzi spesifik mallar-televiziya avadanlığı, videotexnika.

Elmtutumlu xidmətlər. Avropa Statistikasında iqtisadi fəaliyyət növlərinə görə elmtutumlu xidmətlər aşağıdakı kimi təsnifləşdirilir:

  1. a) yuxarı səviyyəli elmtutumlu yüksək texnologiyalı xidmətlər:

    - rabitə;

    - kompüterlə əlaqəli fəaliyyət;

    - tədqiqatlar və işləmələr.

  1. b) orta səviyyəli elmtutumlu yüksək texnologiyalı xidmətlər:

    - maliyyə vasitəçiliyi;

   - digər kommersiya fəaliyyəti;

   - səhiyyə və sosial xidmətlər;

   - istirahət, mədəniyyət və idmanın təşkili ilə əlaqədar fəaliyyət.

Statistik müşahidələrin təcrübəsində yüksək texnologiyalı xidmətlərin qruplaşdırılması texnoloji səviyyəyə görə daha da  təkmilləşdirilir. İntellektual fəaliyyət sahəsində məşğulluğun öyrənilməsi üçün yeni biliklərin istehsalına məsrəflərin müəyyən edilməsi mühüm əhəmiyyətə malikdir. Bu zaman müxtəlif məlumat mənbələrindən, birdəfəlik müşahidələrdən istifadə edilir. Aşağıda biliyin istehsalı, yayılması və tətbiqi ilə əlaqəli iqtisadi fəaliyyət növlərinin təsnifatı verilmişdir.

Qeyd: Məqalədə Dövlət Statistika Komitəsinin materiallarından istifadə olunub.