Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-05 17:05:00
Jurnalistlər Təhsil Nazirliyinin cəbhə turunu alqışladılar – “Bunların Azərbaycan maraqlarından xəbəri yoxdur”  

Aprelin 4-də Təhsil  Nazirliyi ilə Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə Füzuli rayonunun Horadiz şəhərində Aprel zəfərinin üçüncü ildönümünə həsr olunan tədbir keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Müdafiə Nazirliyi Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general-mayor Rasim Əliyev, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, millət vəkilləri, hərbçilər, tələbə-könüllülər, şagird və müəllimlər, eyni zamanda, media qurumlarının rəhbərləri, KİV nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları ön xəttə yollanıb, əsgərlərin xidmət şəraiti ilə tanış olublar.

Bəzi saytlarda sözügedən tədbirdə jurnalistlərin iştirakının əhəmiyyətsizliyi ilə bağlı qərəzli məlumatlar əks olunub.

Tədbirə jurnalistlərin aparılması və nazirlik tərəfindən mediaturların təşkili  mətbuatda təhsil eksperti kimi açıqlamalar verən Kamran Əsədov tərəfindən tənqid edilərək belə tədbirlərə sərf olunan vəsait pislənilib.

K.Əsədov eyni zamanda tədbirin reklam xarakteri daşıması barədə də gülünc və həqiqətə sığmayan açıqlamalar verib.

Azərbaycan Jurnalistlər Birliyinin sədri, tanınmış jurnalist Elçin Şıxlı yayılan informasiyalarla bağlı AzEdu.az-a açıqlamasında  mətbuat işçilərinin tədbirlərdə iştirakının vacibliyindən söz açıb:

“Cəbhə bölgəsinə jurnalistlərin aparılması normal dəyərləndirməlidir. Jurnalist ona görə jurnalistdir ki, tədbirdə iştirak edib yazı yazsın. Xüsusilə də cəbhə bölgəsində iştirak vacib məqamdır. Burda heç bir qəbahət görmürəm. Jurnalistə bu tədbirdə iştirakına görə nə vəzifə, nə də pul verilmir. KİV nümayəndəsini tədbirə dəvət edirlər, o da həmin tədbirin nəticələri ilə bağlı yazı yazır”.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun sözlərinə görə, nəinki jurnalistləri, Azərbaycan vətəndaşlarının müəyyən kəsimini də cəbhə xəttinə aparmaq, hərbi hissənin komandirləri ilə görüşdürmək lazımdır:

“Cəbhə bölgəsi başqa Azərbaycandır. Aurası fərqli və gözəldir.Buraya jurnalistlərin aparılması isə ikiqat önəmlidir. Onlar həm canlı yayımlar, həm də reportajlarla Azərbaycanı dünyaya və ölkəmizlə maraqlanan bütün təchizatlara çatdırırlar. Bu bölgələrin işıqlandırılmasında ən böyük fayda Azərbaycanın öz torpaqlarına qayıtmaq üçün yüksək ruhi vəziyyətdə olduğunu insanlara çatdırmaqdır”.

Jurnalist qeyd edib ki,cəbhə xəttində yaşayan insanların vəziyyətinin, əhval-ruhiyyəsinin yaxşı olduğunu da göstərməliyik:

“Dövlət təmas xəttində yaşayan sakinlərini hər cür şəraitlə təmin edir. Oradakı insanlar Bakıdan gələn jurnalistləri, ictimaiyyət nümayəndələrini, dövlət xadimlərini görəndə ruhlanırlar və ürək sözlərini deyə bilirlər. Ortada bu boyda fayda var. Jurnalistlər, dövlət xadimləri ilə, əsgərlərin və yerli sakinlərin qaynayıb-qarışması müşahidə olunur. Kim deyə bilərki, buna ehtiyac yoxdur?! Hesab edirəm ki, bunu deyənlərin Azərbaycan maraqlarından xəbəri yoxdur. Onlar milli maraqların daşıyıcıları deyillər”.

“Kaspi” qəzetinin əməkdaşı Təranə Məhərrəmova vurğulayıb ki, sosial şəbəkələrdə hər görülən yaxşı işə “qulp qoymaq” az qala tendensiyaya çevrilir:

“Hansısa görülən işə birmənalı yanaşmamaq normal haldır, amma qərəz fərqlidir. Bəzən yaxşı işlərə qarşı da qərəz görürük. Nə üçün Aprel zəfərinin qeyd olunması ilə bağlı atılan addımlar, məsələn cəbhə bölgəsinə mediaturların təşkili pislənməlidir? Aprel döyüşlərinin zəfərindən danışırıqsa, bu Zəfər gününün ildönümünü qeyd etməyə haqqımız var. Bu, həm işğal altında olan torpaqlarımızın qayıtması üçün ruh yüksəkliyi, həm gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə dəstək, həm də ən əsası tariximizi unutmamaq anlamına gəlməlidir”.

Təranə Məhərrəmova Təhsil Nazirliyi ilə Müdafiə Nazirliyinin təşkil etdiyi mediaturda iştirak etməkdən qürur duyduğunu bildirib:

“Düşməndən azad edilən yerlərə səfər etməyin, o torpaqlara ayaq basmağın sevincini yaşadım. Biz Qarabağ ətrafında baş verən heç bir hadisəyə laqeyd qala bilmərik. Bu, bizim vətənimiz, tariximizdir. Elə isə postsovet ölkələri nə üçün Böyük Vətən Müharibəsindəki qələbənin ildönümünü hər il qeyd edirlər? Bu cür tarixi hadisələrin üstündən sükutla keçmək olmaz. Torpaqlarımızın azad ediləcəyi tarix, qələbə günümüz qarşıdadır. Ordumuzun ətrafında, o torpaqdan didərgin düşən insanların yanında olmalıyıq. Məncə, Zəfər gününü qeyd edilməsi ilə bağlı atılan addımların müzakirəyə ehtiyacı olmamalıdır”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları