Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-05 16:35:00
Şagirdlərlə qrup halında işin inanılmaz üstünlükləri – Müəllimlər üçün beynəlxalq tövsiyələr  

Orta məktəbdə kurikulumun tətbiqi müəllimlərin tez–tez qruplarla iş metoduna müraciətinə səbəb olub. Təbii ki, qruplarla iş şagirdləri birgə öyrənməyə təşviq edir. Bu metodun məktəblilər arasındakı əlaqələrə, onların sosial bacarıqlarına təsiri danılmazdır. Komanda ilə iş hətta bəzi şagirdlərdə liderlik bacarığını da aşkara çıxarır.

Amma qruplarla işin önəmini müəllimlər dərk etsə də, nədənsə, komanda işi deyəndə sinif bir-birinə qarışır. Bir tərəfdə qruplarla işi düzgün yönəldə bilməyən müəllim, digər tərəfdə isə hər fürsətdə dərsdənkənar söhbətlərə yer verib, bunu macəra kimi qiymətləndirən “fəal”lar, kompleks yaşayan və belə işlərdə sıxılaraq kənarda qalan utancaq şagirdlər… Bu metodun tətbiqi zamanı müəllimin öhdəsinə düşən əsas iş aktiv və passiv şagirdlər arasındakı balansı qorumaqdır.

Belə dərslər zamanı bəzi şagirdlər bütün işi özü gördüyünü zənn edir, bir qismi isə özünü komandadan kənarlaşdırılmışhiss edir. Qruplarla iş belə şagirdlərin motivasiyasını azaldır. Görüləcək işi komandanın gözündə böyüdür və heç bir üzv qrupla işə sahiblənmək, onu idarə etmək istəmir.

Bu zaman şagirdlərin öyrənmək həvəsi ölür, dərs onlar üçün darıxdırıcı olmağa başlayır. Şagirdləri birgə pozitiv işə təşviq etmək, həqiqətən müasir təlimdən yararlanmaq istəyirsizsə, qruplarla işin təşkilinə bir qədər yaradıcı yanaşmaqda fayda var.

AzEdu.az orta məktəb müəllimləri üçün qruplarla işi daha yaxşı təşkil etməyin yollarını təqdim edir:

Qruplarla iş aparırsınızsa, “sinif maksimum sakit olmalıdır” fikrini başınızdan çıxarın. Dərs zamanı şagirdlərin sərbəst müzakirə etməsinə şərait yaradın.

Dərsə başlamazdan əvvəl özünüzə sual verin: Bu mövzu həqiqətənmi qruplarla iş tələb edir? Öncəşagirdlərinizə nəyi öyrətmək istədiyinizəqəti qərar verin və bunun qruplarla işə uyğun bir mövzu olduğuna əmin olun. Dərsi qruplar arasında asanlıqla bölüşdürə bilmirsinizsə, deməli, yanlış metodu seçmisiniz.

Şagirdlərin vəzifə bölgülərini öncədən edin.  Qruplarla düzgün iş xeyli zəhmət tələb edir. Şagirdlərin işi özbaşına necə böləcəklərini gözləməyin. Vəzifə bölgüsünü daha əvvəl etməklə bərabər, hər şagirdə vəzifəsinin öhdəsindən necə gələcəyini izah edin. Bu izahların hər kəs üçün qısa və aydın olması mütləqdir.

Uşaqların birgə işləməkdə maraqlı olması üçün əlinizdən gələni əsirgəməyin.

Şagirdlər vəzifə öhdəliklərini asanlıqla anlaya və yadda saxlaya biləcəyi maraqlı qeydlər hazırlayın.

Onlara işi rollarla izah etməyə çalışın. Hər şagirdə xüsusi öhdəlik verməklə yanaşı, onlara komanda yoldaşını dəstəkləməyi, özünü və komanda yoldaşını ədalətli dəyərləndirməyiöyrədin.

Unutmayın, qruplarla işdə ən önəmli məsələ şagird öhdəliklərinin bir-biri ilə əlaqəli olmasıdır.

Qruplarla işin təşkili müəyyən qədər çətin ola bilər, amma şagirdlərin birgə iş potensiallarını aşkara çıxarmaq üçün əla fürsətdir. Komanda şəklində işləyə bilən şagirdlər fikirlərini daha rahat toplayırlar. Onlar gələcəkdə özünüifadə bacarıqları ilə də yoldaşlarındanfərqlənirlər.

Qruplarla iş zamanı onlayn texnologiyalardan istifadə etmək də faydalıdır. Bu texnologiyalar məktəblilərin daha yaradıcı iş ortaya  qoymasına səbəb olur.  Dərsin vizuallığını artırmaqla bərabər, şagirdi təqdimatahəvəsləndirir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları