Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-04 15:07:00
Universitetdən uzaqlaşdırılan müəllim müraciət ünvanladı - MƏTN  

Azərbaycan Dövlət Pedaqoji Universitetində 7 fevral 2017-ci il tarixində 10 ildən çox müəllim işləyən Vidadi Fərzəli oğlu Hüseynovu heç bir səbəb göstərmədən işdən çıxardığı deyilir.

Bu barədə bir çox media orqanlarında da məlumat yayılıb. 

Vidadi Hüseynovun redaksiyamıza ünvanladığı müraciəti olduğu kimi təqdim edirik: 

“Mən, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) sabiq əməkdaşı, 07.02.2017-ci il tarixində naməlum (məndən o vaxtı ADPU-nun rektoru Cəfər Cəfərov təyinat zamanı özü ilə gətirdiyi insan resursları şöbəsinin müdiri Aftandil Bayramov iki ayrı-ayrı ərizə aldı, biri tutduğum vəzifədən işdən azad olunmağımla bağlı, ikincisi isə struktur dəyişiklikləri ilə bağlı yeni yaradılmış "Təhsilin keyfiyyətinə nəzarət və monitorinq" bölməsinə müdir keçməyimlə əlaqədar. Birinci ərizə ilə məni işdən çıxardılar, ikinci ərizə ortaya çıxmadı. 

Məni işdən bu adla çıxardılar. (Əslində bölmə müdiri keçməyimlə əlaqədar daha əvvəl ərizəm alınmışdı) Sonra isə A.Bayramovun özünü işdən çıxartdıqlarına görə bir daha nə onu görə bildim, nə də kiməsə nəyisə sübut edə bildim). 

Mühasibatlıqdan son hesablaşma da verilmədi.İşdən çıxarılmağımla bağlı kifayət qədər dövlət və hökumət orqanlarına və eləcə də universitetin rektoruna yazılı müraciətlər etmişəm və ya şəxsi görüşlərdə olmuşam. Bu görüşlərimin və müraciətlərimin nəticəsi olaraq Təhsil Nazirliyinin 04.05.2018-ci il tarixli, H-2704/04/0924, ADPU-nun 15.05.2018-ci il tarixli, 07.054/392 nömrəli cavab məktublarında qeyd olunur ki, (surəti əlavə olunur) vakant yer olduğu halda işə götürülə bilərsiniz.

Eyni zamanda,universitet rektorunun təşəbbüsü ilə 12.07.2018-ci il tarixində mənim ev və mobil telefonuma zəng vurularaq 13.07.2018-ci il tarixinə rektorun qəbulunda dəvət olunmuşam və həmin tarixdə rektorun ümumi qəbulunda olmuşam. Cəfər müəllim qəbulda olan hazırki İnsan Resursları şöbəsinin müdiri Qumral xanım Qədimovaya mənim sənədlərimi qəbul etməyini və avqust ayının sonunda 15-ə qədər yer olacağını, müvafiq bir yeri seçməyimə şərait yaratmağını göstəriş verdi. Mən çox böyük sevinclə və arxayınlıqla deyilən müddəti gözlədim, avqust ayında həvəslə universitetə gəldim. Bu gün-sabahlar başladı. 

Onda tədris işləri üzrə prorektor Eldar Aslanovun (rektor məni qəbul edəndə Eldar müəllim iştirak edirdi) qəbuluna getdim. Eldar müəllim mənə dedi ki, səni tanımıram, mənim vaxtımda olmayıb. Ancaq sən get ayrı yerdə iş axtar. 

Bütün bunlar haqqında yenidən Cəfər müəllimə müraciət etməli oldum. Yenə bu gün-sabahlar başladı. 2018-ci ilin dekabr ayının sonlarında Qumral xanım mənim mobil telefonuma zəng açdı və universitetə gəlməyimi dedi. Mən həmən gün Qumral xanımın yanına getdim, çox hörmətlə, nəzakətlə qarşılayıb,  dedi ki, Cəfər müəllim mənə və baş hüquqşünasa səni müvafiq işlə təmin olmağınızı tapşırıb.

Qumral xanım, Zakir müəllim və mənim iştirakım ilə məsləhətləşmələrdən sonra dedilər ilin sonudur, yer heç cür tapa bilmirik və mən də razılaşdım, çünki bir səmimiyyət görürdüm. 

2019-cu ulin yanvar ayında "İnsan və heyvan fiziologiyası" kafedrasının müəllimi rəhmətə getdi, onun dərsləri (II yarım illik) boş qalırdı. Mən bir neçə dəfə əlaqədar adamlara müraciət etdim, çox çətinliklə "Kimya və biologiya" fakültəsinin dekanı, "İnsan və heyvan fiziologiyası" kafedrasının müdirinin imzası ilə həmən müəllimin dərslərini saat hesabı qaydası ilə təqdimat aldım dəftərxanaya təqdim etdim və qeydiyyatdan keçirildi. Amma mənə dedilər ki, həmən saatları Eldar müəllim Fatma müəllimə adlı bir xanım üçün xahiş etmiş, dekanlıq onun ancaq tibb təhsili olduğu üçün məqsədəuyğun saymayıb, həmən Fatma müəllimə də baş mühasibin "adamıdır".

 Mən özüm də şahid oldum ki, baş mühasib həmin müəllim haqqında kafedra müdirindən dəhlizdə bu barədə nəsə soruşdu, sonra bildirdi ki, Eldar müəllim deyir ki, hələ bu iş saxlanılsın. 

Hər kəsin saat hesablı təqdimatı tədris şöbəsinə gəlsə də, mənim təqdimatımı Eldar müəllim hara atdısa, bilən olmadı. Mən  yenidən rektorun qəbuluna düşmək istədim. Katibə xanım dedi ki, biz sizə kağız veririk, siz bunlara qol çəkdirin, çəkdirə bilsəniz yaxınlaşın, qəbula yazılın. 

Gördüm bu qaydada qəbula girə bilmərəm, (rektorun qəbuluna buraxılış vərəqəsini Eldar müəllim də imzalamalı idi) Nazirliyin 146 xidmətinə zəng vurdum və mənim qəbula sağ olsunlar ki, yazdılar. 

05.02.2019-cu il tarixində rektorun qəbulunda oldum. Yenə hamı orada idi. Cəfər müəllimin ilk sözdən əvvəlki səmimiyyəti açıq-aydın göstərməyini görürdüm. Mənim təqdimatım yoxdur, xahişi ilə müraciət etdim. Eldar müəllim dedi ki, məndədir, mən buraxmamışam, çünki Vidadi Hüseynov müəllim kimi işləməyib. Mən dedim ki, bu fəndən 8 il müəllim işləyib və dərs demişəm. Ondan başqa elmi dərəcəsi olanları Eldar müəllim saxlayaraq, əvəzinə təkcə magistratura təhsili olan nə qədər müəllim işə götürmüsünüz. Mənə dolğun heç bir səbəb göstərə bilmədilər.Cəfər müəllim bir bunu dedi ki, mən həmişə burada qalan deyiləm, mən işdən çıxandan sonra gəlib işləyərsən. 

Düşünürəm ki, aşağıda göstərilənlərdən biri mənim işə götürülməməyimə səbəb olub. 

  1. Yəqin bu müddət ərzində Eldar müəllim nəsə umub. Çünki onu da dedilər, sonra bəs necə daimi müəllim keçərsən?
  2. Burada regionçuluq mühüm rol oynayır.
  3. Eldar müəllimin adamı keçmədisə, heç kim keçə bilməz. Məncə ən optimal variant budur.

Bütün bunları araşdırmaqdan ötrü qardaşım yenə də Təhsil Nazirliyinin 146 xidmətinin hesabına 15.02.2019-cu il tarixdə rektorun qəbuluna düşə bildi. Yenə heç bir səbəb, dolayı sözlər, gələcəkdə görək nə olur. Cəfər müəllim dedi ki, Lerikə istirahətə getmişdim (yanvarda), dedilər burada məktəblər bağlıdı, qardaşın təcrübəlidir, getsin Lerikdə işləsin. Nə məntiqlə? 

Rektorun necə məni aldatdığını, Lerik rayon sakinlərinin demək olar ki, əksəriyyətinin məlumatı var. Rəhbərə yaraşmayan mövqe, hərəkəti, dediyi sözün üstündə durmamasımənim və Lerik rayon sakinlərinin hiddətinə səbəb olmuş və bu haqda 25.02.2019-cu il tarixdə 200 nəfərdən artıq sakin cənab Prezidentə və Birinci vitse-prezidentə imzaları ilə müraciət etmək məcburiyyətində qalmışdılar. 

Bildirim ki, mənim atam (rəhmətə gedib) uzun müddət məktəb direktoru işləyib, rayon üzrə tanınmış ziyalı, kənd sovetliyi deputatı olub.Bundan başqa Ulu Öndər Heydər Əliyevin birinci prezident seçkisi dönəmində mərhum atam seçki komissiyasının sədri olub. 

Qardaşlarım da ali təhsilli ziyalıdır, doğulduğumuz kənddə yaşayır və işləyirlər. Özüm də daim Lerik rayonunun və doğulduğum kəndin, eləcə də ətraf kəndlərin bütün xeyir-şər işlərində yaxından iştirak etmişəm, sakinlərin məhəbbətini qazanmışam. 

Hüseynov Vidadi Fərzəli oğlu

04.04.2019 – cu il

QEYD: AzEdu.az qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırdır