XƏBƏRLƏR

04.04.2019 13:08
Alim Qasımovun parta yoldaşı: “Dolanışığı çətin idi, maşınla qatıq-pendir də satıb” - LAYİHƏ  

“Televiziyadan onun səsini eşidəndə 1981-ci ilə qayıdıram. Elə bilirəm, yenə tələbəyik. 40 ilə yaxın vaxt keçib, bu insanda səs dəyişməsi yoxdur. Həmin səs, həmin xarakter...”

AzEdu.az-ın“Sinif yoldaşı” layihəsinin budəfəki qəhrəmanı Xalq artisti, məşhur muğam ifaçısı Alim Qasımovdur. Bu yazıda hər zaman yerdə əyləşərək, əli qulağında muğam ifa edən xanəndənin partada oturduğu vaxtlara –məktəb illərinə qayıdacayıq.

Alim Qasımov haqda “indi burada oturmuşuq, amma mən 1981-i yaşayıram” deyən parta yoldaşı Rövşən Bəşirov danışacaq:

Həmin il... Asəf Zeynallı adına Bakı Musiqi kolleci... O kollec ki, bir sinfindən onlarla məşhur ifaçı çıxıb. Gələcəyin tanınan xanəndəsinin parta arxasında əyləşməsinə şahidlik edib...

Qeyd:

Firuzə İbadova, Gülyaz və Gülyanaq Məmmədovaların bacısı Rəhimə Məmmədova, Mənsum İbrahimov, Aygün Bayramova da həmin kollecdə sinif yoldaşı olublar.

Rövşən Bəşirov həmin kollecə qəbul olunanda 17 yaşı vardı. Amma burada cəmi 1 il oxuya bilir. Hərbi xidmət, əsgərlik həyatı onu bu partalardan ayırmalı olur. Əlindəki qaval,yerini silaha verir... Qazancı isə 1 il mərhum xalq artisti Ağaxan Abdullayevdən dərs almaq, gələcəyin xalq artisti Alim Qasımovla ilə eyni partanı bölüşmək olur:

““Asəf Zeynallı”ya qəbul olunanda çox xoşbəxt idim. Rayondan gələsən, gözünü açasan və gör kimləri yaxından tanıyasan. Bu gün Azərbaycan musiqisini dünyaya tanıdan Alim Qasımov ovaxtlar IV kursda oxusa da, eyni dərsləri alırdıq”.

1984-cü ildə hərbi xidmətdən tərxis olunan Rövşən Bəşirova Ağaxan Abdullayevin sinfində yer olmur. Adil Babayevin sinfini seçmək məcburiyyətində qalsa da, tale onun yolunu Hacıbaba Hüseynovun dərslərindən salır.

“İndi də o səs qulağımdadır”

Rövşən bəy Asəf Zeynallı adına Bakı Musiqi Kollecini qısa olaraq “Asəf Zeynallı”adlandırır. “Asəf Zeynallı” onun ən xoş xatirələrinin uc nöqtəsidir:

“Hərbi xidmətdən gəlib Alimi efirlərdə gördüm. Yadımdadır, artıq kasetləri də vardı. Bir “Segah” oxumuşdu ki, gəl-görəsən... İnanın, 1 ay şokdan çıxa bilmədim. İndi də o səs qulağımdadır. Alimi təbrik edib, üzündən öpdüm. Əvvəl məni tanımadı. Boyum çox uzanmış, əsgərlik məni qismən dəyişmişdi. Belə olacağını bilirdim. Amma çox təəccübləndim ki, bu insan qısa vaxtda bu yerə necə gəlib çıxdı? Onu zirvələrə yüksəldən sözsüz ki, ifası olmuşdu”.

“İstedadlı idi... Amma şansı da gətirdi...”

Rövşən bəy bir qədər düşünüb, əlavə edir. Bəlkə də fikirləşdiyi dəqiqələrdə beynində həmin səsi canlandırırdı:

“Alim çox istedadlı idi. Amma şansı da gətirdi. Onu Bəhram Mansurov kəşf etdi. Bəhram müəllim onu qamarlayıb, irəli çəkdi ki, “sən oxuyacaqsan””.

Bu yerdə bir sual: - Bəs, Alim Qasımov öz gələcəyini necə təsəvvür edirdi? Gələcək xəyallarında Azərbaycanın məşhur xanəndəsini görürdü?

Cavabı-“Düzü, inanmıram ki, o gələcəyini fikirləşsin. Sadəcə, bir möcüzə oldu. Bəlkə də biz ondan bu məşhurluğu gözləyərdik, amma özü heç vaxt.

Elə bilirsiniz ki, o indi özünü böyük insan hesab edir?! Qətiyyən! Ondan qat-qat aşağı oxuyanlar özlərini göylə aparırlar”.

“Atasına dedi ki, burada oxuya bilməyəcəm”

Rövşən müəllim tələbəlik xatirələrini danışarkən tez-tez kollecin yaxınlığındakı məktəbin II mərtəbəsini xatırlayır. Çünki dərsləri orada keçib.

Sinif yoldaşı Alim Qasımovun öz dilindən eşitdiyi xatirələri də dilə gətirir:

“Alim “Asəf Zeynallı”ya qəbul olunanda çaşıb qalıb. Atasına deyib ki, “mən oxuya bilməyəcəm. Rast nədir? Şur nədir?Bilməyəndən sonra mən burada necə oxuyacam?”. Atası isə cavab verib: “Bala, camaata demişəm ki, oğlum instituta qəbul olunub. Çalış, birtəhər oxu”.

Sonra müəllimlər onun istedadını kəşf ediblər. Bu da onun təhsil yolunu açıb”.

8 il sonra üstü açılan “oğurluq”

“Alim Qasımov tələbəlik illərindən də çox zarafatcıl insan idi. Sonradan biz Hacıbaba müəllimin sinfinə gedəndə onu da orada görürdük. Müəllimini çox sevir, onu özünə ustad hesab edirdi.

Alim  Hacıbaba müəllimdən yaxşı mənada “oğurluqlar” edib. Hacıbaba müəllimin maşınına əyləşəndə maqnitofonu aşağı yerləşdirir, müəlliminə muğamın dərinliklərindən sual verirdi. Hacıbaba müəllim də izah edirdi. Bilirsiz, ovaxtlar öyrənmək çox çətin idi. Əlimizdə bu qədər vəsait yox idi.Öyrənməyin bircə yolu vardı: Ustadların hər kəlməsini yaddaşa həkk etmək. Beləcə, Hacıbaba müəllim özü də bilmədən hər şeyi danışır, Alim isə qeyd edirdi. Bununözünü də böyük sənətkarlıqadlandırmaq olar. Nəhayət, Alim Hacıbaba müəllimin 70 illiyində bunun halallığını aldı”.

Rövşən bəy parta yoldaşından danışarkən tez-tez xanəndə Hacıbaba Hüseynovdan söz açır. Məlum olur ki, Hacıbaba Hüseynov Alim Qasımovun ən sevimli müəllimi olub:

“Hacıbaba müəllimi xüsusilə sevirdi. Onunla xeyli zarafatları olurdu. Həmişə gəlib “Asəf  Zeynallı”nın qarşısında dayanar, Hacıbaba müəllim dərsdən çıxan kimi onu evinə aparardı. Bütün əhvalatlar da elə orada olardı.

Alimin heç bir müəllimlə konflikti olmayıb. Efirdə də deyib ki, o müəllimləri özünə ustad hesab edir. Bütün müəllimlər onunla dostluq edirdilər. Təsəvvür edin, Alim özündən 40 yaş böyük müəllimlə dost idi”.

Şirin xatirə - Qorxu

Rövşən bəy 1981-ci ildə tanıdığı insanın portretinin 38 il sonra da dəyişmədiyini vurğulayır:

“Alim çox səmimi adamdır, illər onu dəyişməyib.Sənət aləmində hələ onun kimi səmimisini görməmişəm. Bəlkə, süniliyi heç bacarmırdı da. Şövkət Ələkbərova düz deyirdi: “yaxşı sənətkar pis insan ola bilməz”. Bu gün də onun haqda danışanda düşünürəm ki, görəsən, bu insan nə vaxtsa dəyişəcək?!

Bu insanda lovğalıq yoxdur. Bəlkə də bunu bacarmır. İllərdir, onu görmürəm. Deyirlər, indi də elədir. Alim çox açıqsözlüdür. Bu, onu tanımayanların xətrinə dəyə bilər. Amma tanıyanlar xarakterini bilir. Bizim incikliyimiz olmayıb, ola da bilməz. Çünki o dahidir. Dahilər səhv də desə, üstündən keçmək olar.

Bilirsiz, ovaxtlar düzgünlük, saflıqla bərabər canımızda bir qorxu da vardı. Qorxurduq ki, müəllim bizə artıq söz deyər. Alimin ağzından bir dəfə artıq nəsə eşitmədim.

Sinif yoldaşları ilə də münasibəti çox yaxşı idi. Bu yaxınlarda Stavropoldan bir tələbə yoldaşım mənə zəng vurdu. 33 ildir, görüşmürük. Nömrəmi haradansa tapmışdı. Zəng vurub Alimi xəbər alırdı. Görün, Alim necə hər kəsin yadında qalıb.  Onun heç bir sinif yoldaşı ilə konflikti olmayıb”.

“I yeri Alimə vermək istəmirdilər”

Parta yoldaşının dediyinə görə, bir dəfə Alim Qasımovun müsabiqədə qalib gəlməsinə əngəl də törədiblər:

“1986-cı ildə Cabbar Qaryağdıoğlu adına müsabiqə keçirirdi. Alim orada bir muğam oxudu. İnanın, bugünəcən o mənim qulağımdadır. Amma I yeri Alimə vermək istəmirdilər. Başqa bir xanəndə Cabbar Qaryağdıoğlunun yerlisi olduğuna görə, ona üstünlük verirdilər. Bu vaxt Hacıbaba müəllim dedi: “Cabbar Qaryağdıoğlu bir anlıq başını torpaqdan qaldırıb, Alimin oxumağını dinləsəydi, deyərdi ki, “Alim, heç mən də belə oxumamışam”.

Sonradan Alim özü dedi ki, hə, o adı mən aldım. Bu, onun haqqı idi”.

Alim Qasımov sonradan kolleci bitirib, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olunur. Asəf Zeynallı adına Bakı Musiqi Kollecinin yaxınlığındakıbağda isə keçmiş sinif yoldaşlarına yaxınlaşıb məsləhət verir: “And olsun Allaha, nə varsa, burada var.“Asəf Zeynallı”danmuğayət olun. Oradan bərk yapışın, əl çəkməyin. Bu kollecdən çox şey öyrənə bilərsiniz”.

“Yerdə oturub oxuması da tələbəlik illərinin kəşfi idi”

Rövşən bəy məşhur xanəndənin kollecdə oxuduğu illəri belə təsvir edir:

“Alim çox dünyagörüşlü, nümunəvi tələbə idi. Ovaxtlar yalnız müəllimlərdən öyrənmək mümkün idi. Alimin ustalığı isə onda idi ki, hər kəsdən öyrənməyə çalışırdı. Bacarırdı da...

IV kursda oxuyurdu. Hansısa I kurs tələbəsinin qəzəl yazdığını görsə, dərhal maraqlanır, onun yanında oturub həmin qəzəli öyrənirdi. İndi qəzəl öyrənməyə nə var ki... O vaxt bir qəzəli tapmaq üçü neçə nəfərə xahiş-minnət etməli idin. Güclü hafizəsi vardı. Boş vaxtlarında ancaq qəzəl əzbərləyərdi. Əlində həmişə bir dəftər olardı. Kimdən qəzəl alsa, bura yazardı.Birdə görürdün, küçədən kimsə zümzümə edərək keçir, Alim həmin adamı saxlayır.  Deyir ki, xahiş edirəm, o qəzəli de, mən də yazım.

Onda Alim özü tələbə idi. Bizə nəsə öyrədə bilməzdi. Sinifdə ondan böyük müəllimlər var idi. Amma bu gün onda öyrənməli çox şey var...

Alimin yerdə oturub oxuması da tələbəlik illərinin kəşfi idi. Anlamıram, insan necə 1 saat eyni tərzdə otura bilər”.

Parta yoldaşından 38 il əvvəlki Alim Qasımovun zahiri görkəmini təsvir etməsini xahiş edirik:

“Çox da dəyişməyib. Yadımdadır, çıxıb tez-tez özünə kostyum axtarardı. Deyirdi ki, sabah filan efirdə olacağam. Yaxşı geyinirdi”.

Parta yoldaşı deyir ki, məşhur xanəndənin ailəsi kasıb olduğuna görə,tələbəlik illərindən xeyli çətinliklərlə üzləşib:

“Ovaxtlar onun əziyyətləri də az deyildi. Çünki tez ailə qurub. Hələ bizimlə oxuyanda artıq övladları var idi. Yadımdadır, onda Fərqanə xanım körpə idi. 

Hətta tələbəlik illərində alver edib, maşınla qatıq, pendir satıb. Mən bunları görməsəm də, özü deyib”.

Rövşən Bəşirovun dediyinə görə, ailəsində Alim Qasımovdan başqa musiqiyə meylli insan olmayıb. Onunpeşəkar tarzən olduğunu da dəfələrlə vurğulayır.

“Təəssüf edirəm, bəlkə də laqeydlik etmişəm”

Ondan parta yoldaşının 38 il əvvəlki fotolarını istədikdə isə belə cavab verir:

“Ovaxtlar şəkil çəkdirmək şansı hər vaxt ələ düşməzdi. Ara- sıra toylarda şəkil çəkdirmək imkanımız olardı. Alimin isə heç toyda da şəkli yox idi. Ümumiyyətlə, onun şəkil  çəkdirməyə marağı olmayıb. Bircə dənə kollektiv şəklimiz var. Şanssızlıqdan o şəkildə Alim yoxdur”.

İki sinif yoldaşını birləşdirən Muğam dərsləri idi. Amma illər sonra iş və qayğıların çoxluğundan bu əlaqə kəsilir.

Parta yoldaşı haqda “belə insan gec-gec dünyaya gəlir” deyən Rövşən Bəşirov 1 il məşhur xanəndə ilə eyni partanı bölüşsə də, birgə ifa etmədiyinə təəssüflənir.

“Alimin vaxtı olmur. Çox istərdim ki, nə vaxtsa onunla birgə ifa edim. Təəssüf ki, tələbəlik illərində də bu, qismət olmadı. Dərsdə həmişə ondan sonra oxuyardım. 1 il ünsiyyətdə olmuş, birgə çay içmişik. Bilsəydim ki, o illər sonra belə Alim Qasımov olacaq, vaxtında parta yoldaşımdan yadigar nəsə alar, səsini yazardım. Nə biləydik ki, Alim belə xanəndə kimi yetişəcək. Təəssüf edirəm, bəlkə də laqeydlik etmişəm. 

Özü də həmişə deyir ki, oxuyub nə etmişəm, özüm üçün pul qazanmışam da... O özü də bilmir ki, bu xalq üçün nələr edib..”

Son olaraq parta yoldaşının əlavəsi:

“Alim bu gün də var, sabah da... O, həmişə olacaq. Necə ki, Hacıbaba müəllim bu gün də yaşayır...””

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu